“Mart ayı yaxınlaşır və əmanətlərin tam sığortalanması barədə 2016-cı ildə qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun qüvvədə olma müddəti bitir”.
Banker.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Samir Əliyev şəxsi “Facebook” hesabında yazıb. O, bildirib ki, bu Qanunun tələblərinə görə banklara yerləşdirilmiş bütün əmanətlər qorunur. Bir şərtlə ki, milli valyutada yerləşdirilmiş əmanətlərin illik faiz dərəcəsi 15%-dən, xarici valyuta əmanətlərinin illik faiz dərəcəsi isə 3%-dən yüksək olmasın: “Yaxın 1 ay ərzində müddət uzadılmazsa, bu Qanun qüvvəsini itirəcək və əvvəl qüvvədə olmuş qanun – “Əmanətlərin sığortalanması haqqında“ Qanun yenidən işləyəcək. Bu halda bağlanacağı təqdirdə bankdan alınacaq kompensasiyanın həcmi 30 min manatdan çox olmayacaq. Bunun üçün gərək əmanətçinin bir bank üzrə əmanətlərinin həcmi illik faizlə birgə 30 min manatı ötməsin. Belə vəziyyətdə xarici valyuta, o cümlədən dollar əmanətçiləri üçün bu limit ümumiyyətlə sərf etmir. Çünki sığorta hadisəsi baş verəcəyi təqdirdə onların alacağı kompensasiyanın maksimum həcmi təxminən 17 647 dollar olacaq”.
Ekspert Əlavə edib ki, əmanətlərin tam sığortalanmasını nəzərdə tutan Qanun bank sektoru üçün çətin bir dövrdə qəbul edilib: “Devalvasiyanın təsiri olaraq bankların bağlanması əmanətlərin müəyyən hissəsinin taleyini sual altına aldı. Çünki həmin dövrdə qorunmayan əmanətlərin payı təxminən 40%-ə qədər çatırdı. Bir tərəfdən yüksək faizlə əmanət cəlb edilməsi, digər tərəfdən də 30min manatlıq kompensasiya limiti əmanətlərin əhəmiyyətli hissəsini sığortadan kənarda qoyurdu. Bankların bağlanması isə təbii olaraq əmanət qaçışına rəvac vermişdi. Məsələn, 01.01.2015-ci ildən Qanunun qüvvəyə mindiyi dövrə qədər (01.03.2016) manat əmanətlərinin həcmi 4,4 milyard AZN-dən 1,4 milyard AZN-ə qədər azaldı. Devalvasiya dövründə əvvəlcə xarici valyutada yerləşdirilmiş əmanətlərin əhali üçün cəlbediciliyi artsa da sonrakı dövrdə bankların bağlanması riski onların da həcmində azalma tendensiyası nümayiş etdirdi. Əmanətlərin tam sığortalanmasının həmin dövrdə əsas vəzifəsi əmanət qaçısının qarşısını almaq idi və aldı da. Ancaq manatın sabitliyi fonunda əmanət qoyuluşunda artım müşahidə edilməyə başladı. Hazırda manat əmanətlərinin həcmi 2014-cü il həddinə (4,4 milyard AZN) çatmasa da, 3 milyard AZN-ə qədər artıb ki, bu da 2012-ci il səviyyəsidir. Ümumi əmanət qoyuluşunun həcmi isə 8 milyard AZN-i ötüb. Bunun əsas səbəbi manatın sabitliyi və əmanətlərin tam sığortalanmasıdır”.