15 C
Baku
Sunday, November 24, 2024

Ən çox tələb olunan peşələr

Özünə peşə seçmək üçün, təkcə öz marağına arxalanmaq və bunu özünə istiqamət götürmək yetərli deyil, həmçinin həmin peşəyə bugünkü əmək bazarında nə qədər tələbat olduğunu da nəzərə almaq lazımdır. Seçdiyini peşə perspektivli və karyerada irəliləmək üçün əlverişli olmalıdır.

Müasir biznes əməkdaşlara qarşı kifayət qədər yüksək tələblər irəli sürür, ona görə də uğurlu karyera qurmaq üçün sizə bir çox cəhətləri özünüzdə birləşdirmək lazım gələcək. siz çox şey etməli olacaqsınız. Bura həm ingilis dilini (və ya başqa bir əlahiddə xarici dil –koreya, yapon, çin) bilməyi, həmçinin də kompüter proqramlarına bələd olmağı aid etmək olar.

Amma unutmayın ki, siz yalnız ürəyinizcə olan bir sahədə, qəlbinizə yatan işdə uğur qazana bilərsiniz, ona görə də istənilən halda gördüyünüz iş sizin xoşunuza gəlməlidir. Eyni zamanda aldığınız əməkhaqqının da sizə və bacarıqlarınıza layiq olmasına diqqət yetirin.

Hal-hazırda ən çəx tələbat duyulan və ən yüksək əməkhaqqının ödəndiyi peşələri sadalamağa çalışaq:

IT-mütəxəssisləri

Çox güman ki, bu gün ən çox o insanın xidmətlərinə ehtiyac duyulur ki, onun işi İT (informasiya texnologiyaları) və proqramlaşdırma ilə əlaqəli olsun. Bu heç də  təəccüblü deyil, çünki artıq çoxdandır ki, kompüterlər bizim həyatımızda özünəməxsus yer tutub, bir növ bizim həyatımızı öz əllərinə alıblar. Bu gün əmək bazarında daha çox 1C proqramçılarına tələbat var, ən çox əməkhaqqını da onlar 500 – 2500 $ qazanırlar.  İT sahəsindəki proqramçıların məvacibləri də bu rəqəmdən çox geri qalmır.

İndi isə gəlin ofis işçilərinə nəzər salaq

Bunlar katibələr, menecerlər, iş icraçılarıdırlar. Düzdür bu peşələri heç də ən prestijli iş adlandırmaq olmaz, amma onlar sizin karyera yüksəlişiniz üçün əla start-başlanğıc pillə rolunu oynaya bilər. Əgər siz Word, Excel  proqramları ilə yaxşı tanışsınızsa, ksereks və faks aparatları ilə işləməyi bacarırsınızsa onda istənilən kompaniya sizi öz komandasına qəbul edə bilər.  Nəzərə alın ki, menecerlərin və katibələrin ilkin maaşları elə də çox deyil. Bu rəqəm təqribən 250-500 AZN arasında dəyişir.

Satış təmsilçisi

Ticarət və satış sferasına gəldikdə isə, burda da işə düzəlmək şansları olduqca yaxşıdır. Məsələn hal-hazırda əksər vakansiyalar satış meneceri və satış (ticarət) təmsilçisi vəzifəsinədir. Bu kifayət qədər çətin işdir, axı heç də hamı gün ərzində bir neçə dəfə bu şirkətdən digərinə, bu dükandan o birisinə getməyi, eyni anda da sifarişlər qəbul etməyi və məhsulları həmin yerlərə apararaq təbliğ etməyi bacarmır. Amma burada çox yaxşı pul qazanmaq mümkündür. Təqribən bir ay ərzində 500-600  AZN, təcrübəli işçilərdə isə əməkhaqqı daha çox ola bilər.

peshe

Mühasib və hüquqşünas

Həmçinin yüksək əməkhaqqı ödənilən peşələr sırasına mühasib və hüquqşünas ixtisaslarını aid etmək olar. Amma belə sənətlərdə yüksək əməkhaqqı verilən tapmaq olduqca çətindir, həm işinin peşəkarı olmaq, həm də təcrübəli olmaq tələb olunur. Təcrübəsiz mühasibi və hüquqşünası işə götürəcək kompaniyalar olduqca azlıq təşkil edir. Namizədlərdən mütləq şirkətlərdə hüquqşünas təcrübəsi olması, Azərbaycan Respublikasının Əmək  və Mülki Məcəlləsini bilmək, kadr işlərindən xəbərdar olmaq, Azərbaycan və Rus dillərini mükəmməl bilmək Ofis proqramlarında işləmək bacarığının olması tələb olunur.

Qeyd edək ki, bu ilki tələbə qəbulu planında ən ciddi azalmaq hüquq ixtisası üzrədir. Qəbul planı ötən ilə nisbətən 50 faiz, yəni 222 yer azalıb, indi cəmi 232 nəfər bu ixtisas üzrə oxumaq şansı əldə edəcək.

Adətən işəgötürən kompaniyalar bu sahədə orta səviyyəli əməkhaqqı tələb edir.  Amma bu sahədə də 800-1000 AZN təklif edən şirkətlərə rast gəlmək mümkündür.

Tikinti sahəsi

Əmək bazarında yüksək tələbatın olduğu sahələrdən biri də inşaat-tikintidir.  Müvafiq peşəyə yiyələnmiş insanlar üçün, bu sahədə böyük perspektivlər var, çünki hal-hazırda demək olar ki, Azərbaycanın hər yerində, yenidənqurma və tikinti işləri gedir, ona görə də çox yerdə iş tapmaq mümkündür. Bu sahədə əməkhaqqılar 300-400 AZN civarında dəyişir. Ixtisasdan və dərəcədən asılı olaraq daha da yüksək ola bilər. Amma təzə başlayanlar təqribən qeyd etdiyimiz miqdarda məvacib alacaqlar.

Menecer

Menecer kimi peşəni isə ayrılıqda nəzərdən keçirməyə dəyər. Çünki bu peşənin olduqca çox müxtəlif növləri var, məsələn müştərilərlə iş üzrə menecer, personal ilə iş üzrə menecer, satış meneceri, inzibati -administrativ işlər üzrə menecer, reklam və ya marketinq meneceri və s. İstənilən bir menecer üçün orta ixtisas, peşə və ya ali təhsil heç də mane olmaz ki, əksinə üstünlük olar. Menecerlərin əməkhaqqıları da ən müxtəlif olandır. Burada minimum əməkhaqqıdan 1000-!500 AZN-dən müxtəlif məbləğlərə rast gəlmək olar. İstədiyi işə düzəlmək üçün menecerlərə ixtisaslaşdırılmış təlim kurslarından keçmək tövsiyə olunur. Amma ən yaxşısı həmin sahə üzrə ali təhsil almaqdır.

Bankirlər

Bank əməkdaşlarının işləri də kifayət qədər yüksək ödənilir. Onlar ayda təxminən 350-800 AZN civarında əməkhaqqı alır.

Həkimlər

Sizə yaxşı gəlir gətirə biləcək peşələrdən biri isə həmişə kimi həkimlikdir. Bu peşəyə həmişə ehtiyac olacaq. Yəni həkimlərə olan tələbat həmişə aktualdır. Düzdür burada söhbət heç də dövlət sektorunda işləyən həkimlərin maaşından getmir. Söhbət müasir özəl klinikalarda çalışan həkimlərdən gedir, bundan ötrü isə deyərdik ki, xaricdə təhsil almaq və iş təcrübəsinə malik olmaq mütləqdir. Yerli həkimlərə, daha doğrusu dövlət xəstəxanalarına hal-hazırda Azərbaycanda bir o qədər də inam qalmayıb. Həkimlər əməkhaqqından daha çox keçirdiyi əməliyyatlara görə qanarar alırlar. Amma onların əməkhaqqısı təxminən 700 AZN civarında olur.

Burada biz ən aktual və yüksək əməkhaqqı ödənilən peşələri qeyd etmişik, bu siyahını genişləndirmək də olar. Məsələn dövlət qulluqçuları daha yüksək əməkhaqqı qazanır, amma işə yiyələnmək üçün sağlam rəqabət imkanları elə də yaxşı vəziyyətdə deyil. Yaxşı işə düzəlmək üçün intervülərdən keçmək, CV göndərmək, ehtiyac yarandıqda müvafiq sahə ilə bağlı bilikləri genişləndirmək, kurslara yazılmaq lazımdır.

Son xəbərlər
Digər xəbərlər