“Ondan sonra mən Laçın şəhərinə səfər etdim, Azərbaycan Bayrağını şəhərin mərkəzində qaldırdım və bəyan etdim ki, biz artıq bu doğma diyarımızda əbədi yaşayacağıq”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.
“İkinci Qarabağ müharibəsi başa çatanda rayon bizim nəzarətimizə keçsə də, Laçın şəhəri nəzarətimizdən kənarda idi. Bunun obyektiv səbəbləri var idi. Çünki Ermənistandan Qarabağa gedən yol Laçın şəhərinin ortasından keçirdi. 2020-ci il noyabrın 9-da Rusiya Prezidenti ilə gün ərzində apardığım bir çox saatlıq telefon danışıqları nəticəsində biz nail olduq ki, Laçın şəhərinin də Azərbaycana qaytarılması şərtləndirilsin. Bu məqsədlə alternativ yolun çəkilişi mənim təkidimlə yekun Bəyanata salınmışdır və müddət göstərilmişdir. Amma bu, bir qədər qeyri-müəyyən ifadələrlə göstərilmişdir ki, üç il ərzində bu məsələ ilə bağlı müzakirələr aparılacaq.
Ancaq İkinci Qarabağ müharibəsi başa çatan kimi mən dərhal göstəriş verdim ki, yeni yolun marşrutu və bütün texniki parametrləri müəyyən edilsin. Biz bu işə tezliklə başlamışıq və bunu bir il yarım ərzində həll etmişik. Yəni, Laçın şəhərindən yan keçən yeni yol çəkildi və keçən il avqustun əvvəlində, daha doğrusu, avqustun 2-də yol istismara hazır idi. Biz Rusiya sülhməramlı qüvvələrinin komandanlığına xəbər göndərmişdik ki, artıq onlar öz postlarını ovaxtkı marşrutdan çıxarıb yeni yola keçirsinlər və avqustun 5-nə qədər biz Laçın şəhərinə, Zabux və Sus kəndlərinə girməliyik. O vaxt bizim nümayəndələrimizlə təmasda olan Qarabağ ermənilərinin nümayəndələri bizdən xahiş etmişdilər ki, vaxt verin, biz avqustun 25-nə qədər özümüz bu məsələləri həll edərik, orada qanunsuz məskunlaşmış erməniləri Laçın şəhərindən, Zabux və Sus kəndlərindən çıxaracağıq və beləliklə, məsələ rahat şəkildə öz həllini tapa bilər. Mən buna etiraz etmədim, yəni 20 gün o qədər də böyük fərq etmir. Beləliklə, Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış bütün ermənilər aparılan işlər nəticəsində avqustun 25-də oradan çıxarılmışdır. Avqustun 26-da biz Zabux, Sus kəndlərinə və Laçın şəhərinə qayıtmışıq. Ondan sonra mən Laçın şəhərinə səfər etdim, Azərbaycan Bayrağını şəhərin mərkəzində qaldırdım və bəyan etdim ki, biz artıq bu doğma diyarımızda əbədi yaşayacağıq”, – Prezident vurğulayıb.