11 C
Baku
Wednesday, December 11, 2024

Əmanət Fondu Mərkəzi Bankı məhkəməyə verir

Bir qədər əvvəl lisenziyası ləğv edilmiş banklardakı əmanətlərin qaytarılması ilə bağlı maraqlı yenilik gözlənilir.

Banker.az FED.az-a istinadən xəbər verir ki, söhbət “NBC Bank”a bu ilin əvvəlindən bəri yatırılan əmanətlərdən gedir.

Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankı 2020-ci il yanvarın 27-dən etibarən “NBC Bank”a əmanət qəbulunu qadağan edib. Amma bank sektorunda indiyədək formalaşan ənənəyə əsasən, AMB bu barədə geniş açıqlama verməyib. Çünki belə məlumatların ictimaiyyətə açıqlanması bankın dərhal müflis olması ilə nəticələnə bilərdi (banka əmanət qəbulunun qadağan edildiyini eşidən müştərilər dərhal həmin bankdan bütün pullarını çıxarardılar). Ona görə də Mərkəzi Bankın bu göstərişi yalnız “NBC Bank”a göndərilib.

Guya panika yaratmamaq üçün atılan bu addım, əslində böyük problemə səbəb olub. Belə ki, başqa heç bir qurumun bu vəziyyətdən xəbəri olmadığını bilən bank menecmenti AMB-nin göstərişini gizli saxlayıb (hətta filial rəhbərlərinin də bu göstərişdən xəbəri olmayıb) və ona əməl etmədən əmanət qəbuluna davam edib. Nəticədə indi, lisenziya ləğv ediləndən sonra məlum olur ki, bankda əmanət qəbulu qadağan ediləndən sonra da qəbul edilmiş, amma tam rəsmi surətdə rəsmiləşdirilmiş əmanətlər var.

Həmin pulların qaytarılmasının qanuni tərəfi mübahisəli olsa da, yaranan vəziyyət (indi üzə çıxan digər pozuntularla yanaşı) bütün bank sisteminə inamın zəifləməsinə, əmanətçilərin bankdakı pulların taleyi ilə bağlı narahatlığa səbəb olur.

Saytın məlumata görə, məsələnin həlli üçün yeni üsul tapılıb. «NBC Bank» menecmentindən bildirilib ki, banka 2020-ci ili yanvarın 27-dən sonra qoyulacaq əmanətlər də qaytarılacaq. Amma bu aşağıdakı formada baş verəcək.

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) Azərbaycan Mərkəzi Bankını (AMB) məhkəməyə verəcək. İddiaya səbəb AMB-nin “NBC Bank”ə əmanət qadağası barədə Fonda vaxtında məlumat verməməsidir.

Bu iddia təmin ediləndən sonra Əmanət Fondu həmin mübahisəli əmanətləri də qaytaracaq. Sonradan Fondun ödədiyi vəsaitlər digər əmanətlərdə olduğu kimi bankın aktvlilərinin satılması səhmdarlarının vəsaitləri hesabına kompensasiya olunacaq.

İddianın verilməsində məqsəd, əmanətlərin bu formada qaytarılmasına hüquqi baza yaratmaqdır. Məhkəmə prosesinin iyulun ortalarınadək, hətta daha tez yekunlaşması gözlənilir.

Bankdan bildirilib ki, qadağadan sonra qəbul edilən əmanətlərin məbləği o qədər də böyük deyil, bankdakı bütün əmanətlərin 5%-ə çatmır.

Son xəbərlər
Digər xəbərlər