10 C
Baku
Monday, November 18, 2024

Əli Hüseynli: “Cərimənin artımı həm də vətəndaşın mənafeyinə xidmət edir” – MÜSAHİBƏ

Milli Məclisinin Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin  müsahibəsi

– Parlamentlə bağlı danışanda sözsüz ki, hazırda boş qalan yerlərə seçkilərin nə zaman olacağı da bu gün çoxlarını maraqlandırır. Qanunvericilikdə bu suala cavab var?

– Seçki Məcəlləsinin 145-ci və 172-ci maddələri bu məsələni həll edir.

– Son seçkilərdən sonra islahatlarla əlaqədar parlamentdə müxalifəti təmsil edən siyasi partiyaların nümayəndələri bir sıra vəzifələrə seçildilər. Müavininizin kifayət qədər iddialı və həm də tənqidi çıxışları ilə seçilən Qüdrət Həsənquliyev olması komitədə qanun layihələrinin müzakirəsi zamanı çətinlik yaratmır ki?

– Xeyr, yaratmır. Son parlament seçkilərindən sonra Milli Məclisdə komitə rəhbərliyində müxalif partiya sədrlərinin təmsil olunması ənənəsi parlament demokratiyasından xəbər verir. Cəmiyyətimiz də indi parlamentdə bir sıra məsələlərdə diskussiyaların getdiyini müşahidə edir. Belə diskussiyalar komitə iclaslarında daha çox olur. Mən fikir fərqliliyi baxımından bunu əhəmiyyətli hesab edirəm. Hüquq siyasəti komitəsində Qüdrət Həsənquliyevin müxalif partiya sədri olsa da peşəkar hüquqşünas kimi müavin olması əksinə, komitənin uğurudur. Ümumiyyətlə, Hüquq siyasəti komitəsində müxtəlif dövlət orqanlarında çalışmış nəzəri və peşəkar hüquqşünaslar təmsil olunurlar. Bir neçə partiya sədri də məhz bu komitənin üzvüdür. Buna görə də qanun layihələrinin müzakirəsi zamanı fikir müxtəlifliyi, əksinə diskussiyalar ı mən çox pozitiv dəyərləndirirəm. Amma onu da demək istəyirəm ki, bu müzakirələrə və mübahisələrə baxmayaraq, biz hüquqşünas olduğumuza görə çox zaman həm də ortaq nöqtələr tapa bilirik.

– Qanun layihələrindən söz düşmüşkən, son dövrlər rüsumların, cərimələrin artırılması da cəmiyyətdə birmənalı qarşılanmır. Bu məsələyə münasibətiniz necədir?

– Hesab edirəm ki, cərimələr, bu artımların əsl mahiyyəti cəmiyyətə tam düzgün təqdim olunmur. Baxmayaraq ki, cərimənin artımı əslində vətəndaşın həm də mənafeyinə xidmət edir, bir sıra hallarda deputat həmkarlarımız seçicilər arasında nüfuz qazanmaq naminə fərqli çıxışlar edirlər. İkincisi, media bunu bəzən düzgün təqdim etmir. Üçüncüsü isə bizim iqtidarın siyasətini tənqid edən müxalifət faktoru var.

Cərimələrin məqsədi fiziki və hüquqi şəxsləri, o cümlədən vəzifəli şəxsləri inzibati pozuntulardan çəkindirməkdir. Bu cərimələr hadisəyə, pozuntuya qarşı yönəlir, fərdə qarşı yox. Amma bu cəmiyyət tərəfindən siz dediyiniz kimi, birmənalı qarşılanmırsa deməli daha çox maarifləndirmə və izahat işi aparmaq lazımdır. Lazım gəldikdə isə layihələrə düzəliş də edə bilərik.

Bir daha vurğulamaq istəyirəm ki, cərimələrlə bağlı yaranmış diskussiya mühiti daha çox qanunun ruhunun və məqsədinin bəzən bilərəkdən, bəzən bilməyərəkdən təhrif olunması ilə bağlıdır.

– Qanun yaradıcılığından danışmışkən, “Qida təhlükəsizliyi haqqında” qanunun qəbulu niyə gecikir?

– Bu sual parlamentdə qaldırılmışdır. Məlumat üçün bildirmək istəyirəm ki, layihə üzərində uzun müddətdir iş gedirdi və artıq cənab Prezident tərəfindən Parlamentə təqdim edildi. Qanun layihəsi çox mütərəqqi və beynəlxalq standartlara cavab verən bir layihədir. Əminəm ki, geniş komitə və plenar müzakirədən sonra qəbul ediləcək.

– Milli Məclisə qurumlar tərəfindən təqdim olunan layihələrin təkmil olmaması ilə bağlı fikirlər deputatlar tərəfindən səsləndirilir. Qanun layihələrinin hazırlanması üçün Milli Məclis yanında xüsusi qurumun yaradılması təklifinə münasibətiniz necədir?

– Bir sıra postsovet ölkələrində bu cür qurumlar və mərkəzlər fəaliyyət göstərir. Amma hesab edirəm ki, bu fəaliyyət üçün yenidən dövlət büdcəsini yükləməyə ehtiyac yoxdur. Axı Parlament ilk növbədə qanunvericilik orqanıdır, deputatlar özləri qanun yaradıcılığı ilə məşğul olurlar və olmalıdırlar. İkincisi, parlamentin Aparatı mövcuddur. Orada hüquqşünaslar, ekspertlər çalışır. Belə infrastruktura və işçi potensiala malik olan ali qanunverici hakimiyyət orqanının yanında əlavə maliyyə tutumlu quruma ehtiyac varmı? Onu da deyim ki, indi qanunlar geniş ictimai müzakirələrdə keçirilir. Qanunvericilik təşəbbüsü subyektləri olan digər qurumlar da mövcuddur. Bu qədər kadr ştatına və potensialına malik qurumlar ola-ola əlavə yeni quruma ehtiyac görmürəm. Hesab edirəm ki, qanunların müstəqil ekspertizasını mövcud formatda da həyata keçirmək mümkündür.

 

Son xəbərlər
Digər xəbərlər