2016-cı ildə Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sığorta haqlarının nağdsız ödənilməsi barədə qərar qəbul edilib. Nağdsız hesablaşmaların stimullaşdırılması istiqamətində səhmdarları tanınmış beynəlxalq maliyyə institutları olan AXA MBASK Sığorta Şirkəti və “Ziraat Bank Azərbaycan” ASC proseslərin avtomatlaşdırılması sahəsində əməkdaşlıq etməyə başlayıblar.
Belə ki, sığorta ödənişlərinin AXA MBASK tərəfindən toplu halda ödənilə bilməsi üçün “Ziraat Bank Azərbaycan” tərəfindən yeni həll yolu hazırlanıb. Yeniliyin tətbiqi üçün şirkətlərin sistemləri inteqrasiya edilib. Ödənişlər elektron imzayla imzalanaraq bankın sisteminə toplu halda ötürülür və AXA MBASK şirkətindən daxil olan “Toplu Ödəniş” təlimatı ilə təqdim olunmuş ödəniş onlayn rejimdə “Ziraat Bank Azərbaycan” tərəfindən icra olunur. Təqdim olunmuş rekvizitlər üzrə sığorta ödənişləri müştəri sayından asılı olmayaraq toplu şəkildə həyata keçirilir.