Bu yazımızda hər bir işçi ilə bağlı işəgötürən tərəfindən həyata keçirilməsi mümkün olan tutulmalar barədə məlumat verəcəyik.
Əvvəlki yazılarımızda artıq bir neçə bu mövzuya aid hissəni geniş izah etdiyimiz üçün bu yazıda həmin tutulmalarda ilkin məlumat olaraq bəhs edəcəyik.
Əmək qanunvericiliyinə əsasən demək mümkündür ki, hər bir işçinin əmək haqqından işəgötürən tərəfindən aşağıdakı tutulmalar aparıla bilər:
1) Gəlir vergisi, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı və məcburi dövlət sosial sığorta haqqı (bu barədə ətraflı oxumaq üçün 2020-ci ildə əmək haqqından tutulmalar yazımızı oxuya bilərsiniz).
2) Məhkəmə aktları və ya notariusun icra qeydi, yaxud səlahiyyətli qurumların qərarlarına əsasən tətbiq edilən icra ödənişləri. Bu məbləğlərin ödənilməsi üçün ilk növbədə müvafiq qurumların tutmanı mümkün edən sənədləri işəgötürənə təqdim etmək öhdəliyi mövcuddur.
3) işçi işəgötürənə ziyan vurarsa, onun 1 aylıq orta aylıq əmək haqqı məbləğində tutulma aparıla bilər.
4) İşçi iş ili başa çatmamış məzuniyyət haqqından tam istifadə edərsə və iş ili başa çatmamış işdən çıxarsa, başa çatmayan müddətə görə ona ödənilmiş məzuniyyət haqqı tutulur.
5) İşçi xidməti üzrə ezamiyyət olarkən ona avans verilibsə və bu avansdan artıq qalarsa, həmin məbləğ tutulur.
6) İşçiyə mühasib tərəfindən səhv hesablama nəticəsində artıq ödəniş olarsa, yalnız ödənişdən sonrakı 1 ay müddətində bu məbləğ işçidən tutulur.
7) Təsərrüfat ehtiyacları ilə bağlı verilmiş pulun artıq qalan, yaxud vaxtında xərclənməyən pul tutulur.
8) Kollektiv müqavilələrdə nəzərdə tutulan ya müəssisənin həmkarlar ittifaqlarına ödənilən üzvlük haqları da əmək haqqından tutulur.
9) İşçi tərəfindən işəgötürənə onun əmək haqqından kommunal ödənişlər, bank ssuda və ya kreditləri tutmağa icazə verən ərizə verilərsə, bu halda tutulmalar aparıla bilər.
Qanunvericilik bu tutulmalarla bağlı ilkin olaraq 20%, bir neçə icra sənədi varsa 50%, bəzi hallarda (aliment ödənişi, sağlamlığa ziyan vurulması və d) isə 70% tutulmalara yol verilməsinin mümkün olduğunu bildirmişdir.
Şəhriyar Həbilov