-3 C
Baku
Sunday, December 15, 2024

Əmək müqaviləsinin müddəti bitir, lakin işəgötürən işçini işdən çıxara bilmir? (real sorğunun təhlili)

Məmmədin (hər zamankı kimi, ad şərtidir), əmək müqaviləsi müddətlidir, 1 illikdir, müddəti 20.10.2022 tarixində bitir. Bəzi səbəblərə görə, Məmməd guman edir ki, onunla işləməyə rəhbərlik davam etməyəcək və əmək müqaviləsinin müddəti də uzadılmayacaq. Məmmədin intuisiyası onu aldatmır: əmək müqaviləsinə xitam bildirişi gəlir, lakin 30.10.2022 tarixində. Məmməd isə işini tərk etmək istəmir. Bu zaman nə etməli ? Məsələ necə həll olunmalıdır ?

Məsələ orasındadır ki, əgər əmək münasibətləri davam edərsə və əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

Gələk bizim məsələyə. Məmmədin xitam bildirişi bir həftədən sonra gəldiyi üçün (10 gün gecikmə), onun əmək müqaviləsi yenə bir il müddətinə uzadılmış hesab olunur. Belə olan halda, isə, artıq işçini həmin əsas ilə, yəni əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işdən çıxarmaq mümkün deyildir.

Kimdir haqlı? Kimdir müqəssir? Təcrübədə bu cür hallar həm HR-lara (yəni, şirkətlərə), həm də işçilərə (fiziki şəxslər) ziyan vurduğu üçün məsləhətimiz də ikitərəfli olacaq. HR-lara tövsiyə edərdik ki, işçilərinin əmək müqavilələrinin və onların müddətlərinin uçotu aparılsın və nəzarətdə saxlanılsın. Saxlanılsın ki, işçi ilə qanuni qaydada vidalaşa bilsinlər və sabah – birigün məhkəmədən bildiriş gəlməsin.

İşçilərə gəldikdə isə: əmək müqaviləsinin heç olmasa 1 dəfə başdan axıra qədər oxunulması yaxşıdır ki, işəgötürən onları hər ürəyindən keçdiyi vaxt (hətta müqavilənin müddəti bitdiyi vaxtda belə) qova bilməsin.

Vəkil Leyla Əkbərova

Son xəbərlər
Digər xəbərlər