8 C
Baku
Thursday, December 12, 2024

Ən unikal ölkə — Livan üçün qaranlıq dövr

YAXIN ŞƏRQİN ƏN UNİKAL ölkələrindən biri olan Livanda illərdir davam edən böhran ölkənin bütün sferalarını iflic vəziyyətə salıb. Ölkədə hər 5 nəfərdən dördü yoxsulluq səviyəsində yaşayır, son 2 ildə Livan funtu dollar qarşısında 90% dəyər itirib, qida məhsullarındakı inflyasiya 500%-i ötüb. Son aylarda kəskinləşən yanacaq qıtlığı isə gündəlik həyatın bütün sahələrinin fəaliyyətini minimuma endirib.

Daxili böhranın siyasi yollarla həll edilə bilməməsi, mərkəzi hökumətin funksionallığını getdikcə itirməsi, qanunsuz silahlı qruplaşmaların özbaşınalığı Livanın “çökmüş dövlət” (failed state) olma istiqamətinə girdiyini göstərir. Ötən il Beyrut limanında baş vermiş partlayışdan sonra ölkədə 13 aydır ki, hökumət qurula bilmirdi. Dövlət aparatının korrupsiyalaşması, idarəçilik sisteminin çürüməsi səbəbilə sentyabr ayının əvvəllərində qurulmuş yeni Nəcib Mikati hökumətindən də gözləntilər elə də yüksək deyil. Lakin bəlkə də Mikati hökuməti Livanda daxili problemlərin siyasi müstəvidən silahlı toqquşmalara müstəvisinə keçməzdən öncə sonuncu “dayanacaq”dır. Növbəti bir siyasi təlatüm ölkəni daha da qaranlıq bir dövrə sürükləyə bilər.

86520126 lebanonarsaltripoli4641115

Livanın parçalanmış dini-məzhəbi demoqrafik strukturu ölkədə vətəndaş müharibəsi təhlükəsini xeyli artırır. Ancaq bundan da böyük təhlükə mövcuddur. Belə ki, ümumi əhaliyə nəzərən hər biri üçdə bir nisbətdə olan sünni, şiə və xristian əhali reallığı daxili münaqişəyə regional və qlobal güclərin müdaxilə etməsinə yol aça bilər ki, bu da vətəndaş müharibəsinin vəkalət müharibəsinə (“proxy war”) çevrilməsi deməkdir.

Digər tərəfdən coğrafi mövqe səbəbilə Livan bir sıra geosiyasi fay xətləri üzərində yerləşir. Şərqdən Suriya, cənubdan İsraillə həmsərhəd olan ölkənin hər iki qonşusunda illərdir ki, qlobal əhəmiyyət kəsb edən qaynar silahlı münaqişələr davam edir. Eyni zamanda, Livan Hizbullahı İranın İraq və Suriya vasitəsilə Aralıq dənizinə çıxışını təmin edən proksi şəbəkəsinin ən önəmli aktorudur.

Digər tərəfdən 225 km sahil xətti ilə Aralıq hövzəsində yer alan ölkə “Şərqi Aralıq məsələsi” kimi adlandırılan geosiyasi rəqabətin önəmli hədəflərindən biridir. Bir sıra şərhçilər, “Şərqi Aralıq məsələsinin” gələcək onillikdə müasir dünya geosiyasətinin episentrlərindən birinə çevrilə biləcəyini düşünür.

Bütün bunlar Livandakı siyasi-iqtisadi böhranın silahlı müstəviyə keçməsinin regional geosiyasi fay xətlərində qırılmalar yarada biləcəyinə işarə edir.

Livandakı proseslərdən danışarkən, Emmanuel Makron faktorunu da xüsusilə qeyd etmək yerinə düşərdi. Makronun Beyrutda partlayış baş verən ay iki dəfə Livanı ziyarət edib əzələ nümayişi ilə böyük vədlər verməsinə baxmayaraq, ötən bir il ərzində Livandakı vəziyyətin daha da pisləşdiyini görürük. Ümumiyyətlə, Livan böhranı AUKUS paktı ilə birlikdə Makronun ən öndə gələn xarici siyasət uğursuzluğudur. Makronun gələn ilin martında keçirilməsi nəzərdə tutulan Fransa prezident seçkilərindən öncə Livan məsələsindəki uğursuzluğunu unutdurmaq üçün ciddi həmlə edə biləcəyini təxmin etmək olar.

Mənbə: The Topchubashov Center 

Son xəbərlər
Digər xəbərlər