13 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanın 30%-i Bakıdadır: “Əhalini Abşerona yığmaq olmaz”

Azərbaycan Milli Elmlər Akademiyası akademik H. Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovun müsahibəsində ölkə əhalisinin paytaxt ətrafına yığılması ilə bağlı açıqlama verib.

Sual: Sizcə, Bakının bu qədər yüklənməsi hansı problemlərə səbəb olacaq?

Zakir Eminov: Ölkə əhalisinin 30 faizindən çoxu Abşeronda məskunlaşıb. Bu, o deməkdir ki, rayonlarda əhalinin xüsusi çəkisi getdikcə azalır. Əhalini Abşerona yığmaq olmaz. Regionların inkişaf etdirilməsi ilə bağlı tədbirlər görülür, amma real nəticələr heç də ürəkaçan deyil. Regionlarda yeni iş yerlərinin açılması lazımdır. İlk növbədə kənd təsərrüfatının inkişafı üçün daha ciddi tədbirlər görülməlidir. Kənd təsərrüfatı ilə məşğul olan fermerlər məhsulun yalnız becərilməsi ilə məşğul olmalıdır. Son vaxtlarda tədarük məntəqələri yaradılıb, amma zəifdir. Məhsulu becərən adam onu satmaq haqqında fikirləşməməlidir. Rayonlarda tədarük məntəqələri, emal müəssisələri yaradılmalı və logistika sahəsində şəbəkələrin sayı artırılmalıdır. Regionlarda əhalinin yaşaması, sosial şəraitin yaxşılaşdırılması istiqamətində daha ciddi addımlar atmaq lazımdır. Ölkənin ümumi sənaye məhsul istehsalının neft sənayesi də nəzərə alınmaqla 80-90 faizə qədəri Abşeronun payına düşür. Abşeron kənd təsərrüfatı ilə məşğul olmaq üçün zəifdir. Kənd təsərrüfatının ümumi daxili məhsulda payı cəmi 5-6 faiz, amma məşğulluqda payı 40 faizdir. Kənd təsərrüfatının əsas problemlərindən biri məhsuldarlığın, satılan məhsulların qiymətinin aşağı olmasıdır. Məsələn, rayonlarda becərilən məhsulu 1 manata alıb, Bakıda 5 manata satırlar. Bazarda satılan kənd təsərrüfatı məhsullarının qiyməti ilə onu becərənin satdığı qiymət arasında çox ciddi fərq var. Belə çıxır ki, kənd təsərrüfatında gəlirin çox hissəsini aralıq mərhələdə olanlar əldə edir, amma məhsulu becərənin gəlirləri azdır. Ölkənin ümumi əhalisi üzrə kənd təsərrüfatından əldə olunan gəlirlər cəmi 16 faizdir, bu, çox aşağı göstəricidir. Yəni, kənd təsərrüfatı ilə məşğul olmaqla ailəni saxlamaq məsələsi problemdir. Həmin şəxsin başqa yerdən gəliri olmalıdır, amma kənd yerlərində bu məsələ problemdir. Qısası odur ki, kənd təsərrüfatında məhsuldarlığın artırılması, yeni heyvan cinslərinin, bitki toxumlarının alınması üçün tədbirlər daha ciddi şəkildə görülməlidir.

APA

Son xəbərlər
Digər xəbərlər