Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi ödənişli xidmətlərin sayı artırılıb.
Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində yol və mühəndis-kommunikasiya təminatı sistemi üçün trasların müəyyənləşdirilməsi və açıq sahələrdə əsaslı tikili olmayan iaşə obyektlərinin və səyyar ticarət obyektlərinin yerləşdirilməsinin və quraşdırılmasının uyğunluğunun müəyyənləşdirilməsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi ödənişli xidmətlərin siyahısına daxil edilib.
Qeyd edək ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahələrində xidmətlər göstərən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən publik hüquqi şəxsdir.