Dünyanın ən bahalı 100 markasının ümumi dəyəri son bir ildə 9% artaraq 2 trilyon dolları keçib. Onlar arasında birinci yeri artıq səkkizinci dəfədir ki, “Apple” şirkəti tutur. Bu məlumat “Interbrand” konsaltinq şirkətinin illik reytinqində göstərilib.
Ekspertlər qeyd edirlər ki, yeni növ koronavirus pandemiyası səbəbindən texnologiya şirkətləri əhəmiyyətli dərəcədə böyüyüblər. “Böyük markalar 2020-ci ildə bulud xidmətləri daxil olmaqla, müxtəlif sahələrin rəqəmsallaşmasını sürətləndirən Covid-19 sayəsində daha da gücləniblər”, – şirkətin məruzəsində deyilir.
Bildirilir ki, “Apple” markasının dəyəri il ərzində 38% artaraq 323 milyard dollara çatıb. İkinci yerdə “Amazon (+60%, 200 milyard dollar), üçüncü yerdə isə “Microsoft” (+53%, 166 milyard dollar) dayanır.
Reytinqin ilk onluğuna həmçinin “Google” (165 milyard dollar), “Samsung” (62 milyard dollar), “Coca-Cola” (56,9 milyard dollar), “Toyota” (51,6 milyard dollar), “Mercedes” (49,2 milyard dollar). “McDonald’s” (42,8 milyard dollar) və “Disney” (40,8 milyard dollar) şirkətləri daxil olub.
Qeyd edək ki, reytinqin tərtib edilməsi zamanı şirkətin maliyyə nəticələri, brendin populyarlığı və bazara göstərdiyi təsir kimi amillər nəzərə alınır.