Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fəcr” qəzetində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müsahibəsi dərc olunub.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qəzetin baş redaktoru Şərif Əl-Bəsilin oktyabrın 4-9-da Azərbaycanda səfərdə olub və nazir Ə.Qarayevdən müsahibə alıb.
Müsahibədə nazir Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından danışaraq, gündən-günə dərinləşən bu münasibətlərin digər ölkələr üçün nümunə ola biləcəyini vurğulayıb. Ə.Qarayev Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarına münasibətdə viza rejiminin sadələşdirilməsi ilə bağlı göstərişinin ardınca ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana hər ay on min insanın səfər etdiyini diqqətə çatdıran nazir ölkədə turistlərə təqdim olunan xidmətlərin təkmilləşdirilməsi istiqamətində daim iş aparıldığını bildirib. O, turizm imkanlarının təbliği məqsədilə üç il əvvəl Dubayda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəliyinin açıldığını nəzərə çatdırıb, ərəb xalqları ilə Azərbaycan xalqının adətlərinin oxşar olduğunu deyib.
Paytaxt Bakının yaxınlığında ziyarət olunmalı yerlər barədə sualı cavablandıran nazir Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu, eləcə də tolerantlıqla bağlı dini abidə və məbədləri, habelə 743-cü ildə Şamaxıda tikilmiş ən qədim Cümə məscidini qeyd edib, adları çəkilən abidələr haqqında ətraflı məlumat verib. O bildirib ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. 2009-cu ildə qoruğun nəzdində inşa olunan muzey dünyada ən gözəl beş muzeydən biridir.
Nazir Ə.Qarayev ərəb turistlərinin bəyəndikləri yerlərə nəzər salaraq, bu xüsusda Qusar rayonunda yerləşən “Şahdağ” Qış-Yay Turizm Kompleksini, Qəbələ və Quba rayonlarını misal çəkib, ələlxüsus da əmin-amanlığın və sabitliyin hökm sürdüyü, o cümlədən yaxın məsafədə yerləşən Azərbaycanda ərəb turistlərinin istəklərinə uyğun hər cür şəraitin mövcudluğunu və göstərilən xidmətlərin qiymətlərinin münasibliyini qeyd edib.
Turizm sahəsinə xarici investisiyaların yatırılması barədə suala cavab verən nazir Ə.Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin xarici investisiyaların təşviqi məqsədilə qərarını xatırladaraq, ərəb və Körfəz sərmayədarlarını turizm obyektlərinə, restoran biznesinə, böyük tələbata malik üçulduzlu mehmanxanaların inşasına sərmayə yatırmağa dəvət edib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət və turizmin təbliği sahəsindəki rolu barədə sualı cavablandıran nazir son dərəcə xeyirxah şəxsiyyət olan Mehriban Əliyevanın ölkənin həm daxilində, həm də xaricində təhsil və ibadət ocaqlarının inşası kimi xeyriyyə işlərinə həmişə xüsusi diqqət ayırdığını bildirib, Heydər Əliyev Fondunun qlobal müstəvidə mədəniyyət və turizm, habelə bir sıra ibadət və arxeoloji obyektlərin təmiri üzrə layihələrin uğurla həyata keçirilməsindəki müstəsna töhfələrini diqqətə çatdırıb, birinci xanımın Azərbaycan ilə bütün müsəlman ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi işində mühüm rolunu qeyd edib.
Nazir, həmçinin Azərbaycanın dünya ölkələri ilə münasibətlərinin yüksək səviyyədə olmasını və Prezident İlham Əliyevin bu münasibətlərin hər zaman dəstəklənməsi, möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsindəki xüsusi rolunu vurğulayıb, bunun sayəsində ölkəmizin Cənubi Qafqaz və Orta Asiya regionlarında turizm və mədəniyyətə dair beynəlxalq konqres və konfransların, habelə mötəbər idman yarışlarının keçirildiyi mühüm məkana çevrildiyini diqqətə çatdırıb. O, 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının, Naxçıvanın 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunmasının ərəb turistlərinin növbəti illərdə sayını daha da artıracağına inandığını qeyd edib.
Report