Niyə həmişə xoşbəxt olmuruq?
17 yaşım olanda hərbi hazırlıq keçirdim. ABŞ-ın Hərbi Hava Qüvvələrinin üzvü olacağımı xəyal edərkən, böyük məmnuniyyət hissini duyurdum və düşünürdüm: “Bütün bunlar bitəndə çox xoşbəxt olacağam”.
24 yaşımda təhsil səviyyəmi yüksəltmək üçün kolleclərə müraciət etməyə başladım. Düzünü desəm, harasa qəbul ola biləcəyimə inanmırdım. Və sənədlərimi yalnız əlçatan hesab etdiyim universitetlərə göndərirdim. Düşünürdüm ki, bu lotereyada qazansam xoşbəxt olacağam.
Yəqin ki, hamıya bu hiss tanış gəlir: növbəti mərhələyə çatanda, nəhayət, həqiqi xoşbəxtliyi yaşayacaqsınız. Bu hiss qısamüddətli zövq və məmnuniyyət zamanı gəlir, sonra isə yenidən “sakitləşir”.
Uilyam fon Hippel “Sosial sıçrayış” kitabında xoşbəxtliyin təkamül funksiyasını izah edir. O yazır: “Niyə təkamül bizə bu xoşagəlməz hiyləni oynatdı? Niyə xoşbəxtliyimiz xəyali hədəflərə bağlıdır?”.
Digər insanlarla bir qrupda yaşayan iki fərziyyəli əcdadımızı təsəvvürünüzə gətirin. Onlardan hər biri bir qrup ovçuya rəhbərlik edir və mamontu öldürür. Daha sonra qrupun liderləri ətlə soydaşlarının yanına qayıdır və pərəstişliklə qarşılanır.
Onlardan biri bu xoşbəxtlik hissini davamlı saxlayır, digəri isə bir həftədən sonra əvvəlki vəziyyətinə qayıdır. Birincisi istirahət etmək və uğurlu ovdan sonra yaşadığı hissləri yenə duymaq istəyir. İkincisi isə boşluq və əvvəlki xoşbəxtliyi yenidən tapmaq arzusunu hiss edir.
Əcdadlarımızın qalıcı xoşbəxtlik əldə edə bilməməsi onları səy göstərməyə sövq etdi. Milyarder və CNN-nin qurucusu Ted Terner bir dəfə demişdi: “Həyatda super-uğur qazanan və bu məqsədinə çatmaq üçün özünə inamsızlıq hissindən irəli gələn motivasiyadan istifadə etməyən insana çətin ki, rast gələsiniz”. Virginia Universitetinin əməkdaşı Sigehiro Oishi tərəfindən aparılan araşdırma nəticəsində məlum oldu ki, həyatdan orta dərəcədə məmnun olan insanlar özlərini bədbəxt hiss edən insanlarla müqayisədə daha çox pul qazanırlar. Lakin bununla birlikdə, orta dərəcədə məmnun olan insanlar xoşbəxtlik səviyyəsi ən yüksək səviyyəyə çatan insanlarla müqayisədə karyera sahəsində daha uğurludurlar. Məsələ ondadır ki, peşəkar inkişaf üçün həm çox az, həm də aşırı xoşbəxtlik zərərlidir.
Nailiyyətlər isti hamama girmək kimidir. Əvvəlcə su isti görünür. Ancaq zaman keçdikcə öyrəşirsən və heç nə hiss etmirsən.
Xoşbəxtlik – sağ qalmaq şansımızı yaxşılaşdırmaq üçün etdiyimiz bir şey müqabilində qazandığımız mükafatdır. Daha çox resurs (pul), daha yüksək sosial status, daha gözəl xarici görünüş və s.
Lakin burada da nüanslar var. Məsələn, iqtisadçı Con Hellivellin tədqiqatı kiçik şəhərlərdə yaşayan insanların böyük şəhərlərin sakinləri ilə müqayisədə daha xoşbəxt olduqlarını göstərdi. Mütəxəssislər müəyyən etdilər ki, insanların daha xoşbəxt olduğu yerlərdə işə aparan yol qısadır, mənzillər ucuzdur, xərclər isə aşağıdır. Böyük şəhərlər müəyyən tip insanları cəlb edir – təhsilli və iddialı. Statistikaya görə, dünyanın ən yaxşı istedadlarının 5%-i böyük şəhərlərdə yaşayır. Və onların hamısı bir-biri ilə rəqabət edir, güclü status narahatlığını yaşayır.
Təhsil və subyektiv rifah arasındakı əlaqəni araşdıran son tədqiqatlar təəccüblü nəticələr verdi. Alimlərin fikrincə, insanlar çox təhsil alırlar, çünki bununla qismən az savadlı olan insanlardan daha xoşbəxt olacaqlarına inanırlar.
Qeyd edək ki, savadlı insanların həqiqətən də daha az boş vaxtı olur. Onlar daha çox işləyirlər. Bu, gözləntiləri və məmnunluğu azaldır. Beləliklə, xoşbəxtliyin təhsil səviyyəsindən asılı olmadığını deyə bilərik.
Bəs uzunmüddətli xoşbəxtliyə təsir göstərən hansı amillər var? İlk növbədə, əlverişsiz amillərə nəzər yetirək. Bunlara aiddir: həyat yoldaşının ölümü, boşanma, maliyyə itkiləri.
Müsbət amillər isə bunlardır: evlilik, uşaq sahibi olmaq, böyük maddi qazanc (məsələn, miras və ya lotereya qazanmaq). Zəngin bir əmidən miras almaq və ya lotereyada udmaq şansımız az olduğuna görə, sevdiyimiz insanlarla münasibətimizi yaxşılaşdırmaq – uzunmüddətli xoşbəxtliyi əldə etmək üçün ən etibarlı yoldur.