Əmanətlərin Sığortalanması Fondu tərəfindən aprelin 19-da “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 201 min manat (ümumi kompensasiya öhdəliyinin 98,5 faizi), “Zaminbank”ın əmanətçilərinə 54 milyon 624 min manat (ümumi kompensasiya öhdəliyinin 75 faizi), “Kredobank”ın əmanətçilərinə 27 milyon 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9 faizi) və “Dekabank”ın əmanətçilərinə 3 milyon 087 min manat (ümumi kompensasiya öhdəliyinin 98,7 faizdən çoxu) kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan Banker.az-a bildiriblər ki, dörd bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 128 milyon 683 min manatdan artıqdır.
Eyni zamanda, “Atrabank” ASC-nin və “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 16 milyon 256 min manatdan çox kompensasiya ödənilib ki, bunun da 14 milyon 282 min manatı (ümumi kompensasiya öhdəliyinin 98,1 faizdən çoxu) “Atrabank”ın, 1 milyon 974 min manatı (ümumi kompensasiya öhdəliyinin 94,4 faizi) “Qafqaz İnkişaf Bankı”nın payına düşür.
Əmanətlərin Sığortalanması Fondu “Bank Standard” Kommersiya Bankının qorunan əmanətçilərinə 436 milyon 667 min manatdan çox (ümumi kompensasiya öhdəliyinin 99 faizi), kompensasiya ödəyib.
“Yunayted Kredit Bank” ASC-nin qorunan əmanətçilərinə 318 min 725 manatdan artıq kompensasiya ödənilib. Belə ki, bir gün ərzində ümumi kompensasiya öhdəliyinin 17,6 faizi əmanətçilərə verilib.
Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 161 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faiz), “Gəncəbank”ın əmanətçilərinə 976 min 440 manat (ümumi kompensasiya öhdəliyinin 94 faiz), “Texnikabank”ın əmanətçilərinə 120 milyon 433 min manatdan çox (ümumi kompensasiya öhdəliyinin 98,2 faiz) kompensasiya ödənilməsi təmin edilib.
Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 727 milyon 495 min manatdan çox kompensasiya ödənişi həyata keçirilib.