-1 C
Baku
Saturday, December 14, 2024

Ələt İqtisadi Zonasına verilən güzəştlər artırılır

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə daxil olan qanun layihəsində Ələt İqtisadi Azad Zonanın fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar yeni maddələr öz əksini tapıb.

Bu barədə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında komitə sədri Tahir Mirkişili deyib.

İclasda 9 məsələ müzakirəyə çıxarılıb. Əvvəlcə, “Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə birinci oxunuşda baxılıb.

Komitə sədri Ələt İqtisadi Zonasının açılışı zamanı dövlət başçısının zonanın gələcək inkişaf fəaliyyəti, investorların cəlb olunması üçün görüləcək işlər, qanunvericiliklə bağlı qarşıda duran tələblər barədə verdiyi tövsiyələrdən bəhs edib.

O qeyd edib ki, bu gün Qərblə Şərq arasında ticarət əlaqələrinin genişlənməsində Azərbaycanın rolu artmaqdadır: “Bu yeni əlaqələrin inkişafında Ələt İqtisadi Zonası da əhəmiyyətli yer tutur. Bildirilib ki, aparılan təhlillər nəticəsində əsas məsələ ondan ibarət olub ki, Azərbaycan müəssisələri və Ələt İqtisadi Zonasında fəaliyyət göstərən xarici ölkələrin müəssisələri üçün bərabər şəraitin yaradılmasını özündə ehtiva edən dəyişikliklərə ehtiyac yaranıb. Bu və digər məqamları nəzərə alaraq mövcud qanuna bir sıra dəyişikliklərin edilməsi təklif olunur”.

Diqqətə çatdırılıb ki, təqdim olunan qanun layihəsi Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin və bu sahədə qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanıb və Zonanın səlahiyyətli qurumunun səlahiyyətlərində, onun hüquq və vəzifələrində, Azad zonada vergi və gömrük tənzimləməsində, investorların hüquqlarının qorunmasında və mübahisələrin həlli mexanizmlərində müvafiq təkmilləşdirmələri nəzərdə tutur.

Dəyişikliklərdə Azad Zonada vergi tənzimlənməsinin dəqiqliyini təmin etmək, güzəşt və azadolmaların hədlərini və səmərəliyini artırmaq üçün “əsas iqtisadiyyatın vergi ödəyicisi” anlayışının daxil edilməsi, 4-cü maddənin adının “Azad Zonada tətbiq edilən əsas iqtisadiyyat qanunvericiliyi” olaraq dəyişdirilməsi və Azad zonada tətbiq ediləcək əsas iqtisadiyyat qanunvericiliyi sırasına Azərbaycan Respublikasının cinayət yolu əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə qanunvericiliyinin əlavə edilməsi təklif olunur. Layihədə, həmçinin Azad zona səlahiyyətli qurumunun fəaliyyətinin səmərəliyinin təmin edilməsi üçün hüquqlarının genişləndirilməsi, vergitutma məsələlərinin dəqiqləşdirilməsi, maliyyə xidmətləri göstərildikdə əsas iqtisadiyyatın qanunvericiliyinin tətbiq edilməsi, gömrük münasibətlərində yarana biləcək ziddiyyətlərin aradan qaldırılması ilə bağlı məsələlər öz əksini tapıb.

Bununla yanaşı, sənəddə Azad zonaya investisiya qoymaq və zonadakı fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini xaricə köçürmək hüququ, habelə xarici valyuta ilə işləmək və əməliyyatlar aparmaq hüququ olan şəxslərin dairəsi dəqiqləşdirilir, mübahisələrin həlli ilə bağlı müddəalarda bəzi düzəlişlər aparılıb.

Qanuna edilən düzəlişlərin əsas mahiyyəti Azad zona ilə Azərbaycanın əsas iqtisadiyyatının vergi ödəyiciləri arasında münasibətlərin tənzimlənməsi, vergiqoyma və vergitutmada həmin müəssisələrin digər ölkələrdən olan müəssisələrlə rəqabətdə uduzmaması, gömrük məsələlərində rəsmiləşdirmənin daha rahat olması və Azad zonanın dünyanın istənilən bir ölkəsi ilə rahat formada ticarət əlaqələrinin qurması ilə bağlı məsələlərin həlli ilə əlaqədardır.

İclasda iştirak edən Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov sıxış edərək bildirib ki, qanuna təklif olunan əlavə və dəyişikliklər Azərbaycan müəssisələri üçün çox əhəmiyyətlidir. O, Azərbaycan məhsullarına, xidmətlərinə tələbatın artırılması baxımından dəyişikliklərin vacibliyindən danışıb. Qeyd edib ki, məqsəd Azərbaycan müəssisələri üçün yeni imkanlar yaratmaqdan ibarətdir.

V. Ələsgərov öz çıxışında, habelə İqtisadi zonada investorların cəlb olunması üçün münbit şəraitini yaradılmasından bəhs edib. Bu istiqamətdə Azad zonanın fəaliyyəti ilə bağlı mükəmməl normativ hüququ bazanın olduğunu söyləyib. Azad zonada tətbiq olunan daxili qaydalardan danışıb.

Qanun layihəsi ətrafında aparılan müzakirələrdə çıxış edən komitə sədrinin müavini Əli Məsimli, deputatlardan Qüdrət Həsənquliyev, Elnur Allahverdiyev, Razi Nurullayev, Fazil Mustafa, Vüqar Bayramov, Mahir Abbaszadə, Aydın Hüseynov dəyişiklikləri müsbət qiymətləndiriblər, qanun layihəsinin ümumilikdə ölkə iqtisadiyyatının inkişafına xidmət edəcəyini söyləyiblər. Millət vəkilləri bəzi qeyd və təkliflərini də diqqətə çatdırıblar.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva səsləndirilən fikirlərə münasibət bildiriblər, deputatların toxunduğu bəzi məqamlara aydınlıq gətiriblər, onların sualları ətraflı cavablandırıblar.

Müzakirələrin sonunda “Ələt azad iqtisadi zonası haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

 

Son xəbərlər
Digər xəbərlər