Doğum tarixi: 01.02.1891-ci il
Doğum yeri: Popoli, İtaliya
Ölüm tarixi: 06.08.1981-ci il
Ölüm yeri: Piza, İtaliya.
Vətəndaşlığı: İtaliya
D’Ascanio Agusta şirkəti üçün ilk vertolyotu və Lambretta yaradıcısı Ferdinando Innocenti üçün ilk motorolleri yaradıb. Bundan əlavə, o Enrico Piaggio-ya əfsanəvi motoroller olan “Vespa”-nı layihələndirməyə kömək etmişdir. Vespa yaradılarkən burada adi motosikl konsepsiyası deyil, aviasiya prinsipləri istifadə olunmuşdur.
Corradino 1 fevral 1891-ci il tarixində Popolidə dünyaya gəlib. O hələ gənc yaşlarından uçuşa maraq göstərirdi. O, 15 yaşı olduqda uçuşun prinsiplərini, çəki və quş qanadlarının uzunluq nisbətini öyrənir və eksperimental təyyarə yaradır. Daha sonra o bu təyyarəni yaşadığı şəhərin yaxınlığındakı təpədən havaya buraxır.
1914-cü ildə Turinin Politexnik universitetini bitirən Corradino könüllü olaraq hərbi xidmətə yazılır və Piedmont-dakı mühəndis-aviasiya bölməsinə düşür. Burada o aviasiya mühərriklərinin sınaqdan keçirilməsinə cavabdeh idi.
O 1916-cı ildə Fabbrica Aeroplani Ing aviazavoduna keçirilir. Lakin 1918-ci ildə şirkət amerikalılara satılır və bütün heyəti ilə birgə Indianapolis şirkətinə verilir.
Lakin 1919-cu ildə Corradino İtaliyaya qayıdır və vertolyotların prototipləri üzərində işləməyə başlayır. 1925-ci ildə o baron Pietro Trojani ilə birgə şirkət yaradır və burada Aeronavtika Nazirliyinin sifarişi ilə 1930-cu ildə D’AT3 adlı üçüncü prototip yaradılır. Sınaqlar uğurla həyata keçir, lakin iki ildən sonra şirkət Böyük depressiya səbəbindən bağlanır. Bundan sonra Corradino Enrico Piaggio-nun dəvəti ilə onunla birgə işləməyə başlayır. Burada o yüksəksürətli propellerlərin layihələndirilməsi ilə məşğul olurdu. İkinci dünya müharibəsi zamanı onun əməyindən çox istifadə edilir və Corradino hətta general rütbəsi də əldə edir. 1942-ci ildə o vertolyotların yaradılması işini bərpa edir.
Müharibədən sonra digər italyanlar kimi Corradino da işsiz qalır. Çünki Piaggio-nun zavodları bombalanmış və dağıdılmışdı. Məğlub olmuş İtaliya 10 il ərzində hərbi və yaxud aerokosmik araşdırma ilə məşğul olmayacağı barədə razılıq imzaladı. Belə olduqda Corradino ABŞ-a köçə və fəaliyyətini orada davam etdirə bilərdi. Lakin o vətəndə qalmağı üstün tutur və Ferdinando Innocenti-nin müəssisəsində motorollerlərin yaradılması ilə məşğul olur.
Innocenti mühəndisə sadə, etibarlı, rahat və həm qadınların, həm də kişilərin idarə edə biləcəyi nəqliyyat vasitəsi yaratmağı əmr edir. Corradino motosikllərə nifrət edirdi və buna görə də öz motorollerini tamamilə müxtəlif prinsiplər əsasında yaratmışdı.
Lakin Corradino-nun konstruksiyasını dəyişmək istəyən Innocenti ilə fikir ayrılığı ona gətirib çıxarır ki, mühəndis işdən qovulur və yenidən Enrico Piaggio-nun yanına qayıdır. Piaggio isə öz növbəsində 1946-cı ildən etibarən “Vespa” motorollerlərini istehsal edirdi və birbaşa olaraq Lambretta şirkətinin rəqibi idi. Növbəti illərdə Vespa motorollerləri yüksək status əldə edir və demək olar ki, bu günə qədər də bu statusu qoruyub saxlayır.
O ölkədə qalaraq uzun illər boyu öz fəaliyyətini davam etdirdi. Bütün nailiyyətləri ilə yanaşı, Corradino D’Ascanio çoxsaylı elmi nəşrlərin müəllifi və 1937-ci ildən 1961-ci ilə qədər Piza universitetinin professoru idi.
Cəmiyyətin Vespa motorollerlərini onun aviasiyadakı xidmətlərindən daha çox bəyənməsi faktından təsirlənmiş D’Ascanio 6 avqust 1981-ci ildə Pizada dünyasını dəyişmişdi.