“Hazırda Azərbaycanda məşğul əhalinin böyük hissəsi kənd təsərrüfatı sektorunda sərbəst məşğul əhali kimi fəaliyyət göstərir”.
Banker.az bildirir ki, bunu “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov “Vergilər” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, ölkə əhalisinin təxminən 48 faizi kənd təsərrüfatından kənar fəaliyyətlə məşğul olur.
“Məşğulluq Strategiyasında qarşıya bu göstəricini 80 faizə qədər yüksəltmək məqsədi qoyulub. Bundan əlavə, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı ayrıca qanun qəbul olunub. Strateji yol xəritələrində və “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda kiçik və orta sahibkarlığın dəstəklənməsinə xüsusi önəm verilir. Həmçinin əmək bazarının tənzimlənməsi ilə bağlı bir sıra yeni normativ-hüquqi bazanın təkmilləşdirilməsi diqqət mərkəzindədir. “Məşğulluq haqqında” qanunda vahid vakansiya bankının yaradılması nəzərdə tutulur. Bu, o deməkdir ki, əmək bazarında tələb və təklifin tənzimlənməsi bu mexanizm vasitəsilə həyata keçiriləcək. Kənd təsərrüfatında məşğul əhalinin qeydiyyat məsələsi xüsusi önəm daşıyır. Bütövlükdə ölkənin əmək bazarında aparılan monitorinqlər sisteminin təkmilləşdirilməsinə ehtiyac var. Söhbət həm də yeni monitorinqlər sisteminin yaradılmasından gedir ki, ayrı-ayrı regionların inkişaf meyillərini, hansı əmək resurslarının mövcud olduğunu və onları daha çox hansı sahələrə yönəltməyin zəruriliyini müəyyənləşdirmək mümkün olsun. Elə əmək resursları var ki, onu daha fəal və gəlirli sahələrə yönəltmək lazımdır. Məşğulluq Strategiyasında bu tip məsələlərə ciddi önəm verilib”, – deyə İ.Həsənov vurğulayıb.
Report