Vergi Məcəlləsinin 2.8-ci maddəsinə görə, növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Məcəlləyə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin qanun layihələri cari ilin may ayının 15-dən gec olmayaraq Milli Məclisinə təqdim edilməlidir.
Amma indi məlum olur ki, Vergi Məcəlləsi ilə bağlı dəyişikliklər Parlamentə may ayında yox, noyabr ayında daxil olur. Məsələnin təqvim məsələsini də bir kənara qoyuram. Məntiqi olaraq da vergilərdə dəyişiklik tam aydın olduqdan sonra büdcə paket halında müzakirəyə çıxarılmalıdır.
Hələ ki, vergidə hansı dəyişikliklər olacağından yalnız hökumət rəsmiləri xəbərdardır. Nə biznes təmsilçiləri, nə müstəqil ekspert cəmiyyəti bu barədə çox məhdud bilgiyə malikdir. Bu bilgilər isə büdcə zərfində təqdim olunan təfsilatsız informasiyalara və rəsmi şəxslərin mediaya pərakəndə açıqlamalarına söykənir.
Hökumət qeyri-neft sektorunda vergi yığımları artıra bilmir
Amma bu məlumatlardan çıxan ilkin nəticə budur ki, Azərbaycan hökuməti qeyri-neft sektorundan vergi yığımların artıra bilmir. Yüksək əlavə dəyər yaratmaqla böyük dövriyyə formalaşdırmağa nail ola bilməyən qeyri-neft sektorunun vergi yükünü kəskin şəkildə artırmaq hesabına vergi daxilolmalarını genişləndirmək planı var. Xüsusilə də bunu kiçik və orta sahibkarlıq subyektlərinin hesabına etmək istəyirlər. O subyektlər ki, onların ÜDM-də, ixracda, büdcədə payı 2-3%-dən çox deyil. Əksinə onları stumullaşdırmaq, potensiallarını gücləndirmək, yüksək əlavə dəyər və mürəkkəb texnoloji məhsullar (xidmətlər) yaradan istehsal şəbəkəsinə qoşmaq olmalıdır əsas hədəf. Yeri gəlmişkən, kiçik-orta sahibkarlıqla bağlı Yol Xəritəsində hökumət hədəflər də müəyyənləşdirib. Həmin hədəflər belədir: kiçik-orta sahibkarların payının ÜDM-də 5%-ə, məşğulluqda 20%-ə, qeyri-neft ixracında payının 10%-ə çatdırılması və s.
Bu xəritədə bu sahibkarlıq subyektləri üçün vergi yükünün optimallaşdırılması haqda danışılır. Belə görünür, hökumətin yanaşmasında optimallaşma kiçik və orta sahibkarlar üçün vergi yükünü artırmaqlamı assosiasiya olunur? Vergi Məcəlləsinə belə bir 218.5.10-cu maddə təklif edilir:
“Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fiziki şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyici ola bilməz”.
Vergi yükü Bakıda 5, regionlarda 10 dəfə artacaq
Bu maddənin mahiyyəti odur ki, fərdi sahibkarlarla və hüquqi şəxslərə xidmət müqaviləsi əsasında xidmət göstərən bütün fərdi sahibkarlar öz gəlirlərinin 20%-i qədər gəlir vergisi ödəməli olacaqlar. Halbuki hazırda Bakı şəhərində 4%, regionlarda 2% sadələşdirilmiş vergi ödənir. Yəni söhbət vergi yükünün Bakıda 5, regionlarda 10 dəfə artımından söhbət gedir. Aydın məsələdir ki, hökumət bununla bəzi şirkətlərin vergidən yayınmaq üçün öz işçiləri ilə əmək müqaviləsi ilə yox, xidmət müqaviləsi əsasında münasibət qurmasının qarşısını almaqdır. Amma bu halda hər hansı şirkətə bağlı olmayan, gerçəkdən fərdi sahibkar kimi çalışan minlərlə fərdi sahibkarın günahı nədir?
Əvvəllər 1 000 manata görə 20 manat vergi ödəyən həmin sahibkarın indi 200 manat vergi ödəməsi arasında fərqi görmək, bunun işgüzar fəallıq üçün zərbəsini indidən görmək doğrudanmı çətindir?
Hökumət əmək müqaviləsi ilə çalışmalı olan şəxslərin xidmət müqaviləsinə can atmasının qarşısını almaq istəyirsə, bunun daha səmərəli yolları var. Əvvəla, Rusiya təcrübəsində olduğu kimi vergi tutulan dövriyyənin həcminə görə, sərbəst məşğul əhali ilə fərdi sahibkarı fərqləndirməyə ehtiyac var. Hazırda Rusiyada 2-ci oxunuşdan keçmiş dəyişikliyə görə, aylıq dövriyyəsi 200 min rublu (təxminən 5000 manat) ötməyən şəxslər sərbəst məşğul hesab edilir və onların maksimum 6%-lə vergiyə cəlbi təklif edilir.
Bizim Məcəllədə də illik dövriyyəsi 50 000 manatı (rüblük 12 500 manat) ötməyən subyektləri sərbəst məşğul əhali kimi qəbul etmək mümkündür. Bu halda onların sadələşdirilmiş vergiyə cəlb edilməsini saxlamaq, eyni zamanda kommersiya hüquqi şəxslərinin əmək müqaviləsindən yayınmasının qarşısını almaq üçün Məcəlləyə belə bir dəyişiklik edilir: ixtiyari şirkət eyni fəaliyyətə (işə və ya xidmətə) görə yalnız bir fərdi sahibkarla müqavilə bağlaya bilər, bağlanmış xidmət müqaviləsinin müddəti rüb ərzində 1 aydan, il ərzində 4 aydan artıq ola bilməz. Bu halda xidmət müqaviləsinin dəyərinə də məhdudiyyət tətbiqi mümkündür. Məsələn, rüb ərzində eyni fəaliyyət görə eyni şəxslə bağlanan xidmət müqaviləsinin dəyəri 12500 manatdan çox ola bilməz. Bu mexanizm işləyərsə, il ərzində dəyəri 50 000 manatdan çox olduqda, həmçinin eyni fəaliyyətin icrası üçün 4 aydan artıq vaxt tələb edildikdə, bu fəaliyyətin 1 deyil daha çox fərdi sahibkardan tərəfindən həyata keçirilməsi qaçılmaz olduqda, 2 variant qalır: xidməti (işi) təklif edən şirkət ya bu işi əmək müqaviləsi əsasında həyata keçirməlidir, ya da hüquqi şəxslərə sifariş verməlidir. Bu halda sərbəst məşğul əhalinin dövriyyəsini 4-5%-lə vergiyə cəlb edilə bilər.
Hazırda Gürcüstanda da illik dövriyyəsi 100 000 larini (68 000) manatı ötməyən fərdi sahibkarlar 5%-lə vergiyə cəlb edilir. Lakin əgər gəlirlərinin 60%-nin xərclənməsini təsdiqləyən sənədlərə malik olduqda 3%-lə cəlb olunur.
Hökumət bu addımı atmasa, kiçik, xüsusilə də mikro sahibkarlığa ölümcül zərbə vuracaq. Bu həm də vergidə ədalətlilik və bərabərlik prinsipinin pozulması olacaq. İllik dövriyyəsi hətta 1000-2000, 3000-5000 manatı ötməyən xırda sahibkarı 20% vergi yükünün altında boğmağın adı nədirsə, 100% ədalət deyil.