Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı həm də Moskvanın təklif etdiyi qaz qovşağı layihəsini müzakirə etmək niyyətindədir.
Bu haqda Ankaradakı diplomatik mənbə RİA Novosti-yə bildirib.
Rusiya və Türkiyə prezidentləri bundan əvvəl Türkiyədə qaz qovşağının yaradılması məsələsini ətraflı şəkildə işləyib hazırlamaq barədə tapşırıq veriblər.
“Xüsusilə bu qovşaq vasitəsilə zədələnmiş “Şimal axını”ndan qaz nəqlini həyata keçirmək mümkündür. Eyni zamanda, söhbət təkcə Türkiyədə ticarət platformasının yaradılmasından deyil, həm də cənub istiqamətində infrastrukturun inkişaf etdirilməsi və təchizatın artırılmasından gedir”, – deyə Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, burada başqa ölkələr də iştirak edə bilər: Əlcəzair, Qətər və Azərbaycan da cənub istiqamətindən Avropaya qaz nəql edir.
“Bu, iki ölkə liderinin birbaşa nəzarətində olan ikitərəfli gündəliyin əsas mövzularından biridir. Rusiya tərəfi daha əvvəl əməli addımların başladığını bəyan edib, proses razılaşdırılır. Bununla bağlı liderlər də təfərrüatlar və təkliflərlə bağlı müzakirələr aparırlar”, – Ankaradakı diplomatik mənbə bildirib.
Liderlərin yanvarın 4-də baş tutacaq teıefon danışığının əsas mövzularından bir də təbii ki, Rusiya və Ukrayna arasında münaqişənin həlli ilə bağlı olacaq.