13 C
Baku
Saturday, November 23, 2024

Əmək vəzifələrinin kobud pozuntusu halı və işçi hüquqları

İşçi hüququ çox qədim dövrlərədək fərqli formalarda təqdim edilmişdir. Bəşər cəmiyyətinin inkişafı və dövrlərin dəyişməsi işçi hüquqlarının da formalaşmasına təsir etmişdir.

Bu yazımızda işçilər tərəfindən törədilən kobud pozuntular və bu halların hüquqi tənzimlənməsindən bəhs edəcəyik.

Əvvəla qeyd edək ki, bu kimi kobud pozuntular işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab edilir. Buna baxmayaraq işəgötürən həmin əsasla əmək müqaviləsinə xitam verdikdə belə bu pozuntunun onun iş prosesinə zərərini təsdiq etmək öhdəliyi daşıyır. Qanunvericiliyə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işçinin əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə

– müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun

– və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

Göründüyü kimi heç də işəgötürən hər bir halda işçinin əmək vəzifələrini kobud pozuntusu halına istinad edərək əmək müqaviləsinə xitam verə bilməz.

Əmək vəzifələrinin kobud şəkildə pozulması hallarına aiddir:

– özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;

Göründüyü kimi bu əsas özündə işçinin bütün iş gününün müəyyən edilməsini tələb edir. İşçinin bütün iş günü, daha dəqiq desək tam iş günü əmək müqaviləsi ilə müəyyən edilməlidir. Həmçinin işçinin tam iş günü üzrlü səbəb (əmək müqaviləsi, kollektiv müqavilə, müəssisədaxili qaydalar və ya kollektiv sazişlə müəyyən edilir) halında işdə olmaması kobud pozuntuya aid edilmir.

– alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;

Qeyd edək ki, bu nüans mütləq qaydada təsdiqini tapmalıdır. Həm aktlaşdırılmalı, həm də mümkün olduğu halda işçinin alkoqol müayinəsindən keçməsi ilə bu hal öz təsdiqini tapa bilər.

– təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;

Mülkiyyətçi anlayışına istinadən qeyd edə bilərik ki, işçi işəgötürənin mülkiyyətində olan əmlaka, təqsirli anlayışına görə isə qəsdən və ya ehtiyatsızlıqdan zərər vurduqda bu hal kobud ehtiyatsızlıq hesab ediləcək.

– təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;

– qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;

Bu əsas sırf əmək müqaviləsi üzrə vəzifələrindən irəli gələrək müvafiq sirri saxlamağa görə öhdəlik daşıyan işçilərə şamil edilir.

– əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;

Bu halda işəgötürənin qanuni mənafeyinə gətirilən ciddi xələl mütləq qaydada sübut olunmalıdır.

– əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;

Bu halda işçiyə ilkin intizam tənbehinin qanunvericiliyin tələblərinə riayət edilməklə verilməsinə diqqət yetirilməlidir.

– iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

Göründüyü kimi heç də hər bir halda işçinin kobud pozuntulara görə əmək müqaviləsinə xitam verilə bilməz.

Şəhriyar Həbilov

Son xəbərlər
Digər xəbərlər