10 C
Baku
Thursday, December 12, 2024

Ətraf mühitə davamlı pambıq sortları yaradılacaq

Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq sortları yarada biləcək.

Banker.az xəbər verir ki, bu, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə birgə reallaşdırılmış layihə əsasında İnstituta hədiyyə edilən  avadanlıqların köməyi ilə mümkün olacaq. 150 min avrodan artıq dəyərə malik avadanlıqlar molekulyar səviyyədə biotexnoloji tədqiqatların və analizlərin inkişaf etdirilməsinə imkan verəcək. Bununla yanaşı, pambıq sortlarının iqlimin qeyri-əlverişli şəraitinə qarşı davamlılığını vizual qiymətləndirmə bəzən yanlışlıqlara səbəb olduğu üçün  yeni  avadanlığın  DNT analizi aparmaq xüsusiyyətlərindən istifadə ediləcək. 

Aqrar Kredit və İnkişaf Agentliyinin AEBA ilə əməkdaşlıq əsasında həyata keçirdiyi “Xəstəliklərə, quraqlığa və duzluluğa davamlı mutant pambıq xətlərinin yaradılması” layihəsinin məqsədi quraqlıq və şoranlaşmaya, xəstəliklərə dözümlü, məhsuldar yeni pambıq növlərinin yaradılmasıdır. Layihə çərçivəsində mütəxəssislərin hazırlığı istiqamətində bir sıra addımlar atılıb, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər, təcrübə mübadilələri reallaşdırılıb, mütəxəssislər xaricdə təlim keçmək imkanı qazanıblar. 

Qeyd edək ki, 2021-2024-cü illərdə  Azərbaycanda nüvə texnologiyası tətbiq etməklə pambıqçılıqda məhsuldarlığın inkişaf etdirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında  “Nüvə enerjisindən və digər üsullardan istifadə etməklə Azərbaycanda pambıq istehsalı üzrə Torpaq, Qida Maddələri və Su ilə bağlı Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrinin (GAP) gücləndirilməsi” layihəsinin həyata keçirilməsi də nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər