Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayında İstanbulda bağlanan taxıl sazişinin ardınca Rusiyadan əsasən yoxsul ölkələrə kənd təsərrüfatı məhsulları və gübrələrin tədarükünə başlanacağına ümid etdiyini bildirib.
“Rusiya prezidenti Vladimir Putinlə sonuncu söhbətimiz zamanı Rusiyadan kasıb ölkələrə taxıl və gübrə çatdırılması imkanlarını müzakirə etdik. Ümid edirik ki, bu problemi həll edə bilərik”-deyə, o bildirib.
Onun sözlərinə görə, Türkiyə kasıb ölkələri, o cümlədən Afrikanı təkcə taxılla deyil, gübrələrlə təmin etmək üçün addımlar atıb:
“Quraqlıq problemini ciddi şəkildə yaşayan bu ölkələrə gübrə məsələlərini həll etmək üçün kömək etmək lazımdır”.
O, əlavə edib ki, son bir ayda Putinlə beş dəfə, Ukrayna prezidenti Volodimir Zelenski ilə isə eyni sayda danışıb.
Ərdoğan bildirib ki, ABŞ prezidenti Cozef Baydenlə Ukrayna böhranını həll etmək üçün telefon diplomatiyasını davam etdirir.