ABŞ-ın bir sıra hedc-fondları qiymətli kağızlar portfellərini sataraq Çin milli valyutası – yuanın zəifləməsindən dividend qazanmaq niyyətindədir. Bu barədə ABŞ-ın “Wall Street Journal” qəzeti yazıb. Qəzetin araşdırmalarına əsasən, investorlar hesab edirlər ki, Çin iqtisadiyyatı böyük ehtimalla “sərt eniş”dən qaça bilməyəcək.
“Wall Street Journal” xəbər verir ki, ABŞ-ın “Hayman Capital ” investisiya fondunun qurucusu və prezidenti Kayl Bass Fondunun Çində olan bütün səhm və istiqrazlarını sataraq yuanın devalvasiyası istiqamətində mövqeyini sərtləşdirib. Fondun ümumi portfelinin 85%-i məhz yuanın və Honq-Konq dollarının, eləcə də bir sıra digər Asiya valyutalarının zəifləməsinə investisiya edilib. K.Bass yaxın 3 il ərzində yuanın 40% devalvasiya olacağını proqnozlaşdırır.
Qeyd edək ki, dünyanın “pul sehrbazı” ləqəbi ilə tanınan Corc Soros da Davos forumundakı çıxışında Çin iqtisadiyyatının sərt eniş edəcəyini proqnozlaşdırıb. Onun məşhur “Quantum” fondunun meneceri Stenli Drakenmiller, “Appaloosa Management” fondunun qurucusu Devid Tepper, “Greenlight Capital” fondunun sahibi Devid Eynxorn da milyardlarla dollar vəsaitlərini yuana qarşı yönəldiblər.
Hedc-fondları Çin Xalq Bankının (Çin Mərkəzi Bankı) ölkədən kapital axınının qarşısını almaq üçün yuanın devalvasiyasına icazə verəcəyini proqnozlaşdırırlar. Bu qərar həmçinin, Çinə investisiyaların artmasına və iqtisadiyyatın canlanmasına gətirib çıxaracaq. Lakin Çin nəhəng valyuta ehtiyatlarına malikdir və yuanın məzənnəsini hələ sabit saxlaya bilir. Qeyd edək ki, ilin əvvəlində hökümət qüvvələri Honq-Konq birjasında yuan maliyyə alətlərinin böyük bir hissəsini alaraq bir gecəlik (overnight) faizlərin 66%-ə yüksəlməsinə səbəb olublar, bununla da yuanda qısa mövqe alan investorları məyus ediblər.
“Hayman Capital” analitikləri hesab edirlər ki, hazırda Çində problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi 2% təşkil edir və bu göstərici sürətlə artır. Buna görə də Çin höküməti bir müddətdən sonra bankların rekapitalizasiyasına trilyonlarla vəsait xərcləməyə məcbur olacaq. Fond qeyd edir ki, bənzər situasiya ABŞ-da ipoteka böhranı zamanı baş verib və o zaman FES-in bankları xilas etmə əməliyyatı dolların devalvasiyası ilə nəticələnib.
“Report”un analitik qrupu hesab edir ki, yuanın devalvasiyası baş verərsə, bu, dünyanın bir çox valyutası, eləcə də manatın zəifləməsinə gətirib çıxaracaq. Manat ən azı yuanın devalvasiyası nisbəti qədər qiymətini itirə bilər.
Report