Azərbaycanda fiziki şəxslərin depozitlərinin həcmi 1 dekabr 2022-ci il tarixinə aylıq müqayisədə 0.74% artmaqla 11.34 milyard manat olub.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilir.
Depozitlərin 6.06 mlrd. manatı müddətli, 5.28 mlrd. manatı isə tələbli depozitlər təşkil edib.
Fiziki şəxslərin depozitlərinin müddətli olan hissəsi 1.41% artdığı halda, tələbli olan hissəsi 0.01% kiçilib.
Müddətli depozitlərin 2.37 mlrd. manatı ekv. xarici valyutada olub ki, bu öncəki aydakı göstəricidən (2.34 mlrd. man. ekv.) bir qədər çoxdur.
Tələbli depozitin 2.10 mlrd. manat ekvivalentindən çoxu xarici valyutada olub. Bu bir ay öncə 2.07 mlrd. manat ekv. idi.
Müddətli əmanət –müvafiq müqaviləyə əsasən əvvəlcədən müəyyən edilmiş müddətə gəlirlərin əldə edilməsi məqsədi ilə yerləşmiş əmanət növüdür. Əgər əmanətçi pulu danışılmış müddətdən əvvəl götürmək istəyirsə bank bu işdə ona əngəl olan deyil, amma bu zaman hesablanmış faizlər ləğv oluna bilər. Müddətli əmanətlərdə faiz dərəcələri daha yüksək olur.
Tələbli əmanət –müvafiq müqaviləyə əsasən müştərinin ilk tələbi ilə əmanət məbləğinin tam və ya bir hissəsinin dərhal müştəriyə verilməsini nəzərdə tutan əmanət növüdür. Burada faiz dərəcələri olduqca aşağıdır. Lakin siz istədiyiniz anda heç bir səbəb göstərmədən və yığılmış faizlərdə heç bir itkiyə yol vermədən öz pulunuzu hesabdan götürə bilirsiniz.