Gerd Leonhard – İsveçrə əsilli futuroloq, The Futures Agency konsaltinq agentliyinin baş icraçı direktorudur. Bu agentlik UBS, Credit Suisse, Walmart, IBM, Microsoft, SAP və Cisco kimi şirkətlərlə əməkdaşlıq edir. Gerd Leonard Avropanın ən nüfuzlu şəxslərindən biri hesab olunur, New York Times və Guardian, Forbes, Business Insider nəşrlərinin eksperti qismində çıxış edir.
— Tez-tez Silikon Vadisi sahibkarlarının texnologiyaların onları fövqəl insana çevirə biləcəyinə ümid etdiklərini söyləyirsiniz. Texnologiyalara münasibətdə amerikalılarla avropalılar arasında fərq var?
—Bəli, amerikanlar qabaqcıl olmağa öyrəşiblər və gələcəyi nəyin bahasına olursa olsun yaxınlaşdırmağa çalışırlar. Onlara görə, bütün problemlər texniki xarakter daşıyır. Amerikanların qarşısında duran əsas məqsəd təbiətin insana qoyduğu məhdudiyyətlərin öhdəsindən gəlməkdir: daha çox yaşamaq, sağlam və zəngin olmaq, yuxuya vaxt itirməmək. Niyə? “Çünki bir bunu bacarırıq!”. Avropalılar isə başa düşürlər ki, bütün bunlardan əlavə olaraq bir şey də var. Xoşbəxtlik proqram deyil, ona genomunuz üçün uyğunlaşdırılmış qidanın köməyi ilə nail olmaq mümkün deyil. Mən belə deyərdim: ABŞ texnologiyaları, Avropa insanlığı, Çin isə dövləti ön plana çıxarır. Rusiyanın nəyi ön plana çıxardığı haqda fikir söyləmək çətindir.
— Texnologiyanın hansı qlobal problemlərini həll etmək mümkündür, hansıları isə deyil?
— Tətbiqi problemləri həll etmək mümkündür. Onlar dünyaya ucuz qida, enerji, təmiz su verə bilər. Hətta iqlim dəyişikliyinin belə atmosferin dekarbonizasiya vasitəsilə öhdəsindən gəlmək mümkündür. Lakin heç bir texnologiya sosial-siyasi problemləri həll edə bilmir – sosial bərabərsizlik, işsizlik, terrorizm. Əslində texnologiyalar bu problemləri daha da kəskinləşdirir. Məsələn, messencerlər və sosial şəbəkələr terrorçuların işini asanlaşdırıb. İnsanlar unudurlar ki, dövlətin əsas vəzifəsi firavan cəmiyyət qurmaqdır. Vətəndaşlar xoşbəxt olmalıdırlar, bu əsl cəmiyyət hesab olunur. Hətta hökumətlər belə unudurlar ki, texnologiyalar insana zərər vermək məqsədilə istifadə olunmamalıdır.
— 2008-ci ildə o dövrdəki ən böyük şirkətimiz olan Qazprom-un rəhbəri düşünürdü ki, bir neçə ildən sonra şirkətin kapitallaşması 1 trilyon dollara çatacaq. Lakin ilk trilyonçu şirkətlər sırasına Qazprom yox, Apple və Amazon daxil oldu. Niyə?
— Çünki onlar insanların nəyə ehtiyacı olduqlarını daha yaxşı başa düşürdülər. Bir çox şirkət ilk növbədə məhsuldarlığı düşünür – məhsulları daha sürətli, daha ucuz, çox miqdarda istehsal etməyə çalışırlar. Onlar unudurlar ki, biznesin edə biləcəyi ən vacib şey məna yaratmaqdır. Biznesin əsas məqsədi səmərəlilik deyil, yeniliklər yaratmaqdır. Əgər siz də ilk növbədə səmərəliyi düşünürsünüzsə, deməli, pulunuzun qeydinə qalırsınız. Unutmayın ki, istehlakçı üçün sizin qazancınız heç bir əhəmiyyət kəsb etmir, o yeni istiqamət görmək istəyir.
— Siz tez-tez texnoloji platformaları (Facebook, Google) azad rəqabətə mane olmaqda günahlandırısınız.
— “Platforma” iqtisadiyyatı şirkətlərin nəzarətsiz böyüməsinin nəticəsidir. Bu vaxta qədər platformalar insanlara demək olar ki, həmişə ancaq fayda gətirirdi – xidmətlər daha əlçatan olurdu, lakin sonralar onlar öz şərtlərini diktə edən totalitar korporasiyalara çevrilməyə başladılar. Hər kəs bilir ki, Amazon dünyanın ən nüfuzlu şirkətlərindən biridir. O, hətta Standard Oil və Exxon-u belə keçir. Ya da 4 milyard istifadəçisi olan Facebook şirkətini misal gətirək. Əgər Hindistanda olsa belə kiçik bir biznesin varsa, məhsullarını tanıtmaq üçün bu sosial şəbəkədə hesab açmaq məcburiyyətindəsən, əks təqdirdə isə səni bayıra atacaqlar.
— Deməli, bütün sənaye sahələrində monopoliyaların dominantlıq etdiyi bir dünyada yaşayacağıq?
— İndi də demək olar ki, belədir. Əlbəttə ki, tərəqqini yavaşlatmaq olmaz, lakin varlılarla kasıblar arasında olan uçurumu daha da genişləndirən inhisarçılığın qarşısını almaq lazımdır. Təsəvvür edin ki, səhiyyə sahəsində inhisarçı platforma ortaya çıxır və onun köməyi olmadan nə dərman ala bilirsiniz, nə də həkim qəbuluna yazıla bilirsiniz. Google və Facebook-un reklam və media sahəsində etdiklərinə bənzər bir şey baş verəcək. Bunun qarşısını almaq üçün şirkətlərə qarşı əlavə vergi tətbiq etmək olar. Məsələn, Facebook gəlirinin bir hissəsini yerli jurnalistlərə və bloqerlərə versin, onlar isə öz növbəsində məzmun yaratsınlar. Bu çətindir, lakin başqa bir variantımız yoxdur.
— Siz smartfonları “ikinci beyin” olaraq adlandırırsınız. Sizcə, onları hansı yeni cihaz əvəz edəcək?
— Minlərlə tapşırığı yerinə yetirən köməkçi. Məsələn, “party” təşkil etmək istəyirsiniz, bu halda ona deyirsiniz: restoranda masa bron et, ən yaxın dostlarımı dəvət et – və o bütün bunları sizin adınızdan edəcək. Bəlkə də, bu, virtual reallıq eynəyi olacaqdır. Məsələn, belə eynək taxan həkim xəstənin xəstəlikləri barədə məlumatları görə və dərhal məlumat bazasından onların müalicə üsullarını tapa biləcək. Lakin unutmamalıyıq ki, bəzi imkanları genişləndirməklə digərlərini “amputasiya” edirik. Yaxın gələcəkdə biz bu cür köməkçilərdən çox asılı olacağıq. Bu asılılıq spirtli içkilərdən olan asılılığa bənzər bir şey olacaq. Təsəvvür edin ki, gözəl və maraqlı olan virtual aləmdən gündəlik həyatınıza, həyat yoldaşınız və uşaqlarınızın yanına qayıdırsınız. Dərhal özünüzü cansıxıcı və kədərli hissə edəcəksiniz, sanki bir gözünüzü itirdiniz. Yəqin ki, burada da müəyyən məhdudiyyətlər olacaq.
— Hələ 30 il əvvəl hər kəs əmin idi ki, kompüter şahmat oyununda heç vaxt insanı uda bilməyəcək, çünki onun intuisiya və yaradıcılıq qabiliyyəti yoxdur. İndi isə süni intellekt bir çox sahələri işğal edib. O demək olar ki, hər şeydə insanı üstələyəndə, biz nə edəcəyik?
— Kompüterlər təbiətinə görə, riyazi oyun oynamaqda daha yaxşıdırlar. Maşınlar tədricən özündə yaradıcılıq qabiliyyətini belə inkişaf elətdirə bilərlər, bu halda onlar daha mürəkkəb oyunlarda insana qalib gələ biləcəklər. 30-50 ildən sonra kompüterlər insanlar üçün çox sadə olan tapşırıqları yerinə yetirməyi öyrənəcəklər. Məsələn, duyğular, mərhəmət, uzaqgörənlik kimi keyfiyyətlər onlar üçün əlçatmazdır. Bundan əlavə, Sİ sistemləri, əsasən, yalnız bir funksiyanı yerinə yetirirlər. Bu gün kompüterlər gündəlik işləri yerinə yetirməyi öyrənirlər – maşın sürməyi, maliyyəni təhlil etməyi, faktları yoxlamağı. Yaxşı xəbər budur ki, demək olar ki, insan əməyinin 50-70% gündəlik işlərdən ibarətdir.
— Uşaqlara nələri öyrədək ki, böyüyəndə işsiz qalmasınlar?
— Gələcəkdə tələb olunan peşələrin 70% hələ də kəşf edilməyib, mövcud peşələrin 50% isə tezlikdə yox olacaqlar. Hər şey çox sürətli dəyişir. Məsələn, 10 il bundan əvvəl sosial şəbəkələr sənayesi yox idi, bu gün isə bu sahədə 21 milyon insan çalışır. Bu gün insanlar uşaqlara dəqiq elmləri – riyaziyyat, fizika, proqramlaşdırma, mühəndislik fənlərini öyrətməyə çalışırlar. Onlar unudurlar ki, bu sahələrdə maşınlar bizdən daha ağıllıdır! On ildən sonra bütün proqramçılar işsiz qalacaqlar. Hindistanda hər il bir milyon insan mühəndislik peşəsinə yiyələnir. Sizcə, işsizlər ordusu nə boyda olacaqdır? Uşaqlara ünsiyyət qurmağı, anlayış göstərməyi, humanistliyi öyrətmək lazımdır. Mən öz oğluma deyirəm: dünyanı gəzmək MBA-da oxumaqda daha xeyirlidir.
— HR mütəxəssisləri hesab edirlər ki, gələcəkdə işanların robotlarla müqayisədə əsas üstünlüyü “yumşaq bacarıqlar” da olacaqdır.
— Bəli, məsələn, emosional zəkanı götürək. Yaxşı HR mütəxəssisi qarşısında oturan namizədi bir saniyəyə qiymətləndirə bilər. Maşınlar bunu testlər kompleksinin köməyi ilə belə bacara bilmirlər. Və onların insanın yerini tuta bilməyəcəyi sahələrin sayı çoxdur. Hakimin vəzifələrini icra edən robot təsəvvür edin: o bütün qanunları oxuyub, sənədləri nəzərdən keçirib, lakin həbsxanada olmağın nə olduğunu bilmir. Robot heç vaxt yaxşı hakim ola bilməz.
— Maliyyə texnologiyaları iqtisadiyyatı necə dəyişəcək?
— Yaxın gələcəkdə bütün hesablaşmalar rəqəmsal pul vasitəsilə həyata keçiriləcək, mən indi kriptovalyutaları nəzərdə tuturam. Bu, bütün bank sənayesini dəyişdirəcək. Məsələn, əgər on ildən sonra mənə bir-iki min dollar pul lazım olacaqsa, mən banka getməyəcəyəm. Bunun yerinə internetdə “rəqəmsal brokerə” müraciət edəcəyəm.
— İnternetin sığorta biznesini əhəmiyyətli dərəcədə dəyişdirəcəyinə inanan insanlar var. Məsələn, şirkətlər sığortalı avtomobillərə xüsusi datçiklər quraşdıraraq onları izləyəcəklər.
— Bu, gözlənilməz halları aradan qaldırmayacaqdır. İnsanlar maşın deyillər – bəzən biz səhvlərə yol veririk və pis işlər edirik. Biz Trampın prezident postuna gəlişini və ya Brexit məsələsini təxmin edə bilməzdik. Sığorta şirkətləri səliqəli sürən sahiblərin avtomobillərini sığortalamaqdan imtina etsələr, bizneslərini məhv etmiş olacaqlar.
Bu gün onlar video nəzarət və ya kiber təhlükələrdən sığortalanma kimi xidmətlər təklif etmək imkanına malikdirlər.
— Ümumilikdə desək, əşyalar interneti adi internetlə müqayisədə həyatımızı daha çox dəyişdirəcək?
— Bəli, bir çox cəhətdən yaxşılığa doğru. Məsələn, şəhərlərin “ağıllı” infrastruktur enerji istehlakını azalda, cinayətkarlıqla mübarizə aparmaqda kömək edə, nəqliyyat sistemini inkişaf etdirə bilər. Bu, güclü tərəqqi mənbəyidir. Lakin burada da müəyyən təhlükələr var. Çində olduğu kimi: küçəni qırmızıya keçsəniz, kamera üzünüzü tanıyır və sistem sizin cəmiyyət üçün nə qədər təhlükəli olduğunuza dair qərar verir. Yüz faizlik təhlükəsizlik sıfır azadlıq deməkdir.
— Bir çoxları birgə istehlak iqtisadiyyatından danışır. Onların fikrincə, birgə istehlak iqtisadiyyatı əvvəlki istehlak modelini sıxışdırır. Bu nəyə gətirib çıxaracaq?
Biz bolluğa doğru irəliləyirik. Birgə istehlak iqtisadiyyatı istənilən əmtəə və xidmətlərin istifadəsini daha ucuz və əlverişli edəcəkdir. Bu, multimedia sənayesində çoxdan baş verib: musiqi albomunu əvvəlcə 10 avroya, sonra isə 2 avroya alırdınız, indi isə Spotify-da cəmi 20 avroya 35 milyon mahnıya giriş əldə etmək imkanınız var. Eyni şey kirayə mənzil, tibbi xidmətlər və bir çox digər sahələrdə də olur. 20 ildən sonra “istehlak” sözünün mənası dəyişəcəkdir. Bu, kapitalizmdən sonrakı, sosializmə yaxın bir şey olacaq.