Harvard ekspertləri mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq məqsədilə böyük nominallı banknotları qadağan etmək istəyirlər. Kanada və Sinqapur artıq böyük nominallı banknotlardan imtina etmişdir.
Kriminal xarakterli tranzaksiyalar zamanı nağd pulların payı təxminən 60% təşkil edir. Bəzi cinayət növlərində (məsələn, narkotik ticarəti) bu göstərici 80% də ola bilir. Bu məbləğin isə əsas hissəsini asanlıqla daşına bilən iri nominallı banknotlar təşkil edir.
Harvard universiteti nəzdində Con Kennedi adına dövlət məktəbinin ekspert qrupu bu fikrə gəlmişdir. Araşdırmanın müəllifi isə Britaniyanın Standard Chartered bankının keçmiş icraçı direktoru olan Piter Sends idi. Hesabat müəllifləri qeyd edirlər ki, dünya üzrə maliyyə cinayətlərinin dövriyyəsi 2 trilyon dollardan çoxdur ki, bu məbləğin də yalnızca 1%-i dövlətlər tərəfindən aşkar və müsadirə edilir.
Qanuni dövriyyədə isə böyük nominallı banknotlar az əhəmiyyətə sahibdir. Məsələn, ABŞ-da 100 dollardan artıq nağd ödənişlər ümumi ödəniş göstəricisinin cəmi 1%-ni təşkil edir. Sends “çirkli pullar” probleminə dünyanın aparıcı ölkələrində böyük nominallı banknotların qadağan edilməsi ilə yanaşmağı məsləhət görür. Bu banknotların dövriyyədən çıxarılması dövlətlərin maliyyəsinə az zərər vursa da, kölgə iqtisadiyyatına əhəmiyyətli zərbədir.
Sends €500, $100, £50 və 1000 isveçrə frankını dövriyyədən çıxarmağı məsləhət görür. Qeyd edək ki, bir çox avropalılar €500 banknotu nadir olduğuna və cinayətkar biznesdə tutduğu rola görə “Ben Laden” adlandırılar.
100 dollarlıq amerikan banknotları isə ümumi nağd dövriyyəsinin 78%-ni təşkil edir və 1 trilyon dollara yaxındır. Belə banknotlar ABŞ-ın özündə çox da geniş yayılmayıb. Boston Federal ehtiyat bankının keçən il həyata keçirdiyi sorğuya əsasən, amerikalıların cəmi 5,2%-i öz pulqabında belə banknot saxlayır . Sends-in fikrincə yerdə qalan məbləğ ya ABŞ sərhədlərindən xaricdə dövriyyədə iştirak edir, ya da qanunsuz fəaliyyətlər üçün istifadə olunur. Müxtəlif qiymətləndirilmələrə görə, FES tərəfindən buraxılmış nağd valyutanın 25%-dən 70%-ə qədəri ABŞ sərhədlərindən kənarda dövriyyə edilir.
Araşdırma müəlliflərinin etiraf etdiyinə əsasən, böyük nominallı banknotların neçə faizinin cinayətkarlar tərəfindən istifadə olunduğu haqqında dəqiq məlumatlar mövcud deyil. Sends misal olaraq, Mexikoda 2007-ci ildə 100 dollarlıq banknotlardan ibarət olan 206 milyon dolların müsadirə edilməsini xatırlatmışdır.
Avstriyanın Linç universitetinin eksperti Fridrix Şnayderin hesablamalarına görə, 2003-cü ildən 2009-cu ilə qədər İƏİT-in 38 ölkəsində qanunsuz tranzaksiyaların həcmi ildə 366 milyard dollar təşkil etmişdir. Bu neft, narkotik və hətta insan alverinə şamil edilirdi.
Harvard ekspertlərinin təklifi nağd ödənişlərə nəzarət səviyyəsinin gücləndirilməsini özündə əks etdirir. Çirkli pulların yuyulmasına qarşı maliyyə tədbirlərinin yaradılması üzrə dövlətlərarası qrup da həmçinin böyük nominallı pulların dövriyyədə iştirak etməsini müəyyən mənada təhlükə adlandırmışdır. Bir çox ölkələr müəyyən vaxtlarda bu istiqamətdə tədbirlər görməyə cəhd etmişlər. Belə ki, fevral ayının əvvəlində alman Frankfurter Allgemeine Zeitung bildirdi ki, Almaniya Maliyyə nazirliyi 5 min dollardan artıq olan nağd ödənişlər üçün qadağanın təyin edilməsi üzərində işləyir. Noyabr ayında isə İsveçrənin təsdiq etdiyi yeni qanunvericiliyə görə, 100 min frankdan artıq alış-veriş edən şəxs çirkli pulların yuyulmasına qarşı mübarizə tədbiri çərçivəsində satıcıya öz şəxsi məlumatlarını təqdim etməlidir. Bununla yanaşı, qrupun məsləhətinə böyük nominallı banknotların dövriyyədən çıxarılması məsələsi daxil deyildi.
1969-cu ildə $500, $1000, $5000, $10 min nominallı banknotlar kifayət qədər istifadə olunmadığı səbəbindən dövriyyədən geri götürülmüşdü. 2000-ci ildə isə 1000 Kanada dolları öz dövriyyəsini başa vurdu. Bu zaman ölkə rəhbərliyi bu banknotun əsas olaraq cinayətkarlar tərəfindən istifadə olunduğu qənaətinə gəlmişdilər. Böyük Britaniyada isə 2010-cu ildən başlayaraq €500-luq banknot mübadilə üçün qəbul edilmir. 2014-cü ilin payızından isə dünyanın ən bahalı banknotu olan 10 min Sinqapur dolları dövriyyədən çıxarıldı.
Qeyd edək ki, 2013-cü ildə Avropa hakim qüvvələri 500 avroluq banknotun dövriyyədən çıxarılmasının mümkünlüyünü şərh etmişdilər. O zaman bu banknotun da qanunsuz məqsədlər üçün istifadə olunduğu bildirilsə də, bu təşəbbüs daha sonradan inkişaf etmədi.