Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun ölkə parlamentinə göndərilməsinə razılıq verib. NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, cənab Ərdoğan bunu mümkün qədər tez edəcəyini, İsveç isə Türkiyənin Avropa İttifaqına daxil olması prosesinin bərpasına kömək edəcəyini vəd edib.
Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Yens Stoltenberq razılaşmanı “tarixi gün” adlandırıb. Eyni zamanda o, Türkiyənin İsveçin ərizəsini ratifikasiya etməsi üçün vaxt çərçivəsinə münasibət bildirib.
Danışıqlardan sonra verilən bəyanatı ABŞ Prezidenti Co Bayden və Almaniyanın xarici işlər naziri Annalena Burbok alqışlayıb.
“CNN Türk”ün məlumatına görə, İsveçin NATO-ya qəbulu ilə bağlı protokola Türkiyə parlamentində, çox güman ki, payız sessiyasında baxılacaq. Parlament bu həftə yay tətilinə çıxır. Payız sessiyası oktyabrın 1-də başlayır.
NATO İsveçin üzvlüklə bağlı problemlərinin iyulun 11-12-də Litvada keçiriləcək sammitə qədər həll olunacağına ümid edirdi. Lakin Stokholmda Quranın yandırılması ilə bağlı daha bir kampaniya Ankaradan razılığın alınmasını bir qədər ləngitmişdi.