Koronavirusun ikinci dalğasını rəsmi olaraq elan etmək qərarını verən ilk dövlət Çexiya olmuşdur. Banker.az Çexiyanın Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, son vaxtlar COVID-19 diaqnozu qoyulmuş xəstələrin sayı artmaqdadır.
Yeni yoluxanların sayına görə növbəti anti-rekord Fransada qeydə alınıb. Hesablamalara görə, son bir gündə orada 16 mindən çox insan yoluxub. Ölkə yeni karantin məhdudiyyətlərini tətbiq etmək məcburiyyətindədir. Bunlara komendant saatı və ölkənin bəzi bölgələrindəki restoran və barların tamamilə bağlanması daxildir.
Böyük Britaniyada da vəziyyət eynidir. Burada gün ərzində yoluxmuş insanların sayı 6,5 mindən çox olub. Ölkənin baş naziri yeni karantin tədbirlərinin tətbiq ediləcəyini elan edib. Əgər bu kifayət etməsə, hökumət sərhədləri yenidən bağlamağı planlaşdırır.
Qeyd edək ki, İsrail bu addımı artıq atıb. Belə ki, yaxın iki həftədə ölkədə yalnız ərzaq mağazaları və apteklərin fəaliyyətinə icazə veriləcək. Bütün ailə üzvləri evə qalmağa məcbur olacaqlar.