10 C
Baku
Thursday, December 12, 2024

Əliyev: “Yeni elektrik stansiyasının işə salınması ilə yüzlərlə yeni iş yerləri yaranacaq”

Mingəçevirdə 1280 MVT gücündə yeni elektrik stansiyasının işə salınması ildə təqribən 1 milyard kubmetr qaza qənaət etməyə imkan verəcək. Bunu Prezident İlham Əliyev fevralın 13-də yeni İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.

“Yeni elektrik stansiyası Azərbaycanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq”, – deyə dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin.

Prezident İlham Əliyev əlavə edib ki, Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.

Yeni elektrik stansiyasının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2022-ci il oktyabrın 25-də “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərbaycan” İstilik Elektrik Stansiyasının mövcud avadanlıqlarına əlavə müasir texnologiyalar tətbiq edilərək, 600 MVt gücündə olan 7-ci və 8-ci enerji bloklarının gücünün daha 1280 MVt artırılması ilə əlaqədar rasional modernləşmənin həyata keçirilməsi planlaşdırılır.

“Azərbaycan İES” hər birinin gücü 300 meqavat olan səkkiz enerji blokundan ibarətdir. Azərbaycanda istehsal edilən elektrik enerjisinin 45%-ə qədəri bu stansiyanın payına düşür. Stansiyanın birinci bloku 1981-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə istismara verilib.

Son xəbərlər
Digər xəbərlər