Aprelin 5-dən etibarən “Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvədən düşür və bundan sonra banklarda əmanətlərin sığortalanması “Əmanətlərin sığortalanması haqqında” qanunla tənzimlənəcək. Bu gündən qüvvəyə minən qanun əmanətçilər üçün hansı imkanları yaradacaq? Bu barədə suallarımızı “Unibank” KB-nin Baş Hüquq və Komplayens inzibatçısı Əfqan Baxışov cavablandırıb.
- Əfqan müəllim, “Əmanətlərin sığortalanması haqqında” qanun əmanətçilər üçün hansı üstünlükləri yaradır?
Azərbaycanda ”Əmanətlərin sığortalanması haqqında” Qanun 2006-cı ildə qəbul olunub. Təbii ki, əsas məqsəd maliyyə sisteminə inamı gücləndirmək, insanların pullarını evdə saxlamayaraq, banklar vasitəsilə iqtisadiyyata yatırmalarına stimul yaratmaq idi. Həm də insanlar əmin olsunlar ki, onların bankda olan vəsaitlərinə dövlət təminat verir. 2016-cı ilin 2 mart tarixində qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 3-cü maddəsinə əsasən isə 5 aprel 2021-ci il tarixədək banklardakı milli və xarici valyutada müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq sığortalanırdı. Bu, təbii ki müvəqqəti bir qanun idi. 5 aprel tarixindən etibarən isə sözügedən qanun qüvvədən düşmüş sayılır və əmanətlərin sığortalanması “Əmanətlərin sığortalanması haqqında” Qanunla tənzimlənir. “Əmanətlərin sığortalanması haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən 5 aprel 2021-ci il tarixindən sonra sığortalanan əmanətlərin həcmi 100 min manat həcmində olacaq. Qanuna edilən çox vacib və əhəmiyyətli dəyişikliklərdən ikincisi, sahibkarların əmanətlərinin sığortalanması ilə bağlıdır. Azərbaycanda ilk dəfə olaraq sahibkarların da əmanətinin sığortalanması baş verdi. Bu dəyişiklik fərdi sahibkarların banklarda olan vəsaitlərinin 20 min manata qədər hissəsinin sığortalanmasını nəzərdə tutur. Üçüncü ciddi dəyişiklik fiziki şəxslərin notariusların depozit hesabında olan vəsaitlərinin sığortalanması ilə bağlıdır. Əmlakın alqı- satqısını aparanda mütləq şəkildə notariusun depozit hesabına pul yerləşdiririk. Notariusların depozit hesabı banklarda olmalıdır. Bank ləğv olunduğu halda, vəsait qoruma altında olmadığından (notariusun depozit hesabı qorumaya düşmürdü) vətəndaşların pullarının qaytarılmasında problemlər yaranırdı. Bu problemi aradan qaldırmaq üçün Qanuna edilən dəyişiklik artıq notariusların hesabında olan fiziki şəxslərin vəsaitinin də sığortalanmasını təmin etdi.
- Dəyişikliklərə əsasən, qorunan əmanətin yuxarı həcminin məhz 100.000 manat müəyyənləşdirilməsi nə ilə bağlıdır?
Statistika göstərir ki, banklarda bu gün olan əmanətçilərin sayının demək olar ki, 99%-dən çoxu 100.000 manatadək əmanəti olan şəxslərdir. Əslində bu limiti müəyyən etməklə, dövlət əmanətçilərin böyük əksəriyyətini yenə də sığortaladı. 100 min manatdan çox əmanəti olanlara gəlincə, banka əmanət yerləşdirən zaman onların bankların, şəraitin qiymətləndirilməsini həyata keçirmək üçün daha böyük imkanları var. Digər tərəfdən yüksək məbləğdə depozit qoymaq istəyən şəxslər Azərbaycan reallığında bir çox hallarda tanıdığı, etibar etdiyi şəxsin bankda olmasına da önəm verir. Bu kimi amillər o insanlar üçün riskini də tənzimləməyə imkan verir.
- Əmanət hesabı açmaq istəyən vətəndaş etibarlı bankı necə seçməlidir?
Bildiyiniz kimi 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 12%, xarici valyutada isə 2,5% müəyyən edilib. Yəni əmanət sığortalıdırsa, burda heç bir vətəndaş itirə bilməz. Baş vermiş sığorta hadisələrinin dəyərləndirilməsi göstərdi ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən bu idarəetmə çox yaxşı şəkildə həyata keçirilir. Çox qısa bir müddətdə və problemsiz olaraq, vətəndaşlara ödənişlər olur. Digər tərəfdən vətəndaş özü də araşdırma apararaq daha uğurlu seçim edə bilər. Hazırda banklar rüblük, illik maliyyə hesabatlarını, auditor rəylərini açıqlayırlar. Bu məlumatlar bankların mövcud maliyyə vəziyyəti ilə bağlı daha ətraflı tanış olmaq imkanı yaradır. Vətəndaşlar bankın vəziyyətinin qiymətləndirilməsi zamanı ekspertlərin köməyindən də istifadə edə bilər.
- Bu gün də öz vəsaitini evində saxlayıb banka əmanət qoyuluşu etməyən vətəndaşlarımız da var. İnsanlar əmanət hesablarının açılmasında niyə maraqlı olmalıdrlar?
Əvvala onu qeyd edim ki, bu gün ölkə banklarında kifayət qədər cəlbedici, həm də sığortalı əmanət faizləri mövcuddur. Elə öz Bankımızdan nümunə çəkək. Bu gün vətəndaşlarımız “Unibank”da manatda depozit hesabı açaraq, illik 12%-dək gəlir götürə bilər. Əmanət hesabı açmaq üçün ən əsas səbəb ondan ibarətdir ki, insanlar pulu özlərində saxladıqda ölü bir vəsaitə çevirilir, heç bir dəyər qazanmır. Kimsə düşünə bilər ki, mən vəsaitimi dollara çevirib evimdə saxlayıram, bununla gələcəkdə risklərdən özümü sığortalayıram. Amma bütün hallarda bu vəsait gəlir gətirmir, dəyər itirir. Pulun evdə saxlanılması heç bir iqtisadi əhəmiyyət daşımır. Vəsaitin depozit olaraq banklara qoyulmasının üstünlüyü: birincisi, əlavə dəyər gətirəcək, ikincisi, sığorta hadisəsi baş versə belə, onun itkisi baş verməyəcək, üçüncüsü, bu vəsait iqtisadiyyata qayıdır və iqtisadiyyat inkişaf etdikcə, depozit sahibi ordan da qazanır. Yəni şəxs bilməlidir ki, onun vəsaitini bank daha yaxşı idarə edəcək. Çünki bank həmin pulu kiçik, orta, iri sahibkara verir. Bu vəsait iqtisadiyyata qoyularaq əlavə dəyər qazanır, iqtisadi inkişafa təkan verir. Böyüyən iqtisadiyyatdan isə yenə qazanan həmin əmanət sahibi və onun deyək ki yaxınları, ailə üzvləri olur. Hamı pulunu yığıb evində saxlasa, yanğından, oğurluqdan sığortası yoxdur, amma banklarda bu risklərdən qorunur. Bəzən düşünürlər ki, banka əmanət qoyanda mən əmanətimi sonra geri çəkə bilməyəcəm. Amma belə deyil. Hər bir bankda müxtəlif əmanət növləri var. Vətəndaşın seçdiyi əmanət növündən asılı olmayaraq, istədiyi vaxt öz əmanətini qanunvericiliyə uyğun götürmək hüququ var. Vətəndaşlarımızı daha uzunmüddətli düşünməyə çağırırıq. Əslində depozit özlüyündə gələcəyə hesablanmış bir məhsuldur. Şəxsin özü üçün, övladı üçün gələcəyə hesablanmış sərmayəsidir. Vətəndaş uzunmüddətli perspektivdən daha çox qazanacağını anlamalıdır.