“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2023-cü ilin 1 mart tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 400.7 mln. manat, bu ilin yanvar-fevral ayları ərzində isə 24.7 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “Banker.az”a verilən məlumata əsasən, bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 2.4 milyondan çox istifadəçi qeydə alınıb.
“ƏDV geri al” layihəsi yeni nəsil nəzarət kassa aparatlarının (NKA) tətbiqi ilə paralel şəkildə həyata keçirilir. 2022-ci ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19.5 milyard manata yaxın olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27% çoxdur. 2023-cü ilin yanvar-fevral aylarına baxsaq, dövriyyə 3.1 milyard manata yaxındır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19.7% çoxdur.
Digər tərəfdən, nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Nağdsız ödəmələrin stmullaşdırılması məqsədilə nağdsız ödənişlər üzrə geri qaytarılan ƏDV məbləğinin faiz dərəcəsi 15 faizdən 17.5 faizə qədər artırılıb ki. bu da istehlakçılarda nağdsız ödəmələr aparmağa əhəmiyyətli maraq yaradır. Təkcə 2022-ci ildə layihə çərçivəsində nağdsız qaydada alınmış mallara və ya əldə edilmiş xidmətlərə görə istehlakçılara 68.4 milyon manatdan çox ƏDV geri qaytarılıb.