Son günlər milli valyutanın dollarla münasibətdə əhəmiyyətli dərəcədə dəyərdən düşməsi bir çox mağazalarda ərzaq məhsullarının bahalaşması ilə müşayiət olundu. Aydın məsələdir ki, ərzaq məhsullarının nə dərəcədə bahalaşmağından asılı olmayaraq onlara daim tələbat var. Bəs ərzaq məhsulları alarkən necə qənaət edə bilərik?
Mağazaya getməmiçdən öncə almalı olduğunuz məhsulların siyahısını tərtib edin və ciddi şəkildə bu siyahıya riayət etməyə çalışın. Bunun üçün həftəlik menyunu nəzərdən keçirin. Həftə ərzində hazırlamalı olduğunu yeməklər üçün ən vacib məhsulları almağa çalışın və siyahıdan kənara çıxmayın.
Alış-veriş etmədən əvvəl evinizə yaxın ərazidə yerləşən mağazalarda olan qiymətləri müqayisə edin. Təbii ki, bütün alış-verişi eyni supermarketdən etmək çox rahatdır. Lakin bir küçə daha irəli gedib daha ucuz alış-veriş etmək imkanınız varsa bunu edin. Əgər bu müqayisəni etməyə vaxtınız yoxdursa həftəlik alış-veriş edin. “Yağı bu gün aldım, yumurtanı da sabah alaram!” deməyin. Bu planlaşdırılmamış alış-veriş etməyinizə bir səbəbdir. Planlaşdırılmamış edilən alış-verişlər isə büdcənizə ziyandır.
Bundan əlavə, alış-veriş edərkən topdan alış etməyə çalışın. Un, şəkər, duz, makaron və s. bu kimi məhsullara daim tələbat var və onların saxlanma müddəti uzundur. Deməli, bu məhsullardan çox aldıqda uduzmursunuz. Üstəlik topdan məhsulları pərakəndədən daha ucuz qiymətə əldə etmək mümkündür.
Supermarketlərdə alış-veriş edərkən aşağı rəflərə diqqət yetirin. Merçendayzinq qaydalarına görə, bahalı məhsullar insanın ilk görə biləcəyi yerlərdə, nisbətən ucuz məhsullar isə ən aşağı rəflərdə yerləşdirilir. Tənbəllik etməyin və aşağı rəflərə göz atın. Bundan əlavə, marketlərdə sizə lazım olmayan bölmələrə nəzər yetirməyin.
Əldə etdiyiniz məhsulları düzgün şəkildə saxlayın. Onların saxlanma şərtlərinə əməl etmədikdə istifadə müddətini qısaltmış olursunuz.