16 C
Baku
Friday, April 19, 2024

Əlavə pul kütləsi: risklər və nəticələr  

Öncəki televiziya çıxışlarımda (internetdə və sosial şəbəkə hesabımda tapa bilərsiniz) buraxılan əlavə pul kütləsinin hansı hallarda iqtisadi artıma, hansı hallarda inflyasiyaya səbəb olacağı ilə bağlı fikirlərimi bölüşmüşdüm. Bir cümlə ilə ümumiləşdirsəm: bir ölkədə əlavə pul kütləsi həmin ölkənin sonrakı iqtisadi inkişaf dinamikası ilə düz mütənasib olarsa, paralel olarsa, bu iqtisadi inkişafa səbəb olar, belə olmazsa buraxılan əlavə pul kütləsi əvvəl-axır inflyasiya təzyiqi yaradar. Burada buraxılan əlavə pul kütləsinin hansı sürət (pulun dövretmə sürəti) və effektlə cari hesablarda, bank depozitlərində, kredit verilişlərində (M1, M2, M3), investisiyaların həcmində oynadığı rol və digər mürəkkəb amillər də monetar siyasətdə başlıca faktorlardandır. Geniş mövzudur. Bir neçə il öncə verilişlərin birində hansı pul kütləsinin hansı pul kütləsinə nisbətinin əslində iqtisadiyyatda nələrin göstəricisi olmasını da qeyd etmişdim. Bu səbəbdən təkrara yol vermək istəməzdim. Cəmi 2 məsələni qeyd edim. Məsələn, bir ölkədə M3-ün M1-ə nisbəti, ÜDM həcmi və pulun dövretmə sürəti göstəriciləri əsasında həmin ölkədə kölgə iqtisadiyyatının həcmini təxmin etmək mümkündür. 2016-cı ilin əvvəlində beynəlxalq forumlardan birində Azərbaycan iqtisadiyyatına 20 milyard manata qədər investisiyanın tələb olunduğunu da ölkədə daxili kreditləşmənin həcmi, ÜDM, M pul kütlələrinin təhlili əsasında qeyd etmişdim. Qısası, pul kütləsi və göstəriciləri əslində bir çox məsələlərin həlli üçün düşündüyümüzdən daha əhəmiyyətli, dərin və genişdir.

Mövzuya qayıdaq. Deməli, əlavə pul kütləsi iqtisadi artımla düz mütənasib olmasa, buraxılan əlavə pul inflyasiya təzyiqi yaradar. O halda sual olunur: nə üçün hazırda iqtisadi fəallığın azaldığı bir vaxtda FED (ABŞ Federal Ehtiyatlar Sistemi) və ECB (Avropa Mərkəz Bankı) əlavə pul kütləsi emissiya edir? ECB-nin 2020-ci il ərzində balansının təqribən 2 trilyon AVRO artacağı gözlənilsə də FED-in balansının 13 iyul tarixinə 6.96 trilyon dollar olduğunu görürük. (keçən ilin müvafiq dövrünə nisbətən 2 dəfədən çox artmışdır). İl sonuna bu rəqəmin 9.4 trilyon dollara çatacağı proqnozlaşdırılır. Öncəki yazımda qeyd etdiyim kimi, BMT-nin baş katibi Antonio Guterres də hər bir ölkənin ÜDM-sinin 10%-i həcmində pul emissiya etməsini tövsiyə etmişdi. Deməli, sual çox vacib və aktualdır. Əslində bu sualın cavabı və baş verənlər bir çox mətləblərə aydınlıq gətirir. Əvvəla, doğrudan da hadisələr qısa müddətli deyil, həm də çox ciddidir. Sualı bir daha başqa cür qoyaq: İqtisadi fəallıq, alıcılıq qabiliyyəti aşağı düşür, xidmət sektorlarının aktivliyi 50, 60, bəzi sahələrdə (məsələn, aviasiya sahəsində) isə 80%-dən çox aşağı düşür, amma əlavə pul kütləsi buraxılır və bu pul kütləsi də inflyasiyaya səbəb olmur. Paradoks deyilmi? Görüntü olaraq bəli, amma dərinə getsək xeyr. Suala cavab tapdıqca hadisələrin (monetar sahədə) bundan sonrakı gedişatı ilə bağlı təsəvvür yarana bilər. Deməli, mart, aprel aylarında dünyanın əksər ölkələrində ən aşağı inflyasiya göstəricilərinin şahidi olduq. İyunda iqtisadi aktivlik artdıqca inflyasiya nisbətən artmağa başladı. Amma, inflyasiya göstəriciləri demək olar ki, bütün inkişaf etmiş və etməkdə olan ölkələrdə (yoxsulluq həddində olan 3-cü dünya ölkələrinin bir çoxu xaric) hədəflənən illik inflyasiya göstəricisinə çatmır. Buraxılan əlavə pul kütləsi isə müqayisə etdikdə nəinki artımın, azalmanın şahidi oluruq. Deməli, pul kütləsi inflyasiyaya birbaşa təsir göstərən amildir, amma yeganə amil deyildir. Nə üçün iqtisadi aktivliyin kəskin şəkildə aşağı düşdüyü bu dövrdə əlavə pul kütləsinə ehtiyac duyulur? Səbəblərdən biri budur ki, investisiya həcmini artırmaq, fond bazarını kəskin enişdən qorumaq vacibdir. Amma, əsas səbəb deyildir. Əsas səbəb budur ki, iqtisadi fəallıq zəiflədikdə pul dövriyyəsi də zəifləyir. ÜDM-nin hesablanmasında ən çox istifadə olunan forma xərc metodudur. Yəni, ÜDM = İ (istehlak) + H(x) (hökumət xərcləmələri) + İ (investisiyalar) + Xİ (xalis ixrac (ixrac-idxal). Pandemiya (karantin) dövründə istehlak, investisiyalar aşağı düşür. Xalis ixracın həcmi ölkədən ölkəyə dəyişir. Konkret olaraq, neftin qiymətinin düşməsi ilə əlaqədar ölkəmizdə də kəskin azalmanın şahidi olduq. Deməli, ÜDM-nin kəskin azalmasının qarşısını almaq üçün hökumət xərcləmələrinin azaldılmaması, əksinə daha çox layihənin daha səmərəli həyata keçirilməsi gündəmə gəlir. Və ən vacib məsələ. İş yerlərinin bağlanmasının qarşısının alınması. Bu məsələ isə istehlakın və rifahın heç olmasa müəyyən həddə saxlanmasında böyük rol oynayır. Ona görə də, həm ölkəmiz, həm də bütün dünya ölkələri bu amilə ciddi diqqət yetirir. Dövlət sektorunda iş yerlərinin saxlanması dövlətin birbaşa özündən asılı olduğu üçün burada problem nisbətən azdır. Amma, özəl sektorda iş yerlərinin saxlanılması üçün dövlətin dəstəyi vacibdir ki, bu istiqamətlərdə də addımlar atılır. Məhz bu qeyd etdiyim 2 amil, dövlət xərcləmələrinin artırılması və iş yerlərinin saxlanılması iqtisadiyyatda pul kütləsinin dövriyyəsini saxlayan əsas amillərə çevrilir. Bu amillər də zəifləsə, pul dövriyyəsinin kəsintisi baş verə bilər ki, bu da iqtisadi kataklizmdir. Çünki, digər amillər kəskin zəifləyib. Yəni, bu gün aparılan iqtisadi siyasətlər təsadüfi və ya populist yanaşmanın deyil, ciddi elmi yanaşma və iqtisadi gerçəkliyin tələbidir. Dəstəklənməsi və davam etdirilməsi əlbəttə vacibdir. İqtisadiyyatda pul dövriyyəsinin azalması müəyyən müddətdən sonra öz-özünü sürətləndirən mənfi amilə çevrilir və ciddi tədbirlər olmadıqda böhranlara səbəb olur. Bəs hazırda iqtisadiyyatlara inyeksiya olunan əlavə pul kütlələri nəyə xidmət edir?  Maksimum sadə dillə izah etməyə çalışacam. Biz yuxarıda ÜDM-nin hesablanmasında xərc metodunu, başqa sözlə ÜDM-nin tərkib hissələrini gördük.

Ümumiyyətlə, ÜDM nədir?

1 il ərzində ölkədə istehsal olunan bütün mal və xidmətlərin məcmu bazar qiymətidir. Mən ÜDM-nin formalaşmasında yığım, depozit, daxili maliyyələşmə, M pul kütlələrinin rolu haqqında danışıb hörmətli oxucuları yormayacam. Uzun və mürəkkəb proses olar. Sadələşdirib belə qeyd etmək olar: məsələn, ölkənin ÜDM-si 81 milyard manatdır. Ölkədə M0 pul kütləsi 9 milyarddır (burada da ÜDM formalaşmasında M2 və M3-ün rolu və digər faktorlar böyükdür. Lakin, bu məsələlərə toxunsaq bu yazı geniş oxucu kütləsi üçün nəzərdə tutulmayan elmi məqaləyə çevrilər). 1 il ərzində 81 milyardın formalaşması üçün bu 9 milyard 9 dəfə dövr etməlidir. Bu pulun dövretmə sürəti adlanır. Əslində pulun dövretmə sürəti 2-3 arasındadır. Çünki, verilən kreditlər də əlavə pul yaradır, investisiyalar da. Amma, sadə olması üçün zənn edək ki, kredit və investisiyalar 0-dır. (həqiqətdə də pandemiya zamanı hər ikisi kəskin zəifləyir). Beləliklə, pandemiya dövründə iqtisadi aktivlik aşağı düşdüyü üçün bu 9 milyardın dövretmə sürəti aşağı düşür. Kəskin şəkildə. İstehlak əsasən yalnız ərzaq sahəsində qalır. Digər sahələrdə isə 50-90% azalma görürük. Əgər 9 milyard manatın dövriyyəsi aşağı düşürsə nə baş verir? ÜDM-nin kəskin enişi, iqtisadi münasibətlərin pozulması. O səbəbdən FED mart ayının əvvələrindəki bəyanatında nə demişdi? Biz nə qədər lazım olacaqsa, o qədər əlavə pul buraxacağıq. Niyə hədd qoymamışdı? Çünki, iqtisadi fəallığın azalma həddi və müddəti naməlum idi. Bunu öncədən ölçmək mümkün deyil. Nağd pulu təkcə fond birjalarında səhmlərin alışı üçün buraxsaydılar, bu qədər əlavə pul çapına ehtiyac olmazdı. Bir məsələni də qeyd edək ki, iqtisadiyyatda izafi pul kütləsi nə qədər təhlükəlidirsə, pul çatışmazlığı da bir o qədər təhlükəlidir. İnflyasiya və pul kütləsi qan təzyiqi kimidir. Aşağısı da zərərlidir, yuxarısı da. Hər ikisi ölümə aparar, amma fərqli simptomlarla.

Dünyanın rezerv valyutalarına sahib olan dövlətlər üçün pul çapı rahatdır. Amma, Azərbaycan kimi digər ölkələrdə bu o qədər də asan məsələ deyil. Çünki, əlavə pul çapı indiki şəraitdə inflyasiya təzyiqi yaratmasa da valyutanın kursuna təzyiq yaradır. Digər tərəfdən isə həm istehlakı, həm iqtisadi fəallığı, həm də borc münasibətlərini tənzimləyən əlavə pul kütləsi (burada söhbət təkcə pul çapından getmir, dövriyyədən kənarda olan nağd pul kütləsinin dövriyyə buraxılmasından gedir) hansı şərtlər altında buraxıla bilər? Obyektiv statistik rəqəmlər və göstəricilərə əsaslanan ciddi ölçmə və analiz tələb edən məsələdir. Məhz qeyd etdiyim bu amillər səbəbindən inkişaf etməkdə olan dövlətlər pul emissiyasına getmirlər. Nəticədə istehlak və investisiyaları dəstəkləmək üçün faiz dərəcələrini azaldırlar. Məsələn, Rusiya hazırda tarixinin ən aşağı faiz dərəcələrinə sahibdir. Lakin, unutmayaq. Hər bir ölkənin müəyyən müxtəlif faiz dərəcələrini həzm etmək qabiliyyəti, imkanı, potensialı var. Məsələn, 10% faiz dərəcəsi ABŞ iqtisadiyyatını çökdürər, 0% faiz dərəcəsi də inkişaf etməkdə olan iqtisadiyyatlara malik ölkələri çökdürər. Bütün bu mürəkkəb məsələləri həll etmək üçün növbəti 10 il ərzində Mərkəzi Banklardan daha çox çeviklik və peşəkarlıq tələb olunacaq. Çünki, dövriyyədə olan əlavə pul kütləsinin iqtisadi fəallıq artdıqca (A variantı) cilovlanması və tənzimlənməsi tələb olunur. Və yaxud (B variantı) inflyasiyanın nisbətən artırılaraq nəzarət altından saxlanılması ilə borc münasibətlərinin tənzimlənməsi əsas amil olacaq. Burada daha riskli, amma yırtıcı xarakterə malik olan C variantı da mövcuddur. Bu da yeni iqtisadi düzənin tələblərinə cavab verəcək monetar siyasət formalaşdırmaqdır.

Nəticə etibarilə, düşünürəm ki, hazırda ölkəmiz də daxil olmaqla, bir çox ölkələrin həyata keçirdikləri iqtisadi tədbirlərin təsadüfi deyil, vacib və həyati əhəmiyyət daşıdığına, azalan iqtisadi aktivlik fonunda buraxılan əlavə pul kütləsinin vacibliyi və əhəmiyyətinə, roluna müəyyən dərəcədə aydınlıq gətirdik. Oxucuları yormaması üçün burada nöqtə qoymaq istərdim. Növbəti yazıda mövzunu davam etdirərək aşağıdakı suallara aydınlıq gətirəcəyik:

  • iqtisadi fəallıq artdıqca əlavə buraxılan pul kütləsi (yuxarıda qeyd etdiyimiz pulun dövretmə sürəti artması səbəbindən) inflyasiya yarada bilərmi? Yaratmaması üçün hansı tədbirlər həyata keçiriləcək? Və yaxud, məhz idarə olunan yüksək inflyasiya yaradaraq xüsusilə borc öhdəlikləri məsələləri həll olunacaq? Hansı variant daha gözləniləndir?
  • valyuta müharibələri kəskinləşdi. Aprel ayındakı çıxışımda karantin rejimləri bitər-bitməz bunun gözlənildiyini vurğulamışdım. Bəs bundan sonra nə qədər davam etməsi gözlənilir?
  • 2018-ci ildə ABŞ dollarının kəskin ucuzlaşması üçün hazırlıq getdiyi və gözlənildiyinə dair ayrıca məqalə yazmışdım. ABŞ 2 ildə buna nail ola bilmirdi. Ya zəlzələdən, ya vəlvələdən, hazırda dolların baş verən ucuzlaşma prosesini ABŞ daha da qızışdıracaqmı, yoxsa hadisələrə müdaxilə etməyə çalışacaq?
  • qızıl, gümüş və digər metalların hazırda da davam edən artımları nələrin göstəricisidir? (əslində bu artımların olacağını son 3 ildəki çıxış və yazılarımda vurğulamışdım. Bir də bu günün gözü ilə də baxmaqda və bəzi məsələlərin xatırladılmasında fayda olduğunu düşünürəm);
  • Bütün bu hadisələr bizim üçün vacib olan neft qiymətlərinə hansı təsirləri göstərəcək? (Azərbaycan televiziyasının verilişlərindən birində (11.03.2020) qiymətlərin 45 dollar ətrafında formalaşacağını qeyd etmişdim. Neft bu qiymət ətrafında nə qədər qala biləcək?)
  • dünyanın bundan sonrakı gedişatı və hadisələrin axını bu ilin noyabr ayında ABŞ-da müəyyən olunacaq. Prezident seçkilərində. Bununla bağlı ayrıca bir məqalə hazırlamağı düşünürəm.

 

P.S. Bir neçə gün öncəki yazımda baş verənlərin 2030-cu ilə qədər yaradılması nəzərdə tutulan yeni iqtisadi münasibətlər düzəninin (trend termin isə “Yeni Dünya Düzəni”) formalaşmağa başlaması kimi qəbul edilməsinin daha düzgün olmasını vurğulamışdım. Bu vəziyyət 2030-cu ilə qədər davam edəcək. Nə qəribə təsadüfdür ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi  Tedros Adhanom Ghebreyesus bu günkü çıxışında qeyd edir ki, “biz çox böyük işlər görmüşük, amma qarşıda bizi uzun və çətin bir yol gözləyir”. Şərhsiz…

Elman Sadıqov, iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər