21 C
Baku
Saturday, May 4, 2024

Əsas məqsədimiz gəlir qazanmaq deyil, müştərilərin məmnunluğudur

Müsahibimiz: “Bakı Sığorta” Şirkətinin İdarə heyətinin sədr müavini Ramin Məmmədov

İnsanlarda sığorta mədəniyyətinin formalaşması baxımından hansı tədbirləri həyata keçirirsiniz?

Təbii ki, insanlarda sığorta mədəniyyətinin formalaşdırılması təkcə bir sığorta şirkətinin daşıya biləcəyi yük deyil. Bu ümumi sığorta bazarının, Dövlət Sığorta Nəzarəti Xidmətinin, həmçinin Sığortaçılar Assosiasiyasının birlikdə görəcəyi bir işdir. Misal üçün, son dövrlərdə Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən daşınmaz əmlakın sığortalanması ilə bağlı Azərbaycanın bütün rayonlarında məlumatlandırma xarakterli tədbirlər keçirildi və insanlar məlumatlandırıldı. Amma bu təbii ki, bu dövlətin yeritdiyi bir siyasətdir. Lakin bütün bunlar insanların icbari sığorta haqqında biliklənməsi istiqamətində keçirilən tədbirlərdir. Digər tərəfdən isə bəzi sığorta növlərinin icbariləşməsi könüllü sığorta bazarına da təsirsiz ötüşməyib və müəyyən titrətmələr yaratmışdır.

Öncə də dediyim kimi insanların sığorta büdcələri, sığorta xərcləri limitlidir. Tutaq ki, aylıq gəliri 700-800 manat olan vətəndaşın il ərzində sığorta büdcəsi 300 manat, maksimim 400 manat ola bilər. Sığorta icbari olduqda isə sonra insan həmin büdcədən xərcləyir, artıq geriyə 100-150 manat qalır və onunla da avtomobilini sığorta edə bilmir. Ona görə də biz bu problemi aradan qaldırmaq üçün çalışdıq ki, insanların “mən sığorta haqqımı ödəyə bilmirəm” adlı problemini həll edək. Biz istədik ki, onları bu dərddən qurtaraq.

Bizim bütün reklam bloklarımızın 70%-ində əsas diqqəti insanların sığortaya cəlb olunmasına ayrılıb. İstənilən halda insanlar sığortanı tam şəkildə qavraya bildikdən sonra, hansı sığorta şirkətinin daha yaxşı olması ilə maraqlanır. O zaman onları “mənə ən yaxşı hansı sığorta şirkəti xidmət göstərə bilər” deyə axtarışa başlayır. Biz eyni zamanda öz müştəri xidmətlərimizi, satıcılarımızı bununla bağlı çox ciddi hazırlayırıq. Fikirləşirik ki, TurboKartın buraxılmasından sonra şirkətə böyük axın ola bilər və bu axına tam hazırıq. Başqa bir şəkildə biz artıq uzun müddətdir ki, ciddi şəkildə “kasko”nun- PR-ı ilə məşğuluq və “Kasko” sözü “Bakı Sığorta” adı ilə çox yaxınlaşıb. İnsanların “kasko”nu almasının özü belə sığorta mədəniyyətin formalaşmasında atılan ilk addımdır.

Nəyə görə avtomobil sığortasına digər sığorta növlərindən daha çox önəm verirsiniz?

Çünki Azərbaycanda hələ ümumiyyətlə bazar məhduddur, sığorta növləri baxımından və bizdə insanlarda sığorta məhsulları haqqında tam məlumat yoxdur. Bizim şirkətin və eləcə də onun əməkdaşlarının “kasko” sahəsində uzunmüddətli təcrübələri vardır. Bu baxımdan, şirkətin resurslarının demək olar ki, 80%-ni bu sektora yönəltmişik. Bu da onunla bağlıdır ki, biz “Bakı Sığorta” olaraq, Azərbaycanın sığorta bazarında bir nömrəli “kasko sığorta şirkəti” olaraq tanınmaq istəyirik. Biz bu yolu tutmuşuq və düşünürəm ki, atılan addımlar da bizi buna doğru aparır. Bizim əsas məqsədimiz gəlir qazanmaq deyil, müştərilərin məmnunluğudur.

Ümumilikdə bazara diqqət yetirdikdə, məhz avtomobil sığortası bazarında hansı paya sahibsiniz?

Bizim “kasko” yığımlarımız 2 milyondan artıqdır. İcbari sığortanı nəzərə almasaq, könüllü avtomobil sığortası üzrə ilk beşlikdəyik. Könüllü “kasko” sığortası sinfi üzrə Bakı Sığortanın “kasko” portfeli Sığorta Bazarında əsas dörd şirkətdən biridir. Amma, qaldı ki, sırf könüllü bazara, yəni kredit vasitəsi ilə alınan avtomobillərdə deyil, müştərilərin özünün sərbəst müraciətinə əsasən “kasko” sığortanın həcminə görə bizim şirkət birincidir. İnanılması çətin olsa da, müştərilər özləri avtomobillərini “kasko” sığorta etdirmək üçün Bakı Sığortaya müraciət edirlər. Mən inanıram ki, belə tendensiya başqa heç bir şirkətdə yoxdur.

Xidmət şəbəkəsinin qurulması baxımından hansı planlarınız var?

Biz insanların ehtiyaclarını lokal olaraq, yerindəcə qarşılamağa, ən yaxın sığortaçı olmağa çalışırıq. Bununla bağlı təbii ki, müəyyən tədbirlər görülür. Ən azı bir neçə bölgədə ofislərimiz açılmalıdır. Turbo Kartdan sonra biz insanların axınını gözləyirik. Əgər biz kütləvi, müsbət mənada reaksiya alsaq bununla bağlı ciddi işləri görüləcək. Hal-hazırda şirkətimizin binası Bakı şəhərində Fizuli 65 ünvanında yerləşir və bir saat ərzində 8-10 müştəri qəbul edərək yola salmaq iqtidarındayıq. Amma təbii ki, biz şirkətə professional agentləri cəlb etməyi və onların güclərindən və potensialalrından istifadə edərək insanlara yerindəcə xidmət göstərməyi planlaşdırırıq.

Maliyyə Nazirliyi tərəfindən nizamnamə kapitalının artırılması ilə bağlı gözləntiləriniz necədir? Sizcə belə addım bazara necə təsir edər?

Beynəlxaq Sığorta Forumunun gedişində, Dövlət Sığorta Nəzarəti Xidmətinin nümayəndələri bildirirdi ki, məcmu kapital tələbinin artırılması gözlənilir. Amma onun 2013-cü ilə təsadüf edib-etməyəcəyi, sözün açığı hələ bilinmir. Amma mən fikirləşirəm ki, insanlara daha yaxşı xidmət göstərə bilmələri üçün, həqiqətən də daha güclü şirkətlərin qalması üçün sığorta şirkətlərinin məcmu kapital tələbinin artırılması çox normal haldır və artıq bir zərurətə çevrilib. Çünki bazar birdir, sığorta şirkətlərinin təklif etdiyi məhsullar təqribən eynidir. Bir şirkətin müştərisi narazı qaldıqda, o nəinki həmin şirkətin özündən, ümumilikdə sığorta bazarından narazı olur. Ona görə də, sığorta bazarının inkişafına doğru bir addım kimi, mən nizamnamə kapitalının, yəni məcmu kapitala tələbinin artırılmasını normal bir hal kimi görürəm və düşünürəm ki, hazırda bu çox aktual məsələdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər