7 C
Baku
Thursday, December 12, 2024

“​Deloitte”: Azərbaycanda banklar ehtiyat ayırmalarını artırıb

Hazırda “Deloitte Azerbaijan” şirkətinin müştəri portfelində yerli şirkətlər üstünlük təşkil edir. Bunu “Deloitte Azerbaijan”ın idarəedici partnyoru Nuran Kərimov bu gün KİV nümayəndələri üçün keçirilən ilk təlim çərçivəsində məlumat verib.

N.Kərimov bildirib ki, əvvəllər müştərilər arasında xarici və neft şirkətləri üstünlük təşkil edirdisə, bu gün artıq vəziyyət dəyişib. Onun sözlərinə görə, müştərilər arasında dövlət orqanları, həm böyük, həm də xırda özəl şirkətlər hər biri yer alır: “Şirkətin müştəriləri arasında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Dövlət Neft Fondu, Mərkəzi Bank, Vergilər Nazirliyi, “Atabank”, “Bank of Baku”, “Bakcell”, “Azercell”i qeyd edə bilərik.

Müştəridən əsas tələbimiz onların qanun çərçivəsində fəaliyyət göstərməsidir”.

Onun sözlərinə görə, hazırda “Deloitte” Azərbaycan bazarında 110-dan artıq peşəkar mütəxəssislə təmsil olunub ki, bunun da bir nəfərdən başqa hamısı yerli işçilərdir.

Şirkətin audit üzrə baş meneceri Nərgiz Mustafayeva isə bildirib ki, cari ilin birinci yarısında ilkin ümumi baxış onu deməyə əsas verir ki, ölkədəki banklar ehtiyat ayırmalarını artırıb: “Əlbəttə ki, bu da fevralda qeydə alınan devalvasiya ilə əlaqədardır”.

Qeyd edək ki, “Deloitte Azerbaijan” şirkəti “Deloitte Touche Tohmatsu” (DTTL) şəbəkəsinin üzvü olan “Deloitte CİS Holdings Ltd.”-nin (Deloitte CIS) bir hissəsidir. “Deloitte” Azərbaycan bazarında 2002-ci ildən fəaliyyət göstərir və audit, vergi və hüquq, konsaltinq və maliyyə müşavirliyi üzrə xidmətlər təklif edir.

Report

Son xəbərlər
Digər xəbərlər