ABŞ-ın zərgərlik mağazası “Tiffany&Co” Rusiyadan almaz və brilyant almaqdan imtina edib.
“Tiffany” Rusiyadan bütün növ cilalanmamış almaz alışını, eləcə də harada kəsilməsindən asılı olmayaraq, Rusiya mənşəli brilyantların alışını dayandırıb”, – şirkətin açıqlamasında deyilir.
ABŞ-ın mart ayında tətbiq etdiyi qadağa yalnız Rusiyada hasil edilən və Rusiyada kəsilmiş almaz və brilyantlara aiddir və Hindistanda kəsilən Rusiya məhsullarının əsas hissəsinə təsir göstərmir.
“Tiffany” öz tədarükçülərinə Rusiya brilyantlarının alınmasını dayandırmağı və zərgərlik məmulatlarında istifadə edilən brilyantları Rusiya və qeyri-Rusiya mənşəli olmalarına görə ayırmağı tapşırıb.
“Tiffany”nin qadağası martın 21-dən etibarən Rusiyada çıxarılan brilyantlara şamil edilir. Şirkət Rusiya brilyantlarının mağazalarda satışının davam edib-etməyəcəyini və ya şirkətin münaqişədən əvvəl hasil olunan və hazırda hələ də kəsilmək və ya cilalamaq prosesində olan almazları ala bilib-bilməyəcəyini dəqiqləşdirməyib.
Qeyd edək ki, hazırda “Louis Vuitton Moet Hennessy”yə (LVMH) məxsus olan “Tiffany” Rusiyanın “Alrosa” şirkətinin uzunmüddətli müştərisi olub.
Ukrayna ilə bağlı münaqişə fonunda “Tiffany” ilə yanaşı, ABŞ-ın digər riteyleri “Signet Jewelers” də alışdan imtina edib, “Brilliant Earth” onlayn satıcı isə Rusiya mənşəli bütün brilyantları öz saytından silib.