®Ölkənin qabaqcıl korporativ bankı “PAŞA Bank”ın Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində əlilliyi olan şəxslər üçün həyata keçirdiyi “PAŞA Bank ilə başla” layihəsinin ilk təlimlərinə start verilib.
Təlimlərin iştirakçılarının peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına, o cümlədən cəmiyyətə inteqrasiyasına dəstək verməyi hədəfləyən layihənin ilkin mərhələsi “Ünsiyyət bacarıqları”, “Vaxtın idarə edilməsi”, “Motivasiya”, “Stresin idarə edilməsi”, “Komanda işi” kimi bacarıqları əhatə edir. Noyabr ayından etibarən isə iştirakçılar seçdikləri 5 ixtisasdan biri – “Qrafik dizayn”, “Rəqəmsal marketinq”, “SQL proqramlaşdırma”, “Helpdesk” və “Call center” üzrə biliklərə yiyələnəcəklər.
Qeyd edək ki, “PAŞA Bank ilə başla” layihəsinin təşkilati dəstəkçisi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ADA Universiteti çıxış edirlər. Layihənin ilkin mərhələsində müraciətlərin qəbulu, müvafiq namizədlərin seçilməsi keçirilib. 300-ə yaxın namizəd arasından təlimlərə qatılan 100 nəfər iştirakçı seçilib. Layihənin sonuncu mərhələsində iştirakçıların işlə təmin olunması üçün dəstək göstəriləcək.