5 C
Baku
Saturday, December 14, 2024

Əmanətlərin tam sığortalanması 6 aydan sonra ləğv edilir

Azərbaycanda 4 mart 2016-cı il tarixdən 3 il müddətinə əmanətlərin tam sığortalanması sistemi mövcuddur. Yəni fiziki şəxslərin əmanətləri tam məbləğdə sığortalıdır, bu şərtlə ki, milli valyutadakı əmanətin illik faiz dərəcəsi 15%-dən çox, xarici valyutadakı əmanətin illik faiz dərəcəsi isə 3%-dən çox deyil.

Banker.az xəbər verir ki, bu barədə banklar üzrə ekper-hüquqşünas və eləcə də Bank Standartın Kreditorlar Komitəsi sədri Əkrəm Həsənov şərh verərkən bildirib.

Ekpert bildirib ki, ötən 2,5 il ərzində bağlanmış 6 bank üzrə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tam sığortalanmış əmanətləri kompensasiya edib. Fond bəzən bu vəzifəsindən yayınmağa cəhd edəndə isə məhkəmələrimiz onu məcbur edib. Məhz bunun müqabilində banklardan əmanətlərin çəkilməsi prosesi nisbətən səngiyib.

Lakin, bu sistemin cəmi 6 aylıq ömrü qalıb. 4 mart 2019-cu il tarixdən sonra əmanətlərin sığortalanması necə həyata keçiriləcək?

Həsənov bildirir ki, bu məsələ əmanətçiləri çox düşündürür. “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 5.2-ci maddəsində deyilir ki, 3 illik “müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir”. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə görə isə Fond tərəfindən hər bir bankda sığortalanmış əmanət 30000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

Misal. Tutaq ki, vətəndaş bu ilin 1 iyul tarixində banka 1 il müddətinə 100000 manat məbləğində illik 15%-lə əmanət qoyub. Qüvvədə olan qaydaya görə əmanət tam sığortalıdır. Yəni bank 4 mart 2019-cu il tarixədək bağlansa (lisenziyası ləğv olunsa), əmanət tam kompensasiya ediləcək. Lakin bank 4 mart 2019-cu ildən sonra bağlansa, əmanətçiyə yalnız 30000 manat kompensasiya ediləcək.

akram hasanov
Əkrəm Həsənov

Məlum olduğu kimi, möhtərəm Prezidentimiz tərəfindən 2016-cı ilin dekabr ayında təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən 2018-ci ilin sonunadək Maliyyə Bazarlarına Nəzarət Palatası kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası (bankın satılması, aktivlərin və öhdəliklərin tam və ya qismən ötürülməsi, körpü bankın yaradılması və s. vasitələrlə) prosesini bitirməlidir. Başqa sözlə, bank sistemini sağlamlaşdırmalı, deməli, sağlam məntiqlə, qeyri-sağlam bankları isə bazardan çıxarmalıdır.

Sözügedən proses Cənab Prezidentin göstərişinə əsasən cari ildə bitsə, bu, bazar üçün müsbət siqnal olacaq. Yəni növbəti ildə bankların bağlanması ehtimalı azalacaq və əmanətlər tam sığortalı olmasa belə, onları geri götürmək istəyən az olacaq.
Bunun əksi baş versə, yəni problemli banklar sağlamlaşdırılmasa və ya bazardan çıxarılmasa, növbəti ilin ilk iki ayı əmanətçilərin ciddi təşvişinə səbəb ola bilər. Gözlənti yarana bilər ki, Palata dövlət başçısının göstərişini bir neçə ay gecikməklə icra edəcək. Bu isə “4 mart 2019-cu ildən sonra”, yəni əmanətlərin tam sığortalanmadığı dövrdə deməkdir (hətta ola bilər ki, əmanətləri qaytarmayan bankı belə 4 martdan sonra bağlasın). Təbii, əmanətçilər, son nəticədə isə banklar (əmanətlərin çıxarılması ilə üzləşə bilərlər) üçün bu, çox pis xəbər olacaq.

Buna görə də yaxın aylarda iki addımdan bir atılmalıdır. Ya bankların sağlamlaşdırılması prosesi Cənab Prezidentin göstərişinə əsasən ilin sonunadək bitirilməli, ya da əmanətlərin tam sığortalanması müddəti uzadılmalıdır.

Əkrəm Həsənov şərhinin sonunda bildirir ki, “bu, ilk növbədə bank sisteminin özünə lazımdır.”

Son xəbərlər
Digər xəbərlər