12 C
Baku
Saturday, November 23, 2024

Ən çox silah satan və alan ölkələr – SİYAHI

Son illər ərzində bəzi ölkələr dünyada artan münaqişə ocaqları fonunda silahlanmaya daha çox diqqət ayırmağa başlayıb. Silah satan ölkələrin hərbi sənaye müəssisələrinin gəlirlərində kəskin artımın müşahidə edilməsi orduların silahlanmasının prioritet olduğunu göstərir.

Müşahidələrə əsasən deyə bilərik ki, bir neçə il ərzində silahlı münaqişələrin coğrafiyasının genişlənməsinə səbəb böyük ölkələrin maraqlarının burada toqquşmasıdır. Siyasi ambisiyaların gərginləşməsi münaqişə ocaqlarının genişlənməsinə və nəticədə silah alverinin dirçəlməsinə gətirib çıxarır.

Dünya statistikasına əsasən, ən çox satılan hərbi vasitələr hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və qırıcı təyyarələrdir.

Bəs ən çox silah satan və alan ölkələr hansılardır?

Uzun illərdir ki, hərbi sənaye bazarında ilk yeri ABŞ tutur.

Silah satışı üzrə ilk 100 nəhəng müəssisədən 41-i bu ölkəyə aiddir. Dünyada silah satışı üzrə ümumi gəlirlərin 54 faizi Amerikanın payına düşür. Bu rəqəm təxminən 285 milyard dollar təşkil edir.

Silah satışı üzrə siyahıda ikinci yerdə Çin gəlir.

Çin ötən il silah satışından 67 milyard dollar gəlir əldə edib. Bu göstərici 2019-cu illə müqayisədə 1,5 faiz çoxdur.

Çinin son illərdə artım əldə etməsinin səbəblərindən biri də hökumətin həyata keçirdiyi hərbi modernləşdirmə proqramlarıdır.

Hazırda Ukraynada müharibə aparan Rusiya isə siyahıda üçüncü yerdə olsa da, onun geriləyəcəyi gözlənir.

Rusiya silah satışından keçən il təxminən 26 milyard dollar qazanıb, bu rəqəm iki il əvvəl 28 milyard təşkil edib.

Bu ilin fevralında Ukraynada başlayan müharibə səbəbindən bəzi ölkələr Rusiyadan silah almaqdan imtina edib. Bundan əlavə, daşınmada yaşanan fasilələr silah alverində geriləməyə yol açıb.

Bundan əlavə, Hindistana silah satışı 53 faiz azalıb ki, bu da Rusiyanın gəlirlərinə ciddi təsir edib.

Silah satışı üzrə siyahıda Rusiyadan sonra Böyük Britaniya dayanır. İngiltərə son beş ildə silah satışından 32 milyard dollarlıq gəlir əldə edib. Bu ölkə 2010-cu ilin may ayından 2015-ci ilin iyun ayına qədər təxminən 32 milyard dollarlıq silah ixrac edib.

Siyahının növbəti sıralarında Fransa və Almaniya qərarlaşıb. Bu ölkələrin birgə gəliri 109 milyard dollar təşkil edir.

İsrail, Yaponiya və Cənubi Koreya şirkətləri də ilk 100-lüyə daxil ola bilib.

Ən çox silah alanlar…

Silah satan ölkələrin ən böyük bazarı Yaxın Şərq regionudur.

Belə ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin silaha xərclədiyi vəsait bütün Qərbi Avropa ölkələrinin silaha xərclədiyi puldan daha çoxdur. Hətta Yaxın Şərqin 110 milyard dollarlıq silah bazarı olacağı bildirilir.

Səudiyyə Ərəbistanı dünyanın ən böyük silah alıcısı olaraq siyahıya illərdir ki, liderlik edir. Statistikaya görə, Səudiyyə Ərəbistanında xərclənən hər 7 dollardan biri silah alışına sərf olunur. Bu rəqəmin getdikcə artacağı gözlənilir.

İkinci yerdə Hindistan dayanır. Hindistan 2014-cü ilə qədər birinci olsa da, sonradan geriləmə baş verib.

Hindistan daha çox müdafiə sistemləri və PUA-lar alır.

Növbəti sırada Birləşmiş Ərəb Əmirlikləri, Tayvan, Avstraliya, Cənubi Koreya, İndoneziya, Türkiyə və Pakistan gəlir.

Ümumilikdə qlobal silah tranferinin 42 faizi Asiya və Okeaniya ölkələrinin payına düşüb.

Son bir ildə ABŞ istehsal etdiyi silahların 47 faizini Yaxın Şərq ölkələrinə ixrac etdiyi halda, Rusiya və Çinin ən böyük silah bazarı yarımsəhra Afrika ölkələri olub.

Bu siyahı ilə yanaşı, Cənubi Qafqazda Azərbaycan və Ermənistan da silahlanmaya böyük maraq göstərir.

2020-ci ildə baş vermiş 44 günlük müharibədən sonra sülh prosesində maraqlı olduqlarını deyən Ermənistan hökuməti növbəti ilin dövlət büdcəsində müdafiə xərclərini artırıb. 2023-cü ildə Ermənistanın müdafiə xərcləri 501,3 milyard dram (1,3 milyard dollar) təşkil edəcək.

Büdcə layihəsinə əsasən, Ermənistanın hərbi büdcəsi 40%-dən çox artacaq və tarixdə ilk dəfə olaraq bir milyard dolları ötəcək. Rəsmi İrəvan növbəti il üçün hərbi büdcəsini 11 faiz genişləndirərək 640 milyon dollardan 710 milyon dollar həddinə çatdıracaq.

Azərbaycan da növbəti il üçün müdafiə xərclərini artıracaq.

Gələn il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard 320,1 milyon manat proqnozlaşdırılır. Bu göstərici 2022-ci illə müqayisədə 235,3 milyon manat, yaxud 4,6 faiz çoxdur.

Son xəbərlər
Digər xəbərlər