5 C
Baku
Saturday, December 14, 2024

Yeni ümumdünya iqtisadi böhranının baş vermə ehtimalı varmı?

Fannie Mae və Freddie Mac. Əgər 10 il bundan əvvəl bu adları yalnız maliyyə mütəxəssisləri və ABŞ vətəndaşları tanıyırdısa, indi bu iki ad bütün dünyaya tanışdır. Nəinki tanışdır, həm də bu ad insanlarda yalnız bir assosiasiya yaradır: bu iki Amerika maliyyə-ipoteka nəhənginin adı son ümumdünya iqtisadi böhranı ilə eyniləşdirilir, çünki böhran ABŞ-da ipoteka sektorundan başlayıb, böhranın baş verməsində bu qurumlar müstəsna rol oynayıb.

Bu məsələyə hələ qayıdacağıq. Beləliklə, ABŞ Yaşayış maliyyələşdirilməsi üzrə Federal Agentliyi Fannie Mae və Freddie Mac üzrə növbəti stress-testləri keçirib və bu testlərin nəticəsi ürəkaçan deyil. Belə ki, testlər göstərib ki, iqtisadiyyatda problemlər yarandığı halda bu qurumlara nə az, nə çox, düz 100 mlrd. dollar həcmində maliyyə yardımı tələb olunacaq. Əks halda bu qurumların maliyyə vəziyyətin pisləşməsi iqtisadiyyata mənfi təsir edəcək. Əlavə edək ki, “mənfi təsir edəcək” sözləri – çox və çox yumşaq bir ifadədir, çünki son maliyyə vəziyyətinin pisləşməsinin “mənfi təsiri” dünyada iqtisadi böhranla nəticələnib. Bəlkə məhz buna görə də bu iki nəhəng qurumun vəziyyəti ABŞ-ın maliyyə tənzimləyicilərinin daimi diqqət mərkəzindədir. Federal Ehtiyat Sistemi (FED) və Depozitlərin sığortalanması üzrə Federal Korporasiyası daimi iri maliyyə təşkilatları üzrə stress-testlər keçirir. Bu, 2010-cu ildə qəbul olunmuş və məhz belə stress-testlərin keçirilməsini tələb edən Dodd-Frank adlanan qanunla nəzərdə tutulur. Amma özəlliklə bu qurumlara diqqət olduqca böyükdür. Bu iki qurum üzrə hər il keçirilən stress-testlər nəticəsində maliyyə tənzimləyiciləri müəyyən qərar qəbul edir və vəziyyəti nəzarət altında saxlamağa çalışır.

İndiki testlər nə göstərib? Müəyyən ssenarilər “işlənib” və ssenarilərdən asılı olaraq bu təşkilatların itkiləri 34,8 mlrd. dollardan 99,6 mlrd. dollara qədər dəyişə bilər. Əlbəttə ki, bütün ssenarilər neqativdir və proseslər ən pis ssenari üzrə getsə, itkilər, dediyimiz kimi, 100 mlrd. dollara yaxın olacaq. Bu itkilərin kompensasiyası üçün dövlət tərəfindən əlavə maliyyələşdirmə tələb olunacaq.

Hazırda Fannie Mae və Freddie Mac öz mənfəətini Xəzinədarlığa köçürür, çünki böhrandan sonra bu qurumların xilası üzrə tədbirlər planına əsasən hər iki qurum tam olaraq dövlət nəzarətinə keçib. Bu ipoteka agentlikləri onsuz da dövlət təşkilatlarıdır, amma indi öz sərbəstliyini tam itiriblər. Onlara yalnız 600 mlrd. dollar həcmində kapital ehtiyatı saxlamağa icazə verilir, lakin stress-testlərin nəticələrinə görə, bu vəsait neqativ ssenarilər nəticəsində itiriləcək. Qeyd edək ki, ən neqativ ssenari 6,5%-lik ÜDM-in azalmasını, işsizlik səviyyəsinin 10%-ə qalxmasını, daşınmaz əmlak qiymətlərinin 25%-lik enməsini və bəzi digər mənfi göstəriciləri nəzərdə tutur.

Xatırladaq ki, bu agentliklər tam dövlət nəzarətinə 2008-ci ildə keçib. İpoteka böhranı faktiki olaraq 2006-cı ildən başlanmışdır, çünki o zaman əvvəlki dövrdə yaşayış daşınmaz əmlaka qiymətlərin sürətlə artması dayanıb və qiymətlər daha da sürətlə düşməyə başlayıb. Eyni zamanda ipoteka kreditləri üzrə faiz dərəcələri artmağa başlayıb ki, bu da borcalanların borc yükünü, problemli kreditlərinin həcm və sayını artırıb. Nəticədə, kreditləri verən Fannie Mae və Freddie Mac agentliklərinin problemləri yaranıb. Ümumilikdə, sahədə durğunluq yaranıb, çünki bir tərəfdən ipoteka kreditləri üzrə öhdəliklərin yerinə yetirilməsində ciddi problemlər var idi, indi isə yenidən maliyyələşdirmə tam olaraq dayanıb, sahədə fərdi investorların fəaliyyəti tədricən sıfıra enib, ipoteka qiymətli kağızlar üzrə tələbat da kəskin azalıb. “Domino” effekti nəticəsində bu vəziyyət tədricən maliyyə sektorunun digər sahələrinə keçib ki, bu da sonradan real sektora keçərək, iqtisadi geriləməyə səbəb olub. Faktiki olaraq, böhranın əsas səbəbi ipoteka sahəsində, ipoteka kreditlərində və ipoteka qiymətli kağızlar sahəsində “maliyyə köpüyünün” partlaması olub. İpoteka qiymətli kağızlar üzrə sekyuritizasiya kommersiya bankları tərəfindən aparılırdı ki, nəticəsində bu banklarda da problemlər üzə çıxıb. Real daşınmaz sektorunda qiymətlərin aşağı düşməsi nəticəsində qiymətli kağızlarda əks olunmuş daşınmaz əmlakın məcmu qiyməti həmin qiymətli kağızların məcmu kapitallaşmasından aşağı düşüb. Bu iqtisadi natarazlıq böhranın yaradılmasında müstəsna rolunu oynayıb. Ümumilikdə, 2002-2004-cü illərdə ipoteka kreditləşmə və ipoteka qiymətli kağızlar sahəsi ilə əlaqəli olan maliyyə qurumların sayı o dərəcədə artıb ki, yaradılmış problemlər dərhal onlara mənfi təsir edib.

Yuxarıda qeyd olunan “domino effekti” barədə bir qədər ətraflı danışaq. Belə ki, daşınmaz əmlak üçün zəncir: “köpüyün yaradılması” (yəni lazımı olan səviyyədən artıq maliyyələşmə) – bazarda evlərin sayının həddən artıq artması – evlərin qiymətlərin aşağı düşməsi – bazarda durğunluğun yaradılması – yenidən maliyyələşmənin dayandırılması – bazarda likvidliyin düşməsi – kreditlər və qiymətli kağızlar üzrə ödəməmə hallarının sayının kəskin artması – tikinti tempinin azalması, ev təsərrüfatları tərəfindən tələbatın kəskin düşməsi. Sonradan bütün bunlar maliyyə bazarlarına və real sektora keçib: bazara investisiya axını və investorlar tərəfindən marağın azalması – ipoteka bankları və agentliklərin itkiləri – kapitallaşmanın azalması və bankların müflisləşməsi – bankların digər sahələri kreditləşdirə bilməməsi – real sektora investisiyaların azalması, qiymətli kağızlar bazarında enmə tendensiyalar və bunun nəticəsində ev təsərrüfatlarının gəlirlərinin daha da azalması. Faktiki olaraq, ipoteka böhranı nəticəsində bank böhranı yaranıb ki, bu, sonradan real sektora və tələbatın maliyyələşməsinə keçib. Bu, təbiidir: əgər banklarda problemlər varsa, onlar nə istehsalı və ya ticarət sahəsini, nə də istehlakı maliyyələşdirə bilmir ki, ümumi nəticəsində iqtisadi geriləmə yaranır. İqtisadi qloballaşma nəticəsində, bankların qarşılıqlı öhdəliklərinin, müxbir münasibətlərinin və digər amillərin təsiri nəticəsində böhran ABŞ-dan bütün dünyaya yayılıb.

Keçirilmiş stress-testlər ikili yanaşmaya imkan verir. Yəni, bir tərəfdən, 100 mlrd. dollar ABŞ hökuməti üçün faciəvi bir vəsait deyil ki, təhlükəli olsun. Xüsusən də o baxımından ki, testlər nəticəsində bir müsbət amil var: agentliklərin xilası üçün tələb oluna biləcək hipotetik vəsait həcmi ilbəil azalır. Belə ki, 2015-ci ildə keçirilən testlər nəticəsində bu həcm 157,3 mlrd. dollar, ötən ildə 126 mlrd. dollar olmuşdu, bu il isə, dediyimiz kimi, 100 mlrd. dollara yaxındır. Lazım gəlsə, Xəzinədrlıq bu vəsaiti ayıracaq. Fannie Mae və Freddie Mac agentliklərinin indiki vəziyyəti, kapitallaşmanın lazımı səviyyədə olmaması, iqtisadiyyatda mənfi tendensiyalar yaratdığı halda yenidən böhran vəziyyətinə düşməsi onu göstərir ki, ABŞ-ın ipoteka sahəsində, o cümlədən, ipoteka qiymətli kağızları sahəsində vəziyyət hələ də qeyri-müəyyən, qeyri-stabil, təhlükəlidir. Söhbət ayrıla biləcək 100 mlrd. dollardan getmir, stress-testlər problemləri göstərərək, onu əks etdirir ki, əgər ipoteka agentlikləri yenidən böhran vəziyyətinə düşsə, dövlət yardımından əvvəl əlaqəli maliyyə qurumları yenidən zəncirvarı problemlərlə üzləşə bilər. Və, necə deyərlər, ardınca 2008-ci ilin ssenarisinə uyğun olaraq…

Yeganə ümidverici amil stress-testlərin keçirilməsi faktının özündədir. Yəni, onlar göstərir ki, ipoteka agentliklər tənzimləyicilərin xüsusi diqqət mərkəzindədir və bu ümid verir ki, 2008-ci ilin hadisələri təkrarlanmayacaq və belə şərait yaradılsa, dövlətin müdaxiləsi daha çevik, genişmiqyaslı və təsiredici olacaq. Halbuki hətta ABŞ-ın maliyyə tənzimləyici orqanları 2008-ci ildə dünya maliyyə və iqtisadi böhranın yaradıcısı olan qurumlarda hələ də problemlərin olduğunu etiraf edir, bu isə narahatlıq doğurmaya bilməz…


©Vahab Rzayev, APA Analitik Mərkəzi

Son xəbərlər
Digər xəbərlər