“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında qanunun tətbiqi ilə bağlı meydana çıxan əksər sualların bir yazıda cavablandırılmasını təmin etmək qərarına gəldiyimiz üçün bu yazını diqqətinizə çatdırırıq.
Mövzuya keçməzdən əvvəl xatırladaq ki, qanun 1997-ci il 20 may tarixlidir. Qanun hərbi qulluqçuların hərbi xidmət dövründə aldıqları xəsarət (travma, kontuziya) ilə əlaqədar sağlamlıqlarına dəymiş zərərin əvəzinin kompensasiyası ilə əlaqədar başlıca münasibətləri tənzimlədiyindən mövzu çərçivəsində başlıca məsələləri izah etməyə çalışmışıq.
Hansı sığorta şirkətinə müraciət olunmalıdır?
– Bu qanundan irəli gələn münasibətləri tənzimləyən sığorta şirkəti qismində Dövlət Sığorta Kommersiya Şirkəti çıxış edir.
Hansı şəxslər bu qanun çərçivəsində hərbi qulluqçu sayılır?
– Qanunun məqsədləri üçün hərbi qulluqçulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər.
Hərbi qulluqçular hansı məbləğ həddində sığorta olunub?
– 11 min AZN məbləğ həcmində
Hansı hadisələrə görə və hansı məbləğdə ödəniş verilir?
Hərbi qulluqçu…
a) həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə – 11 min AZN
b) həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə – 11 min AZN
c) həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) – 11 min AZN
ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda – əlilliyin dərəcəsinə görə
– I qrup əlilliyə görə — 8800 AZN
– II qrup əlilliyə görə — 6600 AZN
– III qrup əlilliyə görə — 4400 AZN
Burada diqqət yetirilməli başlıca məqam əlilliyin həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində təyin olunmasıdır. Əks təqdirdə hadisə sığorta hadisəsi hesab edilməyə bilər. Belə olduğu təqdirdə ödənişdən imtina edilir.
d) həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, digər bəndlərdə nəzərdə tutulmuş hallarla nəticələnməyən:
– ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 2750 AZN
– yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 550 AZN
Bu hadisələrin baş verməsi mütləq qaydada hərbi qulluqçunun hərbi xidmət dövründə aldığı xəsarətlərlə bağlı olmalıdır.
Ödənişi almaq üçün kim müraciət edə bilər?
– Hərbi qulluqçunun özü və ya vərəsələri
Sənədləri kim toplamalıdır?
– Sənədləri ödənişi alacaq şəxs toplayıb sığorta şirkətinə təqdim etmək öhdəliyi daşıyır.
Hansı sənədlər verilməlidir?
– Sənədlərin dəqiq siyahısı yuxarıda adıçəkilən qanunun 7-ci maddəsində təsbit olunmuşdur.
link: http://e-qanun.az/framework/3896
Ödəniş verilməsindən hansı hallarda imtina edilə bilər?
Hərbi qulluqçunun…
– ödəniş verilməsi üçün müəyyən edilmiş hadisə ilə bağlı olan qəsdən cinayət törətməsi barədə məhkəmə hökmü olması halında
– alkoqol, psixotrop maddə və digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə hərəkət etməsi halında
– qanuni sənədlər təqdim edilmədikdə
Mövzu çərçivəsində onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli fərmanı da bu şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılması üçün mütərəqqi normativ aktlardan biridir.
Həmin fərmana görə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi müəyyən edildi.
Bu ödənişi almaq üçün hansı quruma müraciət olunmalıdır?
– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
Onu da xatırladaq ki, 1997-ci il 20 may tarixli qanunu qüvvəyə minənədək həlak olmuş və ya xəsarət almış şəxslərə sığorta şirkəti tərəfindən ödənişin verilməsi barədə Konstitusiya Məhkəməsinin 28.01.2014-cü il tarixli Plenum qərarı mövcuddur. Həmin qərardan irəli gələn məsələlərin bir hissəsi artıq 2018-ci ildə adıçəkilən fərmanla təmin olunmuşdur.