Müsahibimiz: “PAŞA Həyat Sığorta” Şirkətinin idarə Heyətinin sədri Mürsəl Rüstəmov
Şirkət haqqında qısaca onu qeyd etmək istərdik ki, “PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” ASC 2010-cu ilin noyabrın ayının 24-də Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçmişdir və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14 fevral 2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində aktiv fəaliyyət göstərir. Təsis olunduğu zaman şirkətin nizamnamə kapitalı 7 mln. AZN təşkil etməsin baxmayaraq, fəaliyyətinin ilk 2 ilinin nəticəsi olaraq nizamnamə kapitalının həcmi 3,6 dəfə artırılaraq 25.2 mln. manata çatmışdır.
Mürsəl müəllim, müsahibə üçün yaratdığınız imkana görə təşəkkür edir və icazənizlə ilk sualımıza keçmək istərdik:
Mürsəl müəllim, “PAŞA Həyat Sığorta” olduqca qısa müddət ərzində, yəni cəmi 2 ildə ümumi sığorta bazarında 7,9% və həyat sığortası bazarında isə 44% pay əldə etməyə müvəffəq olub, belə uğurlu nəticələrə necə nail olmusunuz?
Əvvəla qeyd etmək istərdim ki, şirkətimiz “PAŞA Holding” şirkətlər qrupunun həyat sığortası sahəsi üzrə ixtisaslaşmış müstəqil maliyyə institutudur. Bu qrupa daxil olan digər şirkətlər kimi “PAŞA Həyat Sığorta” ASC də öz təsisçisinin brendləşmiş adını uğurla daşımaqdadır. Şirkətin uğurlarının başında məhz bu brendi daşıması dayanır.
Şirkətin ümumi sığorta bazarında, o cümlədən həyat sığortası bazarındakı payının durmadan artması, həmçinin aktiv inkişafının səbəbləri bir məcmu halında qiymətləndirilməlidir. Əslində ən kiçik detallar uğura aparan yola işıq tutan əhəmiyyətli indikatorlardır.
Əldə olunmuş uğurlu nəticələrin əsas səbəblərindən danışsaq, ilk növbədə “PAŞA Həyat” kollektivinin düzgün və məqsədyönlü komanda şəklində formalaşmasını qeyd etməliyəm. Kollektivin komanda şəklində düzgün istiqamətləndirilməsi nəticə etibarı ilə həmin şirkətin fəaliyyətini uğurla və mənfəətlə başa vurmasına gətirib çıxarır.
Uğurlarımızın digər əsas səbəbi isə şirkətimizin beynəlxalq səviyyəli yerli məsləhətçilərin köməyindən istifadə etməklə kollektiv işin nəticəsi olaraq hazırladığı düzgün İnkişaf Strategiyası əsasında fəaliyyət göstərməsidir. Bu strategiyada bütün inkişaf istiqamətləri öz əksini tapır. Ümumiyyətlə, şirkətimizin əsas missiyası peşəkar, çevik və etibarlı xidmət göstərməklə müştərilərimizin maliyyə sabitliyini və əminliyini təmin etməkdir. Bir sözlə, şirkətimiz sahib olduğu komanda ruhu, peşəkarlıq, şəffaflıq, davamlı inkişaf və müştəri yönümlülüyü sayəsində uğurlu nəticələr əldə edir. İnanıram ki, şirkətimizin uğurları davamlı olacaq və bu inkişafın artan tempini hər zaman qoruyacaq.
Nə üçün həyat sığortası belə vacibdir, onu digər sığorta növlərindən fərqləndirən nədir? Necə oldu ki, məhz həyat sığortası istiqamətində şirkətin yaradılmasına qərar verdiniz?
– Həyat sığortasının vacibliyi və bu sahədə yeni şirkətin yaradılması məsələsinə gəldikdə bu, beynəlxalq təcrübə əsas tutulmaqla, birbaşa olaraq ölkəmizin sığorta qanunvericiliyindən irəli gəlir. Məlumat üçün bildirmək lazımdır ki, 2008-ci ilin 15 mart tarixindən qüvvəyə minən “Sığorta fəaliyyəti haqqında”
Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsində qeyd olunur ki, sığortaçılar həyat sığortası və ya qeyri-həyat sığortası (ümumi sığorta) sahələrindən yalnız biri üzrə fəaliyyət göstərə bilərlər. Nəzərinizə çatdırmaq istəyirəm ki, “PAŞA Həyat” sığorta şirkəti yarandığı gündən müştərilərə həyat sığortası növlərini təklif edir.
Göründüyü kimi, bizim profilimiz həyat sığortası xidmətləri üzrədir. Dünya təcrübəsi göstərir ki, həyat sığortası cəmiyyətdə insanlar üçün zəruri qoruyucu alət və iqtisadiyyatda mühüm investisiya mənbəyidir. Məhz bu amillərə əsaslanaraq, ölkəmizdə həyat sığortasının aparılması ayrıca ixtisaslaşmış şirkətlərə həvalə olunmuşdur.
Bir daha qeyd edirəm ki, həyat sığortası şəxsin ölümü, müəyyən yaşa çatması, ailə başçısını itirməsi, xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirməsinə görə gəlirlərinin azalması, sağalmaz xəstəliyə tutulması və digər hallarda maliyyə təzminatının həyata keçirilməsini nəzərdə tutan sığorta fəaliyyəti istiqamətidir.
Ümumiyyətlə, həyat sığortası iki cür əhəmiyyət daşıyır. Bunlardan birini maliyyə müdafiəsi digərini isə investisiya aləti kimi qeyd etmək olar.
Həyat sığortasının maliyyə müdafiəsi dedikdə, qəfil və xoşagəlməz hadisə nəticəsində hər bir insanın və onun öhdəliyində olan şəxslərin uzunmüddətli maddi çətinlikləri yarana bilməsi risklərinin qarşılanması başa düşülür. Həyat sığortası ailə başçısının ölməsi, bədbəxt hadisə və ya xəstəlik üzündən əmək qabiliyyətini itirdiyinə görə gəlirlərinin azalması hallarında ailənin köməyinə çatacaq bir mexanizm rolunu oynaya bilər. Bu çətinliklərin öhdəsindən gəlmək üçün həyat sığortasından maliyyə müdafiəsi qismində istifadə olunur.
Sığortalanan şəxs həyat sığortasından həm də bir investisiya vasitəsi kimi istifadə edə bilər. Əgər bir maliyyə müdafiəsi vasitəsi olaraq sabit sığorta haqları ödəyib onların yığılması nəticəsində əmələ gələn vəsaitlə kifayətlənmək olursa, investisiya vasitəsi olaraq müəyyən müddətdən sonra ödənilən məbləğlərin cəmi ilə yanaşı, həmin pulların sığortaçı tərəfindən investisiyaya yönəldilməsi nəticəsində əldə olunan gəlirin də müəyyən hissəsini əldə etmək olar.
Hazırda bütünlükdə Azərbaycan sığorta bazarını necə xarakterizə etmək olar, bazarda hansı tendensiyalar hökm sürür və nə kimi perspektivlər gözlənilir?
Son 10 il ərzində Azərbaycan sığorta bazarı sürətli inkişaf dövrünü yaşayır. Ümumi inkişaf həm institutsional, həm bazarın genişlənməsi, eyni zamanda sığorta şirkətlərinin peşəkarlığının və xidmət mədəniyyətinin artmasında özünü göstərir. Ölkə Prezidenti möhtərəm İlham Əliyev cənablarının yürütdüyü uğurlu iqtisadi siyasətin tərkib hissəsi olan maliyyə sahəsinin, o cümlədən, sığorta sektorunun inkişafı mövcud qanunvericilik bazasının genişləndirilməsi və təkmilləşdirilməsi, zəruri olan icbari sığortalanma bazasının genişləndirilməsi, sığorta şirkətlərinin sabitliyinin əsası olan kapitallaşma səviyyəsinin artırılması məqsədilə güzəştlərin nəzərdə tutulması, sığorta bazarının liberallaşdırılması istiqamətində görülən tədbirlərlə dəstəklənir.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ölkə sığorta bazarının inkişafı istiqamətində daim məqsədyönlü fəaliyyət göstərirlər. Əhali arasında icbari sığortanın mahiyyətinin təbliği, o cümlədən, sığortanın faydası barədə məlumatların cəmiyyətə çatdırılması məqsədilə jurnalistlər arasında sığorta mövzusunda yaradıcılıq müsabiqələrinin keçirilməsi, habelə sığorta sahəsində maarifləndirilmə məqsədilə regionlarda görüşlərin keçirilməsi və əhaliyə sığorta biliklərinin artırılması məqsədilə əlavə olaraq sığorta işinə dair əyani vəsaitlər paylanılması və s. işlər böyük əhəmiyyət daşıyır.
Hazırda Azərbaycan sığorta bazarı dinamik inkişaf mərhələsindədir. Bu inkişaf özünü bir daha cari ilin yanvar-iyul aylarında sığorta şirkətləri tərəfindən yığılan sığorta haqlarının həcmində göstərir. Tendensiya yığımların həcminin durmadan artdığını və bazarın daha da genişləndiyini göstərir.
Qeyd olunmalıdır ki, təkcə son 3 ildə (yanvar-iyul 2010 – yanvar-iyul 2013) Azərbaycan sığorta bazarı üzrə məcmu yığımlarda 2,6 dəfə artım müşahidə olunub.
2010-cu ildən indiyədək olan dövr ərzində həyat sığortası üzrə ixtisaslaşmış şirkətlərin yaradılması, şirkətlər tərəfindən müxtəlif çeşidli məhsullarının əhaliyə təqdim olunması, yerli sığorta şirkətlərinin nümayəndələrinin xarici beynəlxalq tədbirlərdə iştirak etməsi və əldə etdikləri təcrübəni Azərbaycan sığorta bazarında tətbiq etməsi və digər bu kimi görülmüş işlər Azərbaycanın sığorta bazarının inkişafına sübut olan amillərdir.
Ümumiyyətlə, istər yerli, istərsə də xarici investorlar Azərbaycan sığorta bazarını perspektivli bazar kimi qiymətləndirirlər. Ölkədə sığorta bazarı olduqca gənc olduğuna görə, potensial daha böyükdür. Potensialı böyük olan Azərbaycan sığorta bazarının inkişaf tendensiyası da artan rəqəmlərlə davam edəcək.
Bazarda böyük pay sahibi olan bir şirkət kimi ölkə əhalisinin həyat sığortasına münasibətini necə şərh edərdiniz və müştəriləriniz əsasən hansı seqmentdən ibarətdir, hüquqi və ya fiziki şəxslərlə daha çox çalışırsınız?
Məlumat üçün bildirim ki, “PAŞA Həyat” həyat sığortası bazarının ən gənc iştirakçılarından biridir və təxminən 3 ilə yaxındır fəaliyyət göstərir. Çox qısa bir müddət ərzində şirkət bir çox nailiyyətlər əldə edib. Hazırda şirkətimiz həyat sığortası bazarında cari ilin yanvar-iyul dövrü üzrə 18 mln. manatlıq sığorta yığımı ilə (bazar payı 44%) liderlik mövqeyinə malikdir. Hələ tam 3 illik fəaliyyət tarixi olmayan şirkətin qeyd olunan göstəricilərə nail olmasını düzgün strateji siyasətin nəticəsi kimi izah etmək olar.
Lakin bütün bunlara baxmayaraq, qarşıda bir çox planlar və hədəflərimiz var. Bu planlardan biri də ölkədə həyat sığortası ilə bağlı maarifləndirmə işlərini daha geniş şəkildə davam etdirməkdir. Həyat sığortası sahəsi Azərbaycanda sığortanın yeni xidmət növlərindən olduğu üçün əhalinin bu haqda məlumatı və biliyi qənaətbəxş hesab olunan səviyyədə deyil. Azərbaycanda həyat sığortası sahəsinin potensialı böyükdür. Lakin bu sahənin daha sürətli inkişafı üçün maarifləndirmə işləri aparılmalıdır, eyni zamanda bazara ölkə əhalisi üçün əlverişli tariflərlə yeni sığorta məhsulları çıxarılmalıdır. Bir sözlə, bazar həyat sığortası məhsulları ilə zənginləşməlidir ki, müştərilər məhsul seçimində müxtəlif tariflərdən istifadə edə bilsin. Bunun məsuliyyəti isə birbaşa sığorta şirkətlərinin üzərinə düşür.
Əhalinin həyat sığortası barədə maarifləndirilməsi üçün ”PAŞA Həyat” bu ilin iyul ayından tələbələrlə bağlı peşəyönümlü sosial layihəyə start verib. Layihədə əsas məqsəd iqtisadi sahədə təhsil alan tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bu sahədə bilik, bacarıq və qabiliyyətlərini daha da artırmaqdır. Şirkət maarifləndirmə işləri ilə yanaşı, eyni zamanda bazara yeni sığorta məhsulları da təqdim etməyi planlaşdırır.
Şirkətimizin müştəri seqmentinə gəldikdə isə, tam əminliklə deyə bilərəm ki, şirkətimiz müştəri yönümlü olduğu üçün hüquqi şəxslərlə yanaşı öz xidmətlərini fərdi müştərilərə də təqdim etməkdə maraqlıdır.
PAŞA Həyat Sığorta şirkəti əsasən hansı beynəlxalq təkrarsığorta və broker şirkətləri ilə əməkdaşlıq edir?
Şirkətimiz dünyanın tanınmış sığorta, təkrarsığorta və broker şirkətləri ilə əməkdaşlığını davam etdirir. Belə ki, təkrarsığorta sahəsində “PAŞA Həyat” Alımaniyanın “GenRe Life”, “MunichRe”, “Allianz” (Allianz-Rusiya), tanınmış broker şirkətlərindən isə ABŞ-ın “Marsh Broker”, Böyük Britaniyanın “JLT broker” (Jardine Lloyd Thompson) və Türkiyənin “Türker Broker” şirkətləri ilə sıx əməkdaşlıq edir.