Bəzi müəssisələrdə hansısa ay üzrə qaimə-fakturaların əvəzləşdirilməməsi baş verir və bununla əlaqədar müəyyən suallar yaranır. Mövzunu aparıcı mühasib Orxan İsgəndərov şərh edib.
Qaimə-fakturaların vaxtında əvəzləşdirilməməsinə səbəb ya ödənişlərin düzgün olmayan bölgüsü, ya da unutqanlıq olur. Sonradan həmin dövrdə elektron qaimə-fakturanın əvəzləşdirilməyidiyi üzə çıxdıqda onları yanlış olaraq cari dövrdə əvəzləşdirirlər.
Misal: “AA” MMC 2022-ci ilin yanvar ayında EBBC 000000 seriya və nömrəli qaimə üzrə 1.000 manat əsas məbləği bankdan-banka, 180 manat ƏDV məbləğini isə depozitdən-depozitə ödəyib. May ayında məlum olub ki, yanvar ayında əvəzləşdirilməli olan qaimənin əvəzləşdirilməsi unudulub. Bu halda müəssisə nə etməlidir?
Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, əvəzləşdirilən ƏDV-nin vaxtı hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə – alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt kimi müəyyənləşdirilib.
Buradakı “Hesabat dövrü ərzində” sözlərinə diqqət edək. Maddənin məğzi budur ki, siz mütənasib ödənişi hansı ayda etmisinizsə, əvəzləşdirmə hüququnuz həmin ay yaranır. Yəni yuxarıdakı misalda əvəzləşdirmə elektron qaimə-faktura üzrə ödənişin olduğu yanvar ayında həyata keçirilməlidir.
Deməli, yanvar ayının hesabatına və əvəzləşməsinə dəqiqləşdirmə verməliyik.
Cərimədən yayınmaq üçün əgər həmin qaiməni may ayınının əvəzləşdirməsinə daxil etsək, bu zaman may ayınının vergi tutulan dövriyyəsini azaltmış oluruq. Fərz edək ki, may ayında vergi tutulan ƏDV dövriyyəsi 10.000 manat, əvəzləşdirilən ƏDV isə 500 manat olub.
Yanvar ayının əvəzləşməyən qaiməsini nəzərə almasaq, dövlət büdcəsinə 500 (1000 – 500) manat ödəməliyik. İndi isə gəlin yanvar ayının qaiməsini cari dövrə, yəni may ayına daxil edək. Bu zaman dövlət büdcəsinə 320 manat (1000-500-180) ödəməli oluruq. Bu zaman bizi hansı təhlükə gözləyir?
Səyyar yoxlama zamanı may ayında dövlət büdcəsinə ödənilməli olan ƏDV-ni 180 manat azaltdığı üçün şirkətimizə, Vergi Məcəlləsinin 58.1 ci maddəsinə əsasən, azaldılan vergi məbləğinin 50 faizi miqdarında malliyə sanksiyası tətbiq oluna bilər.