Avropanın maliyyə qurumları İranla ticarət əlaqələrini bərpa edərkən, ABŞ-ın bu ölkəyə qoyduğu qadağalardan ehtiyat etməsinlər.
TASS xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri Londonda Avropanın aparıcı banklarının təmsilçiləri ilə keçirdiyi görüşdə bildirib.
Qeyd edək ki, Ağ ev İranın ABŞ-dakı bank hesablarına qoyulan həbsi hələ də ləğv etməyib. Habelə ballistik raketləri sınaqdan keçirdiyi üçün İrana qarşı sanksiyaları qüvvədə saxlayıb.
Xatırladaq ki, bu ilin yanvarında ABŞ-ın Maliyyə Nazirliyi Tehranın nüvə proqramı ilə əlaqəli olan İran, Çin və BƏƏ-nin bir sıra vətəndaş və şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib. Qadağalar siyahısına İranın ballistik raketlər sınağı proqramında birbaşa iştirak edən 11 hüquqi və fiziki şəxs düşüb. Nazirliyin bəyanatında bildirilir ki, şirkətlər İrana raketlərin sınaqdan keçirilməsi üçün lazım olan avadanlığı tədarük etmək qadağasını pozublar. “İranın ballistik raket proqramı regional və qlobal təhlükəsizlik üçün böyük təhlükə kəsb edir və beynəlxalq sanksiyalara məruz qalacaq”, — deyə ABŞ-ın Maliyyə Nazirliyinin nümayəndəsi Adam Şubin vurğulamışdı.
Report