Müsahibimiz: Azər-Türk Bankın Biznesin İnkişafı Departamentinin rəhbəri cənab Cavid Kərimov
Azərbaycan banklarının 2012-ci ili necə başa vurduğunu nəzərə alsaq, 2013-cü il üçün nə kimi gözləntiləriniz var?
Birinci növbədə onu qeyd edək ki, gözləntilərimiz kapitalın artımı ilə əlaqədardır. Məsələ bəzi bankların yeni kapital yetərliyi tələbinə uyğun gəlib-gəlməməsi ilə bağlıdır, yəni onlardan bəziləri ya bank olmayan kredit təşkilatına çevrilməli, bəzi banklar isə xarici kapital cəlb etməlidir, ya maliyyə qurumlarından, ya da səhmdarlar tərəfindən kapital ayrılması gözlənilir. Ümumiyyətlə isə bank sektorunu götürdükdə kapital artımı bankların kreditləşmə prosesindəki imkanlarının birə beş artması deməkdir. Ümumiyyətlə isə siyahıya nəzər salsaq, bazarda daha aktiv fəaliyyət göstərən iri bankların artıq məcmu kapitalları 50 milyon tələbini ötmüşdür, yəni onlar bu tələbə cavab verirlər, amma siyahının ortasında da elə banklar var ki, indi onlar da məcbur olacaq ki, daha ambisiyalı və irimiqyaslı planlar həyata keçirsinlər.
2013-cü ilin bank sektoru üçün hansı dəyişikliklər ilə yadda qalacağını düşünürsünüz?
Mahiyyət etibarı ilə birinci suala çox yaxındır. Yenə də demək istəyirəm ki, kapital artımı tələbinin yerinə yetirilməsi ilə bağlı dəyişikliklər gözləyirik. Bundan başqa onu da qeyd edərdim ki, banklarda reteil- fiziki şəxslərlə bağlı sahənin daha da aqressiv və iri templərlə genişlənməsinin davam etdirilməsini gözləyirik. Biz haradasa 2013-cü ildə və ümumiyyətlə yaxın illər ərzində bankların texnoloji tərəfdən inkişafını görmək istərdik. Bununla bağlı mən ilk növbədə plastik kartlar sahəsini qeyd edərdim. Adi müştəri üçün taksit kartların yaradılması və onların son bir il 6 ay ərzində kredit kartlılar bazarında nə dərəcədə vacib, aktiv rol oynamasnı qeyd etmək olar.
Taksit kartlarla bağlı xüsusi planınız var?
Əlbəttə ki, bundan ötrü Türkiyə bazarına nəzər salmağınız da kifayət edir, hər bir bankın artıq taksit kartları vardır. Mən əminəm ki, yaxın gələcəkdə Azərbaycanda da hər bir bankın taksit kart məhsulu olacaqdır. Bu zamanın və dövrün tələbidir.
Bildiyiniz kimi saytımızda müntəzəm olaraq kredit reytinqləri tərtib edilir. Təmsil etdiyiniz Bank adətən reytinqin ilk pillələrində olur, bu da sizin bankda kredit faizlərinin daha aşağı olmasını göstərir. Bu siyasəti nə ilə izah edərdiniz?
Ümumiyyətlə götürdükdə, hər bir bankın öz siyasəti, öz missiyası və inkişaf baxışları vardır. Konkret bizim bankdan danışdıqda isə biz əsasən müştəri nöqteyi-nəzərindən yanaşırıq banka. Təbii ki, hər bir bankın əsas məqsədi gəlir əldə etməkdir, sadəcə söhbət yüksək gəlirdən getmir. Bazarda payımızın o qədər də böyük olmamasına baxmayaraq, kredit məhsulları üzrə faizlərimiz kifayət qədər aşağıdır, yaxın gələcəkdə və ümumiyyətlə gələcəkdə də bu siyasət davam etdiriləcək.
Bankınızın əməkdaşları ilə əlaqə saxladıqda, bizim siyasətimiz bazarda “ən ucuz kreditləri” təqdim etməkdir deyirlər, buna nail ola bilirsiniz?
Əslində hamı və elə biz də “ən” və “tam” kimi sözlərdən bir az yan qaçmağa çalışırıq. Həmçinin qanunvericilik də buna yol vermir. Amma biz əlimizdən gələn qədər çalışırıq ki, təqdim etdiyimiz məhsullar müştərilər üçün maksimim dərəcədə əlverişli olsun. Əlbəttə ki, bu rəqiblər ilə mübarizədə, həm də bank məhsullarında özünü büruzə verir.
Mənə maraqlıdır ki, faizlərin aşağı olması kreditin verilməsi ilə bağlı digər tələblərin sərtləşməsinə səbəb olmur ki?
Hal-hazırda fiziki şəxslər bazarını götürsək, o banklar ki, bazarda aqressiv kredit siyasəti yeridir, onların hamısının ümumi, ortaq xüsusiyyətləri, elementləri vardır: birincisi bu çox böyük reklam kompaniyasıdır, əlbəttə ki, müştəriyə və bazara siqnal vermək üçün onlar hər növ reklam vasitələrinə əl atırlar və istəyirlər ki, müştəriləri məhz öz banklarına cəlb etsinlər. İkinci əsas məqam kimi mən onu qeyd edərdim ki, bu proseduraların, əsasən də kredit məhsullarının satışı proseduralarının sadələşməsidir. Belə deyək ki, o banklar ki, həqiqətən də fiziki şəxslərlə işləyir, onlar məhsulun, kredit satış müddətini minimuma çatdırmaq istəyirlər. Bir fiziki şəxs banka yaxınlaşdıqda, onun krediti 10-15 dəqiqəyə rəsmiləşdirilir və o məhsulu ala bilir.
Amma buna baxmayaraq həmin banklarda yüksək faizlər və bahalı kredit məhsulları siyasəti tətbiq edilir. Burada üç əsas elementi qeyd etmək istərdim: Sadə prosedura, böyük reklam kampaniyası bazara siqnal göndərmək məqsədi ilə və bunun müqabilində yüksək faizlər.
Bizdə isə vəziyyət əksinədir. Biz öz növbəmizdə güclü reklam kampaniyası həyata keçirmirik. Bu da bizim siyasətimizin tərkib hissəsidir. Güclü reklam kompaniyası çoxlu xərc və böyük bir büdcə deməkdir, bu da nəticə etibarı ilə sonda gəlib bizim məhsullarımızın bahalaşmasına səbəb ola bilərdi. Proseduralara isə sadə deməzdim, amma onları orta-sadə adlandırmaq olar. Bankımızda müştərilərə yanaşma kifayət qədər liberaldır. Əgər müştəri doğrudan da yaxşı müştəridirsə, yaxşı müştəri dedikdə kredit tarixçəsi korlanmamış, müsbət tarixçəyə malik müştərilər nəzərdə tutulur, onun hansı şirkətdə çalışmasından asılı olmayaraq, nə işləməsindən asılı olmayaraq, bizim müştərimiz olmasını istərdik.
Hazırda regionda ən yüksək kredit faizləri Azərbaycandadır. Sizcə ümumiyyətlə 2013-cü ildə banklarda kredit faizlərinin aşağı düşməsi tendensiyası müşahidə olunacaqmı?
Bu mövzu ümumiyyətlə bir neçə dəfə gündəmə gətirilib və Azərbaycanda hələ də aktual qalmaqdadır, amma ki, bunun özünün fundamental səbəbləri vardır və bu, makro iqtisadi göstəricilər və Azərbaycanın bütünlükdə götürdükdə ölkə və bir iqtisadiyyat kimi özünün riskləri ilə bağlıdır.
Banklarda faiz dərəcəsi elə belə formalaşmır. Bizim satdığımız mal puldur, biz pul satmaqla məşğuluq.
Təbii ki, mən bizim ölkədə depozit faizlərinin digərləri ilə müqayisədə də daha yüksək olmasını bilirəm, cəlb etdiyiniz vəsait baha başa gəldikdə, əlbəttə onu baha satacaqsınız. Amma yenə də tendensiyanı necə dəyərləndirirsiniz?
Əlbəttə ki, cəlb etdiyimiz pulların dəyərindən başqa, həm də ki, inflyasiyanın templərinin rolunu da qeyd etmək lazımdır. Mən ümidvaram ki, yaxın gələcəkdə Azərbaycanda inflyasiyanın templəri imkan verəcək ki, banklar kredit məhsullarının faizlərini aşağı salsınlar. Əlbəttə ki, digər tərəfdən yanaşanda bankların öz fəaliyyətlərini təkmilləşdirməsi prosesi baş verməlidir ki, hər bir məhsulun satışı ilə bağlı vaxt itkisi və resurs məsrəfi daha da azalsın. Əgər biz – banklar inkişaf etsək, öz işimizi daha təkmil qursaq, proseduraları sadələşdirsək, texnoloji cəhətdən irəli getsək, bu da axır nəticədə, faiz dərəcələrində, daha dəqiq desək məhsulun qiymətində özünü büruzə verəcək. 2013-cü ildə bunun baş verməsi üçün meyllər və zəmin vardır.
Hiss etmisinizsə, axır illərdə depozitlərin faizlərində də enmə müşahidə olunur. İnflyasiya da hal-hazırda Azərbaycanda çox da yüksək deyil. O, üzdən də kütləvi informasiya vasitələrində bu məsələ bir neçə dəfə aktuallaşır ki, nəyə görə banklar kreditlər üzrə faiz dərəcələrini aşağı salmırlar. Amma mənə elə gəlir ki, bu az templə olsa da baş verir. Hələ ki, Azərbaycanda bank bazarı daha inertdir, yəni müasir, inkişaf etmiş Avropa bazarlarını götürsək, onlar daha çevikdirlər, əlbəttə ki, həmin ölkələrin artıq uzun müddətdir ki, bazar iqtisadiyyatını işlətməsi ilə əlaqədardır. Biz isə həmin sistemi cəmi 20 ildir ki, yaratmışıq, belə çevik bank sistemi və bazar iqtisadiyyatının olması üçün hələ kifayət qədər cavanıq.
Bəzi skeptiklər iddia edir ki, tezliklə Azərbaycanda xırda bank qalmayacaq. Dövlət getdikcə bank sektorunda öz iştirakını gücləndirir və belə banklarla rəqabət aparmaq olduqca çətindir. Sizcə xırda banklar nəyin hesabına “sağ” qala bilər?
Ümumiyyətlə bu sualın bir neçə hissəsi ilə tam razı deyiləm. “Dövlət getdikcə bank sektorunda öz iştirakını gücləndirir” – hazırda belə bir tendensiya yoxdur. Azərbaycanın bank bazarında bircə dövlət bankı qalmışdır ki, o da Beynəlxalq Bankdır, düzdür onun payı bazarda kifayət qədər böyükdür, haradasa aktivləri 40%-ə yaxındır. Amma siz fikir vermisinizsə, bu rəqəm əvvəl daha böyük idi və o, getdikcə azalaraq, 40%-dən də aşağı düşüb.
Dövlətin iştirakı dedikdə, məhz dövlət vasitəsi ilə maliyyələşən, dövlətin maliyyə kanalı qismində çıxış edən bankları nəzərdə tuturdum.
Əslində bu təbii haldır, gəlin Amerika bazarında Federal Ehtiyatlar Sisteminə baxaq. Mərkəzi Bank kommersiya banklarına maliyyə vəsaiti verir, həmin banklar isə öz növbəsində iqtisadiyyatı kreditləşdirir. Yəni burada dövlət xəttinin olması qeyri adi məqam deyil. Başqa bir məqam indi Azərbaycanda maliyyə vəsaitinin kifayət qədər olmasıdır. Ölkə rəhbərliyi iqtisadiyyatın inkişafının daha intensiv olmasını qarşıya məqsəd kimi qoyur və bununla əlaqədar olaraq da başqa maliyyə institutları yaradılır. Bu sırada Sahibkarlara Kömək Mili Fondu, Neft Fondundan ayrılan pul məbləğlərini, vəsaitləri və oradan maliyyələşən iri həcmli strateji layihələri qeyd etmək olar. Bu da haradasa iqtisadiyyata yeni stimul verir. Burda dövlətin bank sektorunda rolunun güclənməsini demək olmaz, sadəcə dövlətin iqtisadiyyatın maliyyələşməsində rolu artır.
Bu, özünü dövlət xərclərində də büruzə verir. Bildiyiniz ki, neft fondundan ayrılan vəsaitin böyük bir hissəsi dövlət büdcəsinə gedir və dövlət büdcəsinin xərclərinin böyük bir qismi investisiya yönümlü xərclərdir. Buda ki, dövlət xərclərində öz əksini tapır. Bir neçə nüfuzlu iqtisadiyyatçı qeyd edir ki, hal-hazırda bizim ölkənin iqtisadi artımı daha çox dövlət xərcləri üzərində qurulub, zənnimcə bu təbiidir, biz neft ölkəsiyik və gələn maliyyə iqtisadiyyata yönəlir, digər bir hissə isə Holland sindromu ilə əlaqədar olaraq, iqtisadiyyata mənfi təsiri olmasın deyə fonda yerləşdirilir. Amma ki, kifayət qədər bir hissə iqtisadiyyata yerləşdirilir.
O ki, qaldı xırda banklara, onların böyük banklar ilə müqayisədə bir çox güclü cəhətləri vardır. Xırda bank həmişə daha müştəri yönümlü olur. Götürək hüququ şəxsləri. Böyük bankın kifayət qədər müştəri bazası olduğuna görə, ona yeni bir hüquqi şəxs müştəri kimi müraciət etdikdə, ona adi, sıravi şəkildə yanaşır və xidmət göstərir. Amma ki, həmin hüquqi şəxs balaca bir banka üz tutanda, həmin balaca bank operativ və çevik olur, müştərinin istədiyini daha yaxşı gerçəkləşdirməyə çalışır, həmçinin maliyyə xidmətində daha demokratik və çevik olur. Müştəri baxımından əlbəttə ki, xırda bankla işləmək daha asandır, həm istədiyinə nail olmaq daha yaxşıdır, istər operativlik baxımından, istər də sair xidmətlər baxımından. Böyük bankda hər hansı bir qərarın qəbulu uzun bürokratik proses tələb edir, xırda bankda isə bu proses daha az müddət alır, çünki şöbələr və departamentlər bir-biri ilə daha sıx əlaqədə olur.
Ən çox kimləri kreditləşdirirsiniz, müştərilərinizin coğrafiyası necə dəyişir, bəs regionlara çıxışınız nə səviyyədədir?
Regionlarda hal-hazırda bizim iki filialımız fəaliyyət göstərir: biri Gəncə, digəri isə Naxçıvan şəhərində. Mən deyərdim ki, öz tərəfimizdən bizim Naxçıvan filialımız həmin regionda kifayət qədər aktivdir, göz dəyməsin və bu fəaliyyətin genişlənməsini arzulayardıq, bu orda həm fiziki şəxslərə, həm də ki, xırda və orta sahibkarlara aiddir. Gəncə şəhərindəki filialımız da, həm fiziki, həm də hüququ şəxslərlə işləyir və o bazara uyğun yaranan yerli tələbatları qarşılamağa çalışır.
Müştərilərimiz həm fiziki, həm də hüquqi şəxslərdir, bu nisbət haradasa, kobud şəkildə desək 50-nin 50-yədir. Bu isə öz növbəsində balanslaşdırılmış siyasətin nəticəsidir. Lakin buna baxmayaraq, bizim müştərilərimizin coğrafiyası kifayət qədər genişdir, hətta filiallarımız və satış nöqtələrimiz olmayan regionlarda belə müştərilərimiz vardır. Birinci növbədə burada, Şəki, Zaqatala və Qax rayonlarını qeyd edərdim, həmin bölgədə filialımızın olmamasına rəğmən kifayət qədər aktivik. Bizim səhmdarlardan biri Aqrarkredit təşkilatıdır, bildiyiniz kimi, kənd təsərrüfatının maliyyələşməsinə önəm verir, biz də çalışırıq ki, qismən də olsa bu siyasəti davam etdirək, kənd təsərrüfatının maliyyələşməsində iştirak edək və onun inkişafına dəstək göstərək.
Bildiyimiz kimi AzərTürkBankın səhmlərinin 46%-i T.C.Ziraat Bankasına məxsusdur. Türkiyədə isə istehlak kreditləri üzrə orta faiz dərəcəsi 17%-dir.
Bilmək istərdik ki, siz Azərbaycan bazarında Türkiyə təcrübəsindən faydalana bilirsiniz? Bazarda buna mane olacaq hansı faktorlar vardır?
Hal-hazırda bazarda bizdən başqa da xarici kapitallı banllar vardır: Məsələn VTB Azərbaycan, YapıKredi –tamamı ilə Türkiyə kapitalı ilə fəaliyyət göstərən bankdır, amma faiz dərəcələrinə baxsaq, mən deyərdim ki, haradasa bizim bazara uyğundur. Əlbəttə ki, Ziraat bank Türkiyənin ən iri banklarından biridir və bəzi göstəricilərə görə ən böyük bankdır, o regional inkişaf etmiş bankdır, onun, Şərq və Qərbi Avropada, Asiyada, Amerikada bölmə və şöbələri açılıb, bu üzdən də biz onların təcrübəsindən istifadə edirik və etməkdəyik.
Bəs iki bank arasında əməkdaşlıq və təcrübə mübadiləsi nə səviyyədədir?
Əlbəttə ki, biz operativ qayda da onlar ilə əlaqə saxlayırıq, həm də bizim əməkdaşlar Ziraat bankda müəyyən treninqlər, təlimlər keçir, bəzən də türkiyəli dostlarımızla çiyin-çiyinə çalışırlar, müəyyən təcrübə toplayır, və hər hansı bir məhsulu və ya təcrübəni yerli bazara uyğundursa ölkəmizdə tətbiq edirik.
Sonuncu sualım nisbətən mövzudan kənar olacaq. Dahi rəssam Pikassonun belə bir fikri var ki, “Yalnız o, işi sabaha saxla ki, onu ölənə qədər görmək fikrin yoxdur”.
Bəs siz, zamanın idarə edilməsi ilə bağlı çətinlik çəkənlərə nə tövsiyə verərdiniz?
Əlbəttə ki, taymmenecment, yəni zamanın səmərəli idarəedilməsi bir çox amillərdən asılıdır, mən isə onu daha çox kadrların potensialı ilə əsaslandırıram. Ola bilsin ki, mən təcrübəmdə, belə deyək, mənfi məqamlarla çox qarşılaşmışam və buna görə də elə-belə qeyd etmədim ki, banklar bu gün öz işini təkmilləşdirməli və müasir menecmentin tələblərinə cavab verməli, onun prinsiplərini tətbiq etməlidirlər. Hal-hazırda mənə elə gəlir ki, bankda taymmenecmentə əsas təsir edən amil texnologiyanın inkişafıdır.
Texnologiyalar bu gün əksər prosesləri qısaltmağa qadirdir və bununla da onlar vaxta qənaət etməyə imkan yaradırlar.
Hər bir təşkilatın öz xüsusiyyəti var, mən deyərdim ki, hər bir departamentin özünəməxsus tərəfləri vardır. Məsələn Kredit departamenti ilə Biznesin inkişafı departamentinin iş prinsipləri bir-birindən tamam fərqlidir, bizdə burada yaradıcılığa üstünlük verilir, yeni ideya və məhsullar yaranır və layihələr tərtib edilir. Bu zaman təbii ki kreativlikdən, burada işləyən insanlar ambisiyalarından çox şey asılıdır. Taymmencementə gəldikdə isə, vaxtın düzgün adamlar arasında və düzgün bölüşdürülməsini vurğulamaq istərdim, təbii ki, rəhbərlər öz iş işçilərini yaxşı tanımalı, onların güclü və zəif tərəflərini bilməlidirlər. Kim nəyi yaxşı bacarırsa, onu da yerinə yetirməlidir.
Təşəkkür edirik!