Azərbaycanda depozitlərin fevral ayından etibarən vergi güzəştinin ləğv edilməsindən sonra əhali bir müddət banklarda depozit qoymamağa meylli olsa da, aprel ayında vəziyyət yenidən müsbətə doğru dəyişib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, fiziki şəxslərin banklardakı depozitlərinin həcmi 11 mlrd. 955.4 mln. manata yüksəlib və bu, aylıq müqayisədə 235.9 mln. manat, yaxud 2% artımdır.
Artımı dəstəkləyən əsas amil tələbli depozitlərlə bağlı olsa da, müddətli depozitlərin də həcmi yüksəlib.
Bildirilir ki, müddətli depozitlərin həcmi aylıq müqayisədə 1.02% artaraq 6 mlrd. 376.2 mln. manat, tələbli depozitlər isə 3.16% artaraq 5 mlrd. 579.2 mln. manata yüksəlib.
1 fevrala qədər fiziki şəxslərin müddətli depozitlərinin həcmi 6 mlrd. 336.1 mln. manat idi.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması aprel ayında ilin əvvəlinə nəzərən 2 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 2.4 faiz bəndi azalaraq 37.2% təşkil etmişdir. Müddətli depozitlərin 2 mlrd. 422.3 mln. manat ekvivalenti xarici valyutadadır.
Azərbaycanda hökumət 2016-cı ilin fevralından 2023-cü ilin fevralına qədər 7 il müddətinə depozit bazarını stabil və cəlbedici saxlamaq üçün onları faiz gəlirlərinə düşən gəlir vergisindən azad etmişdi. Yeni qaydaya görə, əvvəlki qaydada depozitlər üzrə gəlir 10%-lik vergiyə cəlb edilir.
Bu, depozit bazarında ümumilikdə faizlərin xərclərinin artması fonunda depozitə marağın azalacağını proqnozlaşdırmışdı, lakin göründüyü kimi, əhali manatın məzənnəsindəki sabitliyə güvənməklə onda depozitlər yerləşdirib, gəlir əldə etməyə davam edirlər. Hazırda ölkədə inflyasiya 13.5%-dir. Ölkə üzrə depozitlərin maksimum gəlirlilik faizi isə 10.7%-i ötmür.
AMB-nin açıqlamasına əsasən Azərbaycanda fiziki şəxslərdən cəlb edilmiş müddətli depozitlərin orta faiz dərəcəsi son bir ayda 9.30%-dən 9.29%-ə düşüb. Bu, ilin əvvəlində hətta 9.31% idi.