Türkiyə “F-16” qırıcılarının ABŞ tərəfindən satışı ilə bağlı müsbət qərara ümid edir. Əks halda, o, hərbi təyyarələrə olan ehtiyaclarını ödəmək üçün alternativ variantlara müraciət edə bilər.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “Kriter” dərgisinin yanvar sayına müsahibəsində bildirib.
“Ümid edirik ki, ABŞ Konqresinin razılaşmanın təsdiqi prosesi yanvarda başlayacaq. Bu, təkcə Türkiyənin deyil, həm də ABŞ və NATO-nun maraqlarına cavab verir. Əks halda, milli təhlükəsizlik ehtiyaclarımızı qarşılamaq məqsədilə lazım olan addımları atmaq üçün imkan və qətiyyətə malikik”, – Kalın “Kriter” jurnalının yanvar sayına müsahibəsində deyib.
Ərdoğanın sözçüsü Türkiyə və ABŞ nümayəndə heyətlərinin 2022-ci ildə “F-16” məsələsi ilə bağlı bir sıra texniki danışıqlar apardığını xatırladıb və onları konstruktiv adlandırıb. Bundan başqa, Kalın əlavə edib ki, ABŞ prezidenti Cozef Bayden bu məsələdə Ərdoğana şəxsi dəstək vəd edib:
“Nəticədə biz Konqresin rasional fəaliyyət göstərməsini və ani siyasi maraqların rəhbər tutulmamasını gözləyirik”.
Xatırladaq ki, daha öncə dekabrda “F-16”ların Türkiyəyə satışına məhdudiyyətləri ehtiva edən müddəalar ABŞ-nin müdafiə büdcəsi layihəsindən çıxarılmışdı. Ankarada bu, ABŞ tərəfindən müsbət addım kimi qəbul edilib, çünki ona təyyarə satışı bir neçə şərtdən asılı idi. Qanun layihəsi Konqresin hər iki palatası tərəfindən qəbul edilərsə, sənəd imzalanmaq üçün ABŞ prezidentinə göndəriləcək.