“Yevlax rayonu və Mingəçevir şəhərində pilot layihə olaraq, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar həkimlərin maaşının artırılması istiqamətində addımlar atılıb. Həkimlər üçün bonuslar da müəyyənləşdirilib”.
Bunu bu gün “Caspian European Club”-un təşkil etdiyi biznes-forumda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyinin direktoru Zaur Əliyev deyib. Z. Əliyev bildirib ki, fevraldan bu iki bölgədə icbari tibbi sığorta tətbiq olunur və hazırda gündəlik ambulator gəlişlərin sayı 1200-dən 1400-ə qalxıb: “Xəstəxanaların reyestrinin elektronlaşması da vacibdir. Bu proses nə qədər tez başlasa, ölkə üzrə icbari tibbi sığortanı daha da genişləndirə bilərik. Ölkədə mərhələ-mərhələ icbari tibbi sığortanın tətbiqini vacib sayırıq. İcbari tibbi sığorta ilə bağlı gəlirlərə gəlincə, hansı kateqoriya əhali icbari tibbi sığorta ödəməlidir, hansı kateqoriyanın icbari tibbi sığorta haqqını dövlət ödəməlidir, bu məsələ bu il müəyyənləşməlidir. Bununla bağlı sənəd Prezident Administrasiyasına göndərilib. İlin sonunda Milli Məclisdə qanunvericiliyə müvafiq dəyişiklik ediləcəyinə inanırıq”.