Müsahibimiz: Webster Universitetinin məzunu Fariz Cəfərov
Fariz bəy, görüş üçün yaratdığınız imkana görə təşəkkür edir və xahiş edirik ki, qısa şəkildə də olsa özünüzü oxucularımıza təqdim edəsiniz.
2004-2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr təhsili almışam.
2008-2010-cu illərdə Londonda Webster Universitetində MBA təhsili almışam. Müxtəlif qurumlarda o cümlədən, Dövlət Neft Fondunun investisiyalar şöbəsində, Mərkəzi Bankın Strateji İdarəetmə Departamentində və hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sosial İnnovasiyalar və Strateji Araşdırmalar Şöbəsində Strateji Araşdırmalar sektorunun müdiri vəzifəsində çalışıram. Eyni zamanda Azərbaycan-Böyük Britaniya Məzunları İctimai Birliyinin Sədriyəm. Xəzər, Azərbaycan və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr və magistr tələbələrinə Strateji idarəetmə fənni üzrə dərs deyirəm. Evliyəm.
Fariz bəy, ölkə xaricində oxumaq istəyi sizdə necə yarandı, Azərbaycanın əmək bazarında rəqabətə davamlı olmaq üçün xarici təhsil almaq mütləqdirmi?
Mən hətta orta məktəbdə oxuduğum illərdə belə bir neçə dəfə xaricə getmək imkanı əldə etsəm də valideynlərimin razılığı olmadığı üçün buna müvəffəq ola bilməmişdim. Amma həmişə arzum olmuşdu ki, Londonda təhsil alım və istək uğrunda əlimdən gələni etdim, öz üzərimdə işlədim və sonda bu uğuru əldə edə bildim. Təbii ki, bu arzunun reallaşmasında ailəmin böyük dəstəyi olmuşdur.
Düşünürəm ki, hər zamanın öz tələbi var. Əgər 2008-ci ildə bu sualı vermiş olsaydınız mən heç düşünmədən, bəli, xaricdə təhsil almaq yerli bazarda iş tapmaq üçün olduqca vacib bir faktor demiş olardım. Amma hal-hazırda xaricdə təhsil alan azərbaycanlıların sayı kifayət qədər çoxdur və bu da yerli bazarda sağlam rəqabət mühitinin yaranmasında böyük təsir göstərir.
Dolayısı ilə Azərbaycanın əmək bazarında rəqabətə davamlı olmaq üçün xaricdə təhsil almaq, zənnimcə, mütləq deyil, çünki xaricdə təhsil almadan da uğurlu olan bir çox dostlarımız var. Lakin xaricdə təhsil almaq daha da rəqabətcil olmağa, dünya görüşünün artmasına, düşüncə tərzinin müsbət yönümdə dəyişməsinə, beynəlxalq təcrübəsinin mənimsənilməsində böyük rol oynayır.
Qəbul prosesinsə hansı universitetlərə müraciət etmişdiniz və nəyə təhsil üçün Webster Universitetini seçdiniz?
Əslində mən yalnız Webster Universitetinə müraciət etmişdim. Çünki bunun bir neçə səbəbi var idi. İlk öncə bu universitetinin dünyanın müxtəlif yerlərində kampusları var. Bura İngiltərə, İsveçrə, Hollandiya, Avstriya, Çin, Taylanda və ABŞ-də 93 kampusu olmaqla toplamda dünya üzrə 100-dən çox kampusu var və bir tələbə istədiyi semestri, istədiyi kampusda keçirdə bilər. Bu mənim seçimimə təsir göstərən başlıca rollardan biri olub. Digər tərəfdən amerikan təhsil sistemi ilin istənilən vaxtında təhsilə başlamağa imkan verir və hər semestr sadəcə olaraq 2 ay davam edir və nəzərdə tutulan fənləri istənilən ardıcıllıqla seçmək mümkün olur və başqa digər məqamlar bu qərarın qəbula təsir göstərmişdir. Bir sözlə mənim üstünlük verdiyim bir neçə faktorun bu universitetdə olması yeganə seçimimin məhz Webster universitetin olmasını şərtləndirdişdir.
Məhz maddi sıxıntılar əksər gənclərə xaricdə təhsil arzusunu gerçəkləşdirməyə mane olur – sizcə doğrudan belədir, ya bu, sadəcə tənbəlliyə meylli gənclərin bəhanəsidir? Maraqlıdır bəs, siz təhsil xərcləri ilə bağlı çətinlikləri necə həll etdiniz?
Əslində maddi durum olduqca önəmlidir. Xaricdə təhsil almaq üçün mütləq şəkildə maliyyə dəstəyi lazımdır. Bir çox ölkələrdə təhsil ödənişsiz olsa da, yaşamaq üçün maliyyə təminatının olması istənilən halda tələb olunur. Amma bir çox universitetlər tələbə təqaüdləri təklif edir, eyni zamanda müxtəlif fondlar və proqramlar vardır ki, onlar vasitəsilə də bu maliyyəni təmin etmək olur. Hal-hazırda isə Azərbaycanda çox populyar olan Xaricdə Təhsil üzrə Dövlət Proqramı vardır ki, bu çərçivədə azərbaycanlı gənclər xaricdə təhsil almaq üçün müraciət edə bilirlər.
Təbii ki, müxtəlif çıxış yolları mövcuddur və məsələ doğru zamanda, doğru məkanda, doğru qərar verməkdən ibarətdir.
Xaricdə təhsil aldığım müddətdə mənə ailəm dəstək olub və buna görə onlara minnətdaram. Eyni zamanda təhsil aldığım müddətdə bir çox sahələr üzrə işləmişəm, layihələr icra etmişəm və bu vasitə ilə maliyyə sıxıntılarımı həll etməyə çalışmışam.
Webster universiteti Missuridə yerləşsə də, onun London, Leyden, Cenevrə, Vyana kimi Avropa, Tailand və Şanxay kimi Asiya kampusları mövcuddur, geniş beynəlxalq filial şəbəkəsinə malik bir universitetdir. Sizin London kampusunu seçməyiniz nə ilə bağlı idi?
Doğru buyurursunuz əslində Universitetin dünya üzrə olduqca geniş bir şəbəkəsi vardır. Londonda təhsil almaq uşaqlıq arzum olub. Şerlok Homs, Kral ailəsi, ingilis parlamenti, Biq Ben, futbol klubları, universitetlər, Harri Poter və digər mühüm məqamlar mənim Londona valeh olmama səbəb idi. Eyni zamanda London dünyanın ən böyük maliyyə və sivilizasiya mərkəzlərindəndir. Bu paytaxt şəhər olduqca fərqli milliyətləri özündə birləşdirir, hər il minlərlə beynəlxalq tədbirlərə ev sahibliyi edir, minlərlə kəşfin beşiyi, yüzlərcə dünyaca məşhur insanların vətənidir. Yəni bu şəhəri seçməyimdə böyük rol oyanan bu və sadalamadığım yüzlərlə digər səbəblər vardır.
Webster universitetində təhsilin özəllikləri və üstünlükləri nədən ibarətdir, sizin ixtisasın (biznesin təşkili və idarəetməsi) tədrisi ilə bağlı hər hansı bir xüsusi proqramlar və metodlar tətbiq olunurmu?
Bu universitetdə dünyanın müxtəlif yerlərindən olan, müxtəlif millətləri təmsil edən tələbələr təhsil alır. Bu ixtisas üzrə təhsil almağın əsas şərtlərindən biri də iş təcrübəsinin olmasıdır ki, bir çox hallarda işləyə-işləyə təhsil alan tələbələrə rast gəlmək mümkündür. Müəllimlər praktik təcrübəsi olan, biznesə sahib və ya böyük şirkətlərdə çalışan insanlardır ki, real həyat üzərindən nümunələr verir, nəzəriyyənin tətbiqi ilə bağlı doğru istiqamət göstərir və həyati tövsiyələr verirlər. Universitetin infrastrukturu olduqca inkişaf etmişdir. Təhsil almaq üçün hər bir şərait mövcuddur, karyera mərkəzləri tələbələrə iş tapmaları istiqamətində və digər istiqamətlərdə faydalı məsləhətlər verir və öz köməkliklərini göstərirlər. Universitet tez-tez məşhur biznesmenləri, uğurlu iş adamlarını tələbələrin görüşünə çağırır və müxtəlif mövzular ətrafında panellər təşkil edir. Həftə sonları düşərgə formatında dərslər keçirilir, komanda qurmaq, liderlik, təqdimat bacarığı və digər əlavə bacarıqların əldə olunması istiqamətində yardımçı təlimlər təşkil olunur. Simulyasiya oyunları vasitəsilə tədris olunan nəzəriyyənin tətbiq edilməsi prosesi təşkil edilir və qaliblər mükafatlandırılır. Tələbələrə xüsusi tapşırıqlar verməklə şirkətlərə üz tutmağa və onlarla bərabər xüsusi layihələr icra etmələri və təcrübə qazanmaları yönümündə təbliğat və təşviqat işləri aparılır və bütün lazımi şərait yaradılır. Qrup işlərinə üstünlük verilir, təqdimatlar vasitəsilə dərslər keçirilir. Bir sözlə, tədris prosesi çox fərqli proqram və metodlar tətbiq olunmaqla təşkil olunur.
Bilirik ki, hazırda fəaliyyətinizi bir neçə Azərbaycan universitetində müəllim kimi davam etdirirsiniz, bu o deməkdir ki, elminizin nəzəri əsaslarını gücləndirməyə meyllisiniz, bəs onları praktikada, yəni biznes sahəsində tətbiq etmək necə?
Hal-hazırda Xəzər Universitetində, Azərbaycan Universitetində MBA və Bakalavr tələbələrinə Strateji idarəetmə fənnini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Magistr tələbələrinə isə Dövlət idarəetməsində keyfiyyət idarəetməsi fənnini tədris edirəm. Bundan əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin xüsusi istedadlar qrupunun magistr tələbələrinə və Qafqaz Universitetinin MBA tələbələrinə Strateji idarəetmə fənnini tədris etmişəm. Mərkəzi Bankda Strateji idarəetmə sahəsində 3 il müddətində zəngin təcrübə əldə etmişəm. Qeyd edə bilərəm ki, artıq nəzəri biliklərin tədrisi ilə yanaşı eyni zamanda bu biliklərin tətbiq olunması prosesində də yaxından iştirak etmişəm. Hal-hazırdakı iş mövqeyim də bu biliklərin praktik yönümdən təcrübədən keçirilməsini bilavasitə təmin edir.
İstər öz tələbələriniz, istər də xaricdə oxumaq istəyən digər gənclərimiz üçün bu arzularını gerçəkləşdirmək ilə bağlı hansı tövsiyələriniz vardır?
Tövsiyəm ondan ibarət olardı ki, tələbələr ilkin olaraq gələcəkdə sahib olmaq istədikləri peşəni indidən müəyyənləşdirsinlər və daha sonra bu peşə istiqamətində özlərinə oxumaq istədikləri universitetləri seçsinlər. Tələbəlik dövründə maksimum dərəcədə bədii və elmi kitab oxusunlar, məqalələr yazsınlar, könüllü və ictimai fəaliyyətlə aktiv məşğul olsunlar, hər hansı bir təşkilatda təcrübə mübadiləsində iştirak etsinlər, xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən seminarlarda, konfranslarda, gənclər parlamentlərində, təlimlərdə iştirak etsinlər, yüksək qiymət almağa yox ilkin olaraq yüksək bilik və savad əldə etməyə çalışsınlar ki, bunun məntiqi nəticəsi olaraq yüksək qiymət əldə edəcəklər.
Tövsiyələrim əslində bunlarla kifayətlənmir, amma nəzərimdə olan bütün tövsiyələri də qeyd etmək olmur. Son olaraq onu qeyd etmək istərdim ki, bizim tələbələr olduqca böyük potensiala malikdirlər və bu potensialla onlar ən yüksək zirvələrdə ola bilər, bütün mümkün uğurları qazana bilərlər. Sadəcə və sadəcə bu potensialı üzə çıxartmaq üçün özlərinə inanmalı olmalı və bu istiqamətdə səy göstərməlidirlər.
Müsahibəyə görə sizə öz minnətdarlığımı bildirirəm.